Qarabağa "sülhməramlı qüvvələr" GƏTİRİLİRMİ? - TƏHLİL

16-07-2019, 12:17           
Qarabağa "sülhməramlı qüvvələr" GƏTİRİLİRMİ? - TƏHLİL
Qarabağ danışıqlarında növbəti taym-aut müşahidə olunur. Bu arada erməni təxribatlarına müəyyən fasilə verilsə də, təmas xəttində hər an növbəti gərginliyin baş verə biləcəyi şübhə doğurmur.

Bu il ərzində Paris, Moskva və Vaşinqtonun ev sahibliyi ilə hər üç həmsədr Qarabağ danışıqlarına moderatorluq etdi. Lakin hələlik danışıqlarda prinsipial razılaşmanın əldə olunduğunu demək mümkün deyil. Hətta humanitar sahədə əməkdaşlıq etmək də mümkün olmayıb. Belə ki, Ermənistan əsir və girovların “Hamını hamıya” prinsipi ilə dəyişdirilməsinə qarşıdır. Son zamanlar vaxtaşırı belə xəbərlər dolaşır ki, həmsədr ölkələr bölgədə sülhməramlı qüvvələrin yerləşdirilməsi üçün planlar hazırlayır. Bir sıra hallarda bu üç dövlətin həmin planla bağlı yarışdığı iddia olunur. Hesab olunur ki, İran ətrafında kritik vəziyyətin yaranması şəraitində aparıcı güclər bu ölkə ilə həmsərhəd rayonlardan erməni işğalçılarını çıxartmaqla öz qüvvələrini həmin əraziyə gətirmək istəyirlər. Bu mənada sülhməramlıların yerləşdirilməsini təhlükəli sayanlar da kifayət qədərdir. Hesab olunur ki, bir neçə rayonun qaytarılması hesabına sülhməramlı qüvvələrin bölgəyə yerləşdirilməsi Azərbaycanın işğaldakı digər ərazilərini qaytarmasını əngəlləyəcək faktora çevrilə bilər.

Yeri gəlmişkən, Qarabağ Komitəsi iyulun 23-də-Ağdam rayonunun işğalı günündə mitinq keçirmək qərarına gəlib. Mitinq müzakirələrinin sonunda “Azərbaycan ərazisinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə dair Qarabağ Komitəsinin mövqeyi haqqında” sənəd qəbul edilib. Sənəddə deyilir ki, Qarabağ Komitəsi mövcud hərbi-siyasi status-kvonun saxlandığı şəraitdə Azərbaycan ərazisində hər hansı tərkibdə və statusda sülhməramlı qüvvələrin yerləşdirilməsini və bu sahədə sənədlər imzalanmasını defakto işğalın deyure tanınması olduğuna görə yolverilməz hesab edir. Sənəddə həmçinin bildirilir ki, Qarabağ Komitəsi hesab edir ki, işğalçı Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən tamamilə çıxarıldıqdan, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra Azərbaycan dövləti və onun orqanları Azərbaycanda yaşayan dinc erməni əsilli Azərbaycan vətəndaşlarının həyat və sağlamlıqlarının təhlükəsizliyinə, habelə Azərbaycan Konstitusiyasında, beynəlxalq hüquqda vətəndaş üçün təsbit olunmuş bütün hüquq və azadlıqlara, milli hüquq və azadlıqlara təminat verə, yerinə yetirmək əzmindədirlər. Ona görə də bunun üçün xarici sülhməramlı qüvvələrə ehtiyac yoxdur.

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, hazırkı durumda sülhməramlı qüvvələrin yerləşdirilməsindən söhbət belə gedə bilməz: “Fikir versəniz, görərsiniz ki, son vaxtlar heç sülhməramlılar olmadan da atəşkəsə riayət olunur. Təbii ki, bunun kimə xeyir edib-etməməsi artıq başqa məsələdir. Sülhməramlı məsələsi də ABŞ-da keçən görüşdən sonra meydana çıxıb. Əgər Madrid prinsiplərinə uyğun olaraq işğal edilən ərazilərdən işğalçı qoşunlar çıxarsa, digər addımlar atıla bilər. Azərbaycan heç cür razı ola bilməz ki, qoşunların təmas xəttində, yəni Azərbaycan ərazilərində sülhməramlı qüvvələr olsun. Həmin qüvvələrin olması belə BMT və ATƏT-lə razılaşdırılmalıdır və marağı olmayan dövlətlərin nümayəndələrindən təşkil edilə bilməz. Təbii ki, buraya Rusiya, Fransa, ABŞ da daxildir”. Türkiyəyə gəldikdə, A.Nağıyev dedi ki, onların burada olmasını Ermənistan tərəfi qəti şəkildə qəbul etməz: “Bundan başqa, son vaxtlar qondarma ”DQR"i tərəf kimi gündəmə gətirməyə çalışan Ermənistan sülhməramlı məsələsini də Ermənistan XİN-in rəhbəri Mnatsakanyanın Bako Saakyan və Masis Mailyan ilə görüşündən sonra daha da aktiv şəkildə təbliğ edir". Politoloq təsdiqlədi ki, İran-ABŞ arasındakı gərginlik də bu prosesə təsir edən amillərdəndir: “İran düşünür ki, sülhməramlılar adı altında NATO qoşunları onun sərhədinə yaxınlaşa bilər və buna təbii ki, imkan verməməyə çalışacaq və bu münaqişənin gərginliyi region dövlətlərinə də gərək deyil. Digər neytral dövlətlərin isə hansı kriteriyalar üzrə seçilməsi çox çətin məsələdir. Hətta seçilsə belə, onların işinin tək sülhməramlılıq olacağı böyük sual altındadır. Deməli, ölklərin seçimi də elə aparılmalıdır ki, regional aktyorlar və iştirakçı dövlətlər bundan ancaq faydalansınlar. Bir sözlə, bu məsələ yaxın gələcəyin işi deyil və buna qədər görüləcək işlər həddən artıq çox və çətindir”.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı isə bildirdi ki, Dağlıq Qarabağda sülh danışıqları bir nəticə verəcəyi təqdirdə buraya sülhməramlı qüvvələrin yerləşdirilməsi şərt olaraq qoyulub: “Minsk Qrupunun təklif etdiyi Madrid prinsiplərində də bu var. Amerika ilə Rusiya arasında uzun illər rəqabət də bunun üstündə olub. Hansı qüvvələr? Rusiyanın təklif etdiyi və ona bağlı qüvvələrmi, yoxsa beynəlxalq güclərmi? Son vaxtlar bu mövzunun gündəmə gətirilməsi göstərir ki, hər iki supergüc bu məsələdə anlaşıb”. Q.Çaxmaqlı qeyd etdi ki, sülhməramlılar təkcə Rusiyaya aid olmayacaq: “Amerika Konqresində son ermənipərəst qərar da - münaqişənin yalnız sülh yolu ilə həll edilməsi ilə bağlı - göstərir ki, bu güclər Azərbaycana öz ərazilərini hərbi yolla azad etmək imkanı verməyəcəklər”. Ekspert dedi ki, İran ətrafındakı olayların bu məsələlərə müsbət təsir edəcəyi ilə bağlı səslənən fikirlərə də yer qalmayacaq: “Biz sülhməramlıların burada yerləşdirilməsi məsələsini nəzarətdən çıxarmışıq. Artıq bu məsələni də başqa ölkələr həll edir. Kimin sülhməramlı qüvvələri bizə sərf edir məsələsinə gəlincə, onların heç biri Azərbaycanın maraqlarına xidmət etməyəcək. Dağlıq Qarabağı bu proseslər bizdən daha da uzaqlaşdıracaq. Bu məsələdə mən Türkiyənin aktiv rol almasını arzulayardım. Ermənistan Türkiyə sülhməramlılarının buraya gəlməsinə əvvəldən qarşı çıxır. Amma şərt olaraq biz də onu irəli sürə bilərik ki, beynəlxalq güclərin tərkibində Türk ordusu da olsun”.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.