“Müharibə qaçılmazdır” – İran ətrafındakı gərginlik böyüyür

19-06-2019, 16:54           
“Müharibə qaçılmazdır” – İran ətrafındakı gərginlik böyüyür
“İran ətrafında cərəyan edən proseslər hər keçən gün öz ciddiyyətini artırır. Qənaətimə görə, ABŞ və İran Yaxın Şərqdə vəkalət müharibəsi aparır və burada əsas aktorlardan biri də İsraildir”.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Vaşinqtonun İrana qarşı iqtisadi savaşı bu ölkədə ciddi sosial-iqtisadi problemlərə yol açır:

“Bu təzyiqlər sosial partlayış mərhələsinə keçməsə də, ölkədə ciddi etirazların formalaşmasına zəmin yaradır. Buna adekvat olaraq, ABŞ Fars körfəzinə ZRK, təyyarə daşıyan gəmilər, əlavə zərbə qüvvələri göndərir. Körfəz ölkələrini, başda Səudiyyə Ərəbistanı olmaqla Tehrana qarşı hərbi səfərbərliyə cəlb edir, bu müharibə qaçılmaz ola bilər.

İran həqiqətən regionda aqressiv siyasət həyata keçirir. Bu, özünümüdafiə instinkti kimi xarakterizə edilsə də, əslində Tehran rejimi regionda öz dini-siyasi ideologiyasına uyğun rejimləri hakimiyyətə gətirmək istəyir. Bu istiqamətdə siyasi və hərbi siyasətini genişləndirir.

Bunu dəstək verdiyi silahlı təşkilatlar vasitəsilə həyata keçirməyə cəhd edir. Bu məqsədlə də, İraqda Həşdi Şabiyə, Livanda Hizbullaha, Suriyada Qüds Briqadasına bağlı qruplara, Yəməndə husilərə, Əfqanıstanda isə Talibana ciddi siyasi və logistik dəstək verir. Bu terror təşkilatları İranın regiondakı nüfuzunun genişlənməsi üçün döyüşürlər”.



Məhəmməd Əsədullazadə bildirib ki, İran İraq, Suriya və Yəməndəki savaşlarda birbaşa iştirak edərək regionda qeyri-stabil situasiya yaradır:

“Buna görə də, ABŞ-ın İrana qarşı təzyiqləri və zərbə cəhdləri zərurətə çevrilib. Mütləq şəkildə İranın davranışlarının qarşısı alınmalıdır. Əgər alınmasa, bu, Azərbaycanın da yerləşdiyi regiona təhlükə vəd edir. İran ərəb ölkələrini təhdid edirsə, Azərbaycana qarşı da təhlükəli gedişlər edə bilər. Hesab edirəm ki, Fars körfəzində mümkün müharibə başlayarsa, Türkiyə öz hərbi kontingentini Azərbaycanda yerləşdirsə yaxşı olardı. Çünki İrandakı dini-siyasi rejimin hansı addım atacağı qeyri-müəyyəndir”. (teleqraf.com)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.