Paşinyan hərbi itkiləri açıqlasa, onu heç erməni keşişin “dua”ları da xilas etməz

15-07-2020, 20:00           
Paşinyan hərbi itkiləri açıqlasa, onu heç erməni keşişin “dua”ları da xilas etməz
Paşinyan hərbi itkiləri açıqlasa,
Çox böyük bir səhv etdilər. Bacarmayacaqları işə girişdilər. Bir plan qurdular, yəqin ki, hədəfləri də var idi. Ancaq planları pozuldu, hədəfləri də boşa çıxdı. İstədiklərinə nail ola bilmədilər.

Yəqin ki, Nikol Paşinyan və yaxın ətrafı Azərbaycanı hərbi təxribata çəkərkən rəsmi Bakının dərhal beynəlxalq ictimaiyyəti köməyə çağıraraq, hay-küy salacağını düşünürdülər. Hesab edirdilər ki, buna nail olsalar, ölkədaxilində özlərini təbliğ edə, Ermənistan cəmiyyətində dayaqlarını möhkəmlədirə biləcəklər. Hakimiyyətə qarşı narazılıqları müvəqqəti də olsa, arxa plana keçirməyə nail olacaqlar.

Ancaq gözlədikləri, ümid bəslədikləri kimi olmadı. Əksinə, bunun tam tərsi baş verdi. Azərbaycana ilk zərbə endirilən andan rəsmi Bakı ordunu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirdi. Hərbi təxribata əks-zərbə ilə dərhal artıqlamasıyla cavab verildi.

Azərbaycan ordusu Ermənistana sarsıdıcı zərbələri ilə hansı qüdrətə sahib olduğunu hər kəsə göstərdi...

Yəni rəsmi Bakı doğrudan da hay-küy saldı. Ancaq bəyanatlarla deyil, məhz Azərbaycan ordusunun Ermənistana cavab zərbələriylə hər kəsin diqqətini çəkdi. Qətiyyən şikayətlənmədi, əksinə, düşmənə sarsıdıcı zərbələrlə Azərbaycan ordusunun hansı qüdrətə sahib olduğunu hər kəsə göstərdi.

Belə anlaşılır ki, bu, rəsmi İrəvan üçün hesabda olmayan reaksiya idi. Yəni erməninin “evdəki hesabı, çarşıya uyğun” gəlmədi. Ermənistan ötən əsrin 90-cı illərinin havasıyla Azərbaycana növbəti dəfə baş qaldırmağa cəhd göstərdi. Ancaq artıq 2020-ci il olduğunu unutmuşdu. Azərbaycanın və ordusunun nə qədər gücləndiyini hesablaya bilməmişdi.

Təbii ki, hesab-dəftəri unutmuş, əslindəsə, bunu heç vaxt bacarmayan, sadəcə, öz himayədarlarına güvənib, “xoruzlanan” Ermənistana zamanı xatırlamaqda Azərbaycan “kömək” etdi. Hərbi təxribatla baş qaldırmağa cəhd göstərən Ermənistanın qafasına elə bir qapaz vurdu ki, bundan sonra nə vaxtsa “xoruzlanmaq” həvəsinə düşsə, bir deyil, yüz dəfə düşünməli olacaq.

Bəli, Azərbaycanın cavab zərbəsi çox ağır və sarsıdıcı oldu. Ona görə də rəsmi İrəvan özü hay-küy saldı, himayədarlarına şikayətə qaçdı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından yardım istədi. ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşiki telefon zəngləri ilə bezdirdi. Sanki Andjey Kasprşik bunlara demişdi ki, gedin, Azərbaycana qarşı hərbi təxribat törədin...

Ermənistanın müdafiə naziri David Tonoyanın ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşiki sözün əsl mənasında, bezdirdiyi barədə məlumatlar var...

Ermənistanın müdafiə naziri David Tonoyanın ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşiki sözün əsl mənasında, bezdirdiyi barədə məlumatlar var. Hətta MN-in rəsmi təmsilçisi Şuşan Stepanyan müdafiə naziri D.Tonoyanın Andjey Kasprşik ilə sürəkli təmas halında olduğunu bildirmişdi.

İndi bu ermənidən - D.Tonoyandan soruşmaq lazımdır, “Əgər, özündə “xoruzlanmaq” cəsarəti tapıbsansa, özünə belə güvənirsənsə, Andjey Kasprşikin ətəyindən niyə belə bərk-bərk yapışıbsan? “Ordu”nu buraxıb, ATƏT-in təmsilçisindən niyə mədəd umursan?”

Bunların davranışı elə gizlicə arxadan vurub, sonra qaçıb, anasının arxasında gizlənən uşağa bənzəyir. Özü vurur, sonra da qaçıb, anasına şikayət edir...

Amma əslində qaçıb, şikayət etmələri də tamamilə başadüşüləndir. Çünki Azərbaycanın Ermənistana qapazı çox ağır olub, deyəsən... Yəqin ki, ağrısını hələ uzun müddət hiss edəcəklər...

Rəsmi İrəvan niyə Ermənistanın itkiləri barədə məlumat yaymır? Niyə əhalidən həqiqətləri gizlədir? Cidanı çuvalda nə qədər gizlədə biləcək?

Halbuki rəsmi Bakı cəbhə bölgəsində şəhid olan hər bir hərbçinin kimliyini və rütbəsini dərhal açıqladı. Xalqdan heç nə gizlətmədi. Vətəndaşlar da mütəşəkkil şəkildə toplaşdılar, öz şəhidlərini çiyinlərinə aldılar, sayğı və ehtiramla dəfn etdilər.

Bəs, rəsmi İrəvan niyə Ermənistanın itkiləri barədə məlumat yaymır? Niyə əhalidən həqiqətləri gizlədir? Cidanı çuvalda nə qədər gizlədə biləcək?

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan əvvəlcə döyüşlərdə cəmi iki erməni polisinin yaralandığını bildirmişdi. Bir müddət sonrasa, iki zabitin öldüyünü etiraf etdi və dərhal da susdu...

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan əvvəlcə döyüşlərdə cəmi iki erməni polisinin yaralandığını bildirmişdi. Bir müddət sonrasa, iki zabitin öldüyünü etiraf etdi və dərhal da susdu...

Görəsən, bunlar öz dediklərinə özləri inanırlarmı? Azərbaycan ordusunun Ermənistanın sərhəd bölgəsini cəhənnəmə çevirən dağıdıcı cavab zərbələrindən sonra cəmisi iki erməni zabit ölübmüş... Buna kimsə, inanmaz... Əksinə, buna sadəcə, gülərlər...

Əslində, elə gülürlər də... Çünki buna heç sadə ermənilər də inanmırlar. Sosial şəbəkələrdə rəsmi İrəvanı əhalini aldatmaqda suçlayırlar...

Elə həmin sosial şəbəkələrdə erməni istifadəçilər itkilərlə bağlı müxtəlif məlumatlar paylaşırlar. Bəzi məlumatlarda yüzlərlə erməni hərbçinin öldüyü, hərbi hospitalların yaralılarla dolu olduğu bildirilir.

Rəsmi İrəvanın məlumatları belə israrla gizlətməsi də əslində, Ermənistan ordusunun ağır itkilər verdiyini təsdiqləyir. Böyük ehtimalla həqiqətləri açıqlamaqdan qorxurlar. Çünki coxsaylı canlı qüvvə və hərbi texnika itkisi barədə həqiqətlər açıqlansa, Ermənistan dərhal qarışa bilər.

Ancaq Ermənistan mətbuatı həqiqətlərin açıqlanmasını tələb edir. Paşinyan hakimiyyətini reallığı gizlətməkdə suçlayır, əsgərlərin valideynlərinin nələrin baş verdiyini öyrənməyə haqqı olduğunu vurğulayır.

“Analitik.am” sayt isə birbaşa Ermənistanın Milli Təhlükəsizlik Xidmətini də tənqid hədəfinə alıb: “Azərbaycan səngərdə və internet resurslarında zərbə dalınca zərbə endirir. Bizim kəşfiyyatçılarımız isə ölkə daxilində şeytan axtarışına çıxıb”.

Sayt hətta Ermənistanın Tavuş rayonunda ermənilərin öz evlərini tərk etmək məcburiyyətində qaldığını da xatırladıb. Tavuş rayonunun Movses kənd keşişi Abel Kartaşyanın sosial şəbəkələrdə “Bizim üçün dua edin” paylaşımı isə ermənilərin narahatlığını daha da artırıb.

Yerli mətbuatın digər məlumatında isə gecə döyüşlərində ağır itkilər verən Ermənistan ordusunun sərhəd bölgəsinə əlavə qüvvələr gətirdiyi və Tavuşdakı, eləcə də ətraf rayonlardakı polis qüvvələrinin də döyüşlərə cəlb olunduğu bildirilir. Eyni zamanda, Dağlıq Qarabağda yerləşdirilmiş erməni hərbi birləşmələrindən də bəzi qüvvələrin Tavuşa aparıldığı vurğulanır.

Azərbaycan Müdafiə Nazirliyinin məhv edilən Ermənistan hərbi obyektləri barədə yaydığı videolara bir qədər diqqətlə baxsalar, rəsmi İrəvanın öz itkilərini hesablaması o qədər də çətinlik törətməzdi...

Bütün bunlar erməni mətbuatının yazdıqlarıdır. Özlərinin təsvir etdiyi bu situasiya Ermənistanın Azərbaycan ordusu qarşısında tab gətirə bilmədiyini və çoxsaylı itkilərlə üzləşdiyini bir daha təsdiqləyir. Amma nədənsə, rəsmi İrəvan hələ də Ermənistanın itkilərini görüb, hesablaya bilmir...

Halbuki Azərbaycanın Müdafiə Nazirliyinin məhv edilən Ermənistan hərbi obyektləri barədə yaydığı videolara bir qədər diqqətlə baxsalar, rəsmi İrəvanın öz itkilərini hesablaması o qədər də çətinlik törətməzdi. Yəni, Azərbaycan Ermənistanın başına yalnız qapaz vurmur, həm də rəsmi İrəvana öz itkilərini hesablamaqda da yardımçı olur...

Ancaq Paşinyan hakimiyyətinin Ermənistanı düçar etdiyi itkiləri açıqlamağa cəsarətinin çata biləcəyi hələlik qətiyyən inandırıcı görünmür. Hər halda, rəsmi İrəvan itkilərin hətta cüzi bir hissəsini açıqlayacağı təqdirdə, Ermənistanın dərhal qarışacağını anlamamış deyil. Yəqin ki, bu halda, Paşinyan hakimiyyətinə hətta erməni keşişin “dua”ları da kömək etməyə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert //musavat.com//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.