Pulsuz dərmanla təmin edilən xəstələr üçün - VACİB MƏLUMAT

2-06-2020, 12:01           
Pulsuz dərmanla təmin edilən xəstələr üçün - VACİB MƏLUMAT
8 apreldə Ədliyyə Nazirliyi tərəfindən əhaliyə məsafədən göstərilən xidmətlərin genişləndirilməsi üçün "Mobil notariat" proqramı vasitəsilə pulsuz və ya güzəştli dərman yardımı almaq hüququ olan şəxslər elektron etibarnamə vermilməsi mümkün edildi.
"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pulsuz və ya güzəştli dərman yardımı almaq hüququ olan vətəndaşlara Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda həftənin bütün günü 24 saat ərzində həmin dərmanları əldə etmək üçün evlərini tərk etmədən dövlətin sosial proqramından yararlanmaq məqsədilə digər şəxslərə real vaxt rejimində elektron etibarnamə vermək imkanı yaradıldı.
Bəs dövlət tərəfindən pulsuz dərmanla təmin edilən şəxs onun üçün hansı dərmanlardan, nə qədər ayrıldığını dəqiqliklə necə öyrənə bilər?
Qeyd edək ki, vətəndaşa pulsuz verilən dərmanlar barədə bütün məlumatlar elektron bazada yerləşdirilir və bu sistemə daxil olmaqla bütün məlumatları əldə etmək mümkündür.
Dövlət tərəfindən dərman vasitələri ilə təmin olunan xəstələr elektron sağlamlıq kartı sistemindən şəxsi məlumatları, qeydiyyatları və aldıqları dərman vasitələri barədə məlumat əldə edə bilərlər. Xidmətin hüquqi əsası "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"nin 8.27-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 iyun tarixli 143 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron sağlamlıq kartı" sisteminin tətbiqi qaydaları"nın 1.2-ci bəndi ilə tənzimlənir. Xidmət ödənişsiz həyata keçirilir.
İstifadəçi elektron xidmətin təqdim edildiyi internet səhifəsində şəxsiyyət vəsiqəsinin nömrəsini və pin kodunu daxil edərək qeydiyyatdan keçir. Qeydiyyatdan keçdikdən sonra özünə istifadəçi adı və şifrə təyin edir. Müvafiq elektron xidmətə keçdikdən sonra istifadəçi, Nazirlik tərəfindən ona təqdim edilmiş elektron sağlamlıq kartının nömrəsini və həmin kartın üzərində olan unikal kodu daxil edir. Sorğu elektron xidmətin təqdim edildiyi internet səhifəsinə daxil olduğu gün qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.
İstifadəçi göstərilən xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada Səhiyyə Nazirliyinə şikayət edə bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
Şikayət inzibati orqana verildikdə, şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətinə baxılır.
Hazırladı: Amin Nəzərli
Femida.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.