“PUTİN RUSİYA DÖVLƏTÇİLİYİNİ SIFIRLADI” – "Dövlətin çöküşü rəsmən sənədləşdirildi”

5-10-2022, 16:11           
“PUTİN RUSİYA DÖVLƏTÇİLİYİNİ SIFIRLADI” –
“O, Rusiyanı baş tutmamış, çökmüş dövlətlər kateqoriyasına daxil etdi”

“Müstəqillik, öz müqəddəratını təyin etmə məqsədilə bütün Rusiya ərazisi üzrə referendumlar baş verəcək… Çünki özünüz belə bir presedent yaratmısınız”

“Putin Sentyabrın 30-da Georgiyev zalında böyük auditoriya qarşısında Rusiya dövlətçiliyini rəsmən sıfırladı. Xeyli vaxtdır buna doğru gedilirdi. Ancaq indi dövlətin çöküşü rəsmən sənədləşdirildi. Bu, kənardan Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi kimi görünə bilər. Lakin reallıqda Putin həmin gün Putin Rusiyasının baş tutmamış, yaxud çökmüş dövlətlər kateqoriyasına daxil olmasına dair sənədlər imzaladı”.

Bunu Putin hakimiyyətinə müxalif rusiyalı milyarder Mixail Xodorkovski söyləyib.

Xodorkovski deyib ki, Ukraynanın məlum ərazilərinin Rusiyaya birləşdirilməsinə dair sənədlərin imzalanması isterikanın və Putinin bu müharibəni uduzmasının göstəricisidir.

Onun fikrincə, Putin müharibə qərarı və ondan sonrakı qərarlarıyla Rusiya dövlətçiliyinin bünövrəsini laxladıb və olduqca təhlükəli presedent yaradıb: “Putin bununla da təkcə Rusiya dövlətçiliyinin bünöbvrəsini minalamayıb, həm də partlayış düyməsini basıb. İşğal olunmuş ərazilərdə işğalçıların qanunları əsasında referendum keçirilməsi tamamilə qanunsuzdur. Məsələn, olarmı ki, Almaniyanın dəstəklədiyi Kalininqrad administrasiyası bu ərazinin Almaniyaya birləşdirilməsinə dair referendum keçirsin? Yaxud, olarmı ki, Kuril adalarının Yaponiyaya birləşdirilməsi üçün Yaponiya qanunları əsasında və Yaponiya silahlı qüvvələrinin nəzarəti altında referendum keçirilsin?

30 sentyabra qədər bunu təsəvvür etmək mümkün deyildi. Lakin Putin özü Rusiyanın ərazi bütövlüyünü şübhə altına almaq üçün hər şey etdi…

İndi belə bir presedent yaranır ki, ayrı-ayrı regionlar dövlətin özünün razılığı olmadan ondan ayrılmaq barədə referendum keçirə bilərlər. Putin BMT Nizamnaməsi əsasında xalqların öz müqəddəratını təyin etməsi hüququndan danışır. Rusiya Federasiyası ərazisində nə qədər belə xalq var? Çeçenistan, Tatarıstan, Yakutiya, Buryatiya, Uzaq Şərq regionları və sair. Elə bilirsiniz ki, onlar Putinin çıxışından özləri üçün nəticələr çıxarmadılar?

Əlbəttə ki, çıxardılar. Uyğun zaman gələn kimi, o isə müharibədəki məğlubiyyətdən sonra mütləq gələcək, müstəqillik, öz müqəddəratını təyin etmə, yaxud başqa dövlətlərə birləşmək məqsədilə bütün Rusiya ərazisi üzrə referendumlar baş verəcək. Bu zaman Rusiya dövləti ilə heç kim hesablaşmayacaq.

Çünki birincisi, özünüz belə bir presedent yaratmısınız. İkincisi, zəiflikdən istifadə etmək lazımdır. Putin isə ölkəni dəhşətli dərəcədə zəiflədib. Rusiyanın tərkibinə bir neçə region daxil edilib. Hansı ki, orada müharibə gedir və Rusiya hakimiyyəti onların böyük hissəsinə və sərhədlərinə nəzarət edə bilmir. Putin nə etdiyini anlayırdımı?

Anlayırdımı ki, Ukrayna onun hədə-qorxularından qorxmayacaq. Deməli, Ukrayna Silahlı Qüvvələri həmin ərazilərdən getməyəcək və əksinə, hücumu davam etdirəcək. 30 sentyabrda Putin Donetsk vilayətinin Rusiyaya birləşdirilməsinə dair sənəd imzaladı. Oktyabrın 1-də isə həmin vilayətin Liman şəhəri Ukrayna Ordusu tərəfindən azad edildi. Belə çıxır ki, müharibə Rusiya ərazisində gedir və onun ərazisinin bir hissəsi işğal olunub? Belə çıxır ki, Ukrayna Ordusu ilə döyüşmək üçün Rusiya öz ərazilərinə zərbə endirməlidir?...



İndi artıq sərhəd də yoxdur. Priqojin cinayətkarları, quldurları, qatilləri orduya cəlb edir və onlara silah verir, onlara 6 aydan sonra amnistiya vəd edir. Artıq Rusiya dövləti ilə bu cinayətkarlar arasında sərhəd qalmayıb. Həmin birləşdirilmiş ərazilərdəki 100 minlərlə qəddarlaşmış, kasıblaşmış, əli silahlı kişilər bundan sonra dolanışıq üçün hara gedəcəklər? Putin Ukrayna ərazilərinin birləşdirilməsi komandasını verəndə bunları anlamırdı? Anlayırdısa, deməli bunun adı vətənə xəyanətdir. Əgər anlamırdısa, deməli o, kliniki axmaqdır. Daha çox düşünürəm ki, anlayırdı…

Putin gedəcək. Artıq aydındır ki, o, sakit pensiyaçı kimi, yaxud onu sevən ailəsinin əhatəsində sakit ölümlə getməyəcək. Əgər onun gedişi anında Rusiyadan nəsə qalacaqsa, bu isə hələ heç də aydın deyil, o zaman bizim bu ölkəni yenidən qurmaqdan başqa variantımız olmayacaq… Nə vaxtsa Putin və Putinizm yalnız müxalifətçilərə və narazılara təhlükə yaradırdı. İndi isə o, qonşulara, bütün dünyaya, Rusiya xalqına, eləcə də Rusiya dövlətçiliyinin gələcək mövcudluğuna təhlükə yaradır. Deməli, təkcə Putinin özünü yox, onu yaradan və onun yaratdığı hakimiyyət sistemini demontaj etmək lazımdır. Və bir də, bütün Ukrayna torpaqları Ukraynaya qayıdacaq. Buna şübhə etmək lazım deyil”./azpolitika.info




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.