Qlobal ərzaq məhsulları iyunda yenidən bahalaşıb – FAO

4-07-2020, 00:00           
Qlobal ərzaq məhsulları iyunda yenidən bahalaşıb – FAO
Bu ilin iyun ayında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksi orta hesabla 93,2 təşkil edib ki, bu da ötən aya nisbətən 2,4% çoxdur.

Bu barədə FAO-nun məlumatında deyilir.

Bildirilib ki, iyunda bitki yağları, şəkər və süd məhsullarının qiymətlərinin artması nəticəsində qlobal səviyyədə ərzaq məhsullarının qiymətləri ilin əvvəlindən bəri ilk dəfə artıb. Lakin taxıl və ət bazarlarında qiymətlər COVID-19 pandemiyasının səbəb olduğu bazar qeyri-müəyyənliyi şəraitində təzyiq altında qalıb.

FAO qlobal səviyyədə taxıl istehsalının 2020/21-ci illərdə yeni rekord səviyyəyə çatacağını və ehtiyatların kifayət qədər təmin olunacağını, ərzaq yardımına tələbatın isə artacağını gözləyir.

FAO-nun bitki yağı qiymətləri indeksi dörd ay ardıcıl olaraq düşdükdən sonra iyun ayında 11,3% artıb. Bu artım bir sıra ölkələrdə COVID-19 ilə əlaqədar karantin tədbirlərinin yumşadılmasından sonra qlobal idxal tələbatının bərpası və miqrant işçi qüvvəsinin uzun müddət çatışmazlığı səbəbindən istehsalın azalması ilə bağlı narahatlıqların azalması nəticəsində palma yağının qiymətinin kəskin artımını əks etdirir. Həmçinin, soya, günəbaxan və kolza yağı qiymətləri də artıb.

FAO şəkər qiymətləri indeksi əvvəlki aya nisbətən iyun ayında 10,6% artıb. Xam neft qiymətlərinin artması şəkər bazarlarına güclü dəstək verərək Braziliyanın şəkər fabriklərini şəkər əvəzinə etanol istehsal etmək üçün daha çox şəkər qamışından istifadə etməyə təşviq edib və bununla da şəkərin ixrac imkanlarına və qiymətlərə təsir edib.

FAO-nun süd qiymətləri indeksi may ayından bəri 4% artaraq dörd ay davamlı azalmadan sonra ilk dəfə artım göstərib. Son zamanlar qiymət artımının səbəbi Orta Şərq və Şərqi Asiya ölkələri tərəfindən idxal tələbatının bərpa edilməsi, həmçinin Avropada tələbatın mövsümi olaraq azalması və Okeaniya ərazisində sərbəst təklifin məhdud həcmdə olmasıdır.

FAO-nun taxıl qiymətləri indeksi may ayından etibarən 0,6% azalıb. İyun ayında taxıl qiymətlərinin aşağı düşməsi şimal yarımkürəsində yeni məhsulun yığılması və Qara dəniz bölgəsi də daxil olmaqla bir sıra böyük ixracatçı ölkələrdə məhsuldarlığın artması ilə əlaqədardır.

FAO-nun Ət Qiymətləri İndeksi may ayından etibarən 0,6% aşağı düşərək orta hesabla 2019-cu ilin iyun ayı göstəricilərindən 6% aşağı olub. Mal əti və quş əti qiymətlərinin kotirovkası əsas istehsal edən bölgələrdə ixrac təklifinin artması səbəbindən aşağı düşüb, donuz əti qiymətləri isə əsasən Avropada, COVID-19 ilə əlaqədar tətbiq olunan bazar məhdudiyyətlərinin daha da yumşadılması gözləntilərinin təsiri altında bir qədər artıb. (apa)шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.