Azərbaycanlı oliqarxın “yol xəritəsi” - "Milyarderlər ittifaqı" qayıdır?

12-12-2019, 11:46           
Azərbaycanlı oliqarxın “yol xəritəsi” - "Milyarderlər ittifaqı" qayıdır?
2013-cü ildə azərbaycanlı oliqarxların şərti adı “Milyarderlər ittifaqı” olan qurumda birləşməsi, onlara “liderliyi” baş nazirin keçmiş müavini Abbas Abbasovun etməsi çoxlarının yadındadır. Bu təşkilat Moskvanın layihəsi və prezident seçkiləri ərəfəsində Azərbaycan hakimiyyətinə qarşı təzyiq kimi qiymətləndirilirdi.

Bu oliqarxlara yaxın olan kinorejissor Rüstəm İbrahimbəyovun Milli Şura təsis etməsi və müxalifətin çiyinlərində prezidentliyə namizədliyi elan olunması məhz “Milyarderlər ittifaqı”nın layihəsi hesab edilirdi.

Azərbaycanda keçiriləcək 9 fevral növbədənkənar parlament seçkiləri ərəfəsində yenidən bəzi siqnallar gəlməkdədir. Belə ki, uzun illər Rusiyada yaşamış keçmiş senator, azərbaycanlı biznesmen Fərhad Əhmədov Azərbaycanda siyasi sistemin necə qurulması, seçkilərin hansı şəkildə keçirilməsi, habelə hakimiyyət və müxalifəti üçün “yol xəritəsi” kimi təqdim etdiyi fikirlərini açıqlayıb.

Azərbaycanlı milyarderin bu açıqlaması istər siyasi dairələrdə, istərsə də cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəzi müşahidəçilər Fərhad Əhmədovun indiki məqamda siyasi meydana giriş etməsi və “yol xəritəsi” tipində fikirlərini açıqlamasını Rusiyanın tapşırığı ilə izah edirlər. Habelə yaxın gələcəkdə, ölkəmizdə Rusiyanın maraqlarını müdafiə edəcək siyasi partiyanın meydana çıxacağı kimi qiymətləndirirlər.

Hətta bir qədər irəli gedib, Əhmədovun yaxın gələcək üçün siyasi arenaya qədəm qoyacağını iddia edənlər də var. Milyarder hesab edir ki, müstəqil namizədlər gələcək əsl “konstruktiv müxalifətin” özəyini təşkil edə bilər.

Hətta milyarder bir qədər də uzağa gedərək hakim YAP-ı SSRİ Kommunist Partiyasına bənzədərək, bu təşkilatda da dəyişikliklərin zəruri olduğunu bildirir.

Fərəc Quliyev: “Azərbaycan tərəfi ayıq-sayıq olmalıdır”

Deputat Fərəc Quliyevin “Yeni Müsavat”a dediyinə görə, 2013-cü ildə Milli Şura Rusiyada Cərrahiyyə İnstitutunun akt zalında Dumanın indiki spikeri Volodin tərəfindən yaradılmışdı. Onun fikrincə, məqsəd ölkəni qarışdırmaq idi: “Biz o vaxt da demişdik ki, ölkənin milli demokratik düşərgəsi ilə başqa dövlətlərin əlində maşa olanları qarışdırmayın”.

F.Quliyev hesab edir ki, belə adamları Rusiya xüsusi xidmət orqanları fəallaşdırırlar: “Hansı təxribat cəhdləri ola bilər. Amma Azərbaycan dövlətinin gücü var və cəmiyyət tərəfindən də onlar qəbul olunmurlar”.

Deputat Rusiya-Azərbaycan əlaqələrinin heç vaxt olmadığı qədər yüksək səviyyəli dövrünü yaşadığı fikrini bölüşür, lakin Azərbaycanın taleyüklü məsələlərinin hələ də həll olunmadığını qeyd edir: “Rusiya Ermənistanın arxasından çəkilməli və Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması üçün haqlı olaraq hərbi müdaxiləsinə qarışmamalıdır.

Biz Ermənistan istisna, digər qonşularla sıfır problemli münasibətlər qurmuşuq. Sadəcə, Rusiyada sabit, mərkəzləşmiş sistem yoxdur. Ona görə Rusiya dövlətinin siyasəti olmasa da, hakimiyyətin bir qolunun təsiri mümkündür. Bütün hallarda, Azərbaycan tərəfi ayıq-sayıq olmalı və Rusiya rəsmi strukturları ilə danışmalıdır".

Hikmət Hacızadə: “Allah xətadan-bəladan uzaq eləsin”

Bu mövzuda politoloq Hikmət Hacızadə facebookda status yazıb. H.Hacızadə qeyd edib ki, milyarderlər də oyanıb dillənirlər: “Allah xətadan-bəladan uzaq eləsin”.

O, “Yeni Müsavat”a bildirdi ki, bu proses başqa fenomendir və 2013-cü ildə Moskvadakı oliqarxların təşkilatlanmasından fərqlənir. Onun sözlərinə görə, Rusiyada azərbaycanlı milyarderlər indi öz qrupunu yaratmağa başlayıblar və bu fərdi təşəbbüsə oxşayır. H.Hacızadə Moskvanın F.Əhmədov kimi adamların aktivləşməsində barmağının olmasına inanmır. “Rusiya heç vaxt Azərbaycanda demokratikləşmə haqda danışmaz. Bu, 2013-dəki ”Milyarderlər ittifaqı" da deyil. Mən prosesin gedişində görürəm ki, cəmiyyətin varlısı da, kasıbı da dəyişiklik istəyir. Hətta oliqarxı da istəyir ki, pozitiv nələrsə olsun. Bəlkə də məramı, arzusu xoşdur. Ancaq onun düşüncəsi demokratik deyil. Məsələn, deyir ki, qisascıl müxalifət aşağı təbəqələrdə populyardır. Nə deməkdir ki, bu? Yəni biz aşağıyıq, onlar yuxarıdırlar, pulları çoxdur, bahalı həyat yaşayırlar. Qisascı müxalifətin mənası nədir? Müxalifət haqsızlıq olanda etirazını bildirirsə, buna qisas almaq demək olmaz. Əgər hakimiyyətdən qorxub belə yazıbsa, çox pisdir, ürəyindən belə yazmaq gəlibsə, onda daha qorxuncdur. Demokratiya haqda düşünən adam belə deməməlidir"-deyə, politoloq bildirib.

Qabil Hüseynli: “Gələcəkdə Fərhad Əhmədov daha fəal siyasətə qoşulsa, təəccüblənmərik”

“O özünü siyasətin içində hiss edir və siyasi ambisiyalarını yavaş-yavaş üzə çıxarmağa başlayıb. Gələcəkdə Fərhad Əhmədov daha fəal siyasətə qoşulsa, biz təəccüblənmərik”. Bu sözləri pia.az-a politoloq Qabil Hüseynli rusiyalı milyarderin çıxışını şərh edərkən qeyd edib. Ekspert deyib ki, oliqarxlar gec-tez siyasətə müdaxilə edirlər: “Xatırladım ki, bir ay bundan əvvəl Fərhad Əhmədovun Azərbaycanda gurultulu tədbir keçirməsi və həmin tədbirə xeyli adamı toplaması onu göstərirdi ki, bu adam artıq siyasi proseslərlə maraqlanmağa başlayıb. Həm də bu addım ondan xəbər verirdi ki, Fərhad Əhmədov siyasətə qədəm qoymaq fikrinə düşüb”.
“Yeni Müsavat”шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.