“Azərsu” və Yasamal İcra Hakimiyyəti Şəhid Bulağını niyə susuz qoyub?..-FOTO

5-06-2020, 22:47           
“Azərsu” və Yasamal İcra  Hakimiyyəti Şəhid Bulağını niyə susuz qoyub?..-FOTO
Rasim İbrahimov “Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!”, - deyərək özünü qumbara ilə partladıb...

Bakının mərkəzi məkanlarından birində yerləşən Şəhid Bulağı susuz qalıb.

Moderator.az xəbər verir ki, söhbət Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospekti, 16 ünvanında – “Space” telekanalının qarşısındakı parkda, “Araz” supermarket ilə üzbəüz yerləşən “Rasim bulağı”ndan gedir.

Əməkdaşımız Şəhid Milli Qəhrəman İbrahimov Rasim Səxavət oğlunun adını daşıyan bulaqdan suyun gəlməməsinin bu gün axşam saatlarında şahidi olub. Sakinlərin sözlərinə görə, xeyli vaxtdır bulağa su verilmir.

Günün sonu olduğu üçün əlaqədar qurumlarla əlaqə yaradıb problemin səbəbini aydınlaşdıra bilmədik.



Xatırladaq ki, bu, həmin Şəhid Bulağıdır ki, 2018-ci il 2-dən 3-ə keçən gecə Mingəçevir İES-də baş vermiş qəzanın yaratdığı problemlər ucbatından susuz qalan ətrafdakı binaların sakinlərinin dadına çatmışdı. Həmin günlər yalnız Rasim bulağından su gəlirdi… O zaman da sözügedən Şəhid bulağının ətrafının ürəkaçan vəziyyətdə olmadığını qeyd etmişdik. Lakin müvafiq qurumlar bu günədək heç bir tədbir görməyib, əksinə, daha da irəli gedərək Vətən uğrunda canını fəda etmiş qəhrəmanımızın adını daşıyan bulağın suyunu tamam kəsiblər. Görəsən, ən azı, "Space" kanalına gələn müxtəlif hökumət məmurları, hərbçilər, polislər, o cümlədən Yasamal rayon İcra Hakimiyyətinin əməkdaşları bu Şəhid Bulağının susuz qalmasını görmürlər? Yoxsa görür, amma etinasız şəkildə çıxıb gedirlər?..

Ümid edirik ki, bundan sonra Yasamal rayon İcra Hakimiyyəti, “Azərsu” və digər əlaqədar qurumlar canını Vətən uğrunda qurban vermiş Milli Qəhrəmanımızın adını daşıyan bu müqəddəs Şəhid Bulağına su verilməsinə şərait yaradacaq, abidənin ətrafını abadlaşdıracaqlar...

Məsələni nəzarətdə saxlayacağıq.

Tanıtım:

İbrahimov Rasim Səxavət oğlu - 18 aprel 1962-ci ildə Çilov adasında neftçi ailəsində anadan olub. 1969-cu ildə buradakı 131 saylı məktəbin birinci sinfinə daxil olub və səkkizinci sinfədək həmin məktəbdə təhsil alıb. 1977-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olan Rasim İbrahimov 1979-cu ilədək burada oxuyub. 1983-cü ildə Almaniyaya hərbi xidmətə göndərilib. 1988-ci ildə Bakıya dönən Rasim İbrahimov 1992-ci ildə Füzuli rayonunun cəsur oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaradıb. Bu tabor Füzuli rayonunun kəndlərini mərdliklə qoruyurdu. Rasimin taboru 1992-ci il iyunun 28-də Xocavənd rayonunun keçmiş Hadrut qəsəbəsi yaxınlığındakı Tuğ kəndi uğrunda döyüşə atılır. Onlarla erməni quldurunu məhv edən döyüşçülərimiz kömək üçün gəlməli olan digər dəstənin vaxtında yetişməməsi ucbatından mühasirəyə düşür. Cəsur komandir Rasim İbrahimov döyüşçü dostlarını xilas edərkən özü düşmən mühasirəsində qalır. Ermənilərə təslim olmayan Rasim İbrahimov “Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!”, - deyərək özünü qumbara ilə partladır...

Ailəli idi, iki övladı qalıb. Oğlu da hərbçidir. Və bu gün atasının şərəfli yolunu davam etdirir.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə İbrahimov Rasim Səxavət oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Çilov adasında abidəsi ucaldılıb və burada qəhrəmanımızın adına bağ salınıb.

Vaxtilə təhsil aldığı 131 saylı orta məktəb onun adını daşıyır.

Allah rəhmət eləsin!..шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.