Ziya Məmmədov barədə son və səhih məlumat - Rəsmi
8-10-2015, 10:29
Son günlər mətbuat nəqliyyat naziri Ziya Məmmədov barəsində çox yazır. Z.Məmmədovun özünün və yaxın çevrəsinin dövlət rəhbərliyinin gözündən düşdüyü deyilir. Bu iddiaların çoxalmasına prezidentin ötən ay verdiyi bir sərəncam da rəvac verdi. Sentyabrın 18-də dövlət başçısı İlham Əliyev “Dövlət Dəmir Yolları” QSC-nin Nəqliyyat Nazirliyinin tərkibindən çıxarılaraq müstəqil quruma çevrilməsi barədə sərəncam imzaladı. Bundan sonra mətbuat Z.Məmmədovu “portfelsiz nazir” kimi təqdim edərək, bunu onun karyerasının sonu kimi qiymətləndirdi.
Z.Məmmədovun deputat qardaşı Elton Məmmədovun parlament seçkilərində namizədliyini verməməsi, iki gün əvvəl prezident İlham Əliyevin Ucara səfəri zamanı Məmmədovların görünməməsi bu söz-söhbətləri bir qədər də körüklədi.
Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov “Yeni Müsavat”a açıqlamasında son zamanlarda təmsilçisi olduğu qurum barəsində yazılan xəbərlərdən şikayətləndi: “Münasibət bildirmişdim ki, cənab nazir oktyabrın 23-nə qədər məzuniyyətdədir. Belə məlumatlara mövqe sərgiləmirəm. Cənab nazirin son açılış tədbirində iştirak edib-etməməsi səlahiyyətimə aid məsələ deyil. Amma ümumi götürəndə heç bir problem yoxdur. Mən reallıqdan uzaq yazılara münasibət bildirməyi doğru saymıram. Nəqliyyat Nazirliyindən, yaxud nazirdən nə istəyirlər? Kimlərin sifarişini yerinə yetirirlər, bunu da bilmirəm. 13 ildir nazirlikdə işləyirəm. Bu illər ərzində cənab nazirin vəzifədən çıxarılması haqda çox yazılıb. Vəzifə əbədi deyil. Burada fikir bildirilməli bir şey yoxdur”.
Nəqliyyat Nazirliyinin rəsmisi bu ilin iyulunda Z.Məmmədovun məzuniyyətə çıxması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirdi: “İyul ayında cənab nazir 10-15 günlük məzuniyyət götürmüşdü, səhhətinə görə. Sadəcə, indiki məzuniyyət əvvəlki illərdən qalıb, üst-üstə toplanıb. Adətən o, belə yazılara reaksiya vermir. Mən də onun işçisiyəm. Bu baxımdan çox reaksiya vermirəm. Çünki mənim işim konkret nazirliklə bağlı məsələlərə münasibət bildirməkdir. Yazılanlar da konkret şəxslə bağlıdır. Nazirliyə heç bir aidiyyəti yoxdur. Cəfəngiyyata münasibət bildirmək çətindir. Jurnalistlərin hər birinin öz yozumu var. Fakta istinadən münasibət bildirmək daha asandır. Ortada fakt yoxdursa, o zaman çox çətin olur. Cənab nazirin ortada olmamasının müəyyən səbəbləri ola bilər. ”Yeni Müsavat"a daim münasibət bildirmişəm. İstərdim ki, yazanlar bu qəzeti oxusunlar. Onsuz da sizin qəzetdən kopya edib, öz saytlarına qoyurlar. Bu müsahibəmi də kopyalayıb, öz mətbuat orqanlarına yerləşdirsinlər. Həmkarları kimi bildirmək istəyirəm ki, jurnalist faktlara əsaslanmalıdır. Yazı fakta əsaslanmırsa, yazı hesab etmirəm".
Nazirliyin sözçüsü yayılan xəbərlərlə əlaqədar Z.Məmmədovun mətbuat konfransı keçirib-keçirməməsi ilə bağlı sualımıza belə cavab verdi: “Cənab nazir hazırda Bakıda deyil. Bakıya gələndə hər halda, fikir bildirər. Mətbuat konfransı keçirmək olar. Ümumiyyətlə, buna ehtiyac görmür. Deyilənlər o qədər şişirdilib ki, yalandan olan yazılara mətbuat konfransı keçirməyin mənası da yoxdur. Sadəcə olaraq, fikir bildirmir. Deyir ki, onsuz da haqqımda daim yazırlar. İş görən adam daim diqqət mərkəzində olur. Əgər ortada konkret bir fakt olsa, ilk növbədə, ”Yeni Müsavat"a açıqlama verərəm. Nazirliklə bağlı heç bir addım atılmır. Səlahiyyətlərin bir hissəsi “Asan xidmət”ə verildi, dərhal mətbuat başqa istiqamətə yozdu. Bundan əvvəl neçə nazirliyin bəzi səlahiyyətləri “Asan xidmət”ə verildi, bundan heç yazan yoxdur.
Bunlar tədricən gedən proseslərdir. Müəyyən nazirliklərin səlahiyyətlərini onsuz da “Asan Xidmət”ə verirlər. O ki qaldı dəmir yolunun nazirlikdən ayrılmasına, bu, cənab prezidentin səlahiyyətində olan məsələdir. Hazırda faktiki olaraq, iş yerimdəyəm, əvvəlki qayda ilə işimi davam etdirirəm. Amma yazılanların hamısını oxuyuram. Baxmayaraq ki, o yazıların böyük hissəsi heç bir fakta söykənmir. “Yeni Müsavat”a da ona görə münasibət bildirirəm ki, qoy əndişələnməsinlər. Ziya müəllim bu gün Azərbaycanın nəqliyyat naziridir. Onu bu vəzifəyə prezident təyin edib. Başqa qərarları da prezident verir. Təyin etməyi də, azad etməyi də. Bu, bizim səlahiyyətimizə aid məsələ deyil. Hər şeyi zaman göstərəcək. Bəlkə işlər daha yaxşıya doğru gedəcək. O zaman bu jurnalistlər nə yazacaqlar, onu bilmirəm".