Kremldaxili çəkişmələr - “milis qiyamı”, DTK-nın qələbəsi, nazirin intiharı...

19-10-2018, 16:01           
Kremldaxili çəkişmələr - “milis qiyamı”, DTK-nın qələbəsi, nazirin intiharı...
Leonid Brejnevin ömrünün son günləri ilə bağlı bir lətifə var. Əslində bu lətifədə mövcud durumun reallığı əks olunub:

Andropov son günlərini yaşayan Brejnevi ziyarət etməyə gəlir. Hal-əhval tutduqdan sonra Brejnev Andropovdan soruşur:

- Yuri Vladimiroviç, məndən sonra partiyaya rəhbərliyi kimə həvalə edəcəksiniz?

Andropov özünəməxsus təmkini ilə cavab verir:

- Leonid İliç, əlbəttə ki, artıq növbə mənimdir.

- Bəs Siyasi Büro sizin arxanızca getməsə?

- Narahat olmayın, onda Siyasi Büro sizin arxanızca gedəcək...

Sonrakı hadisələr sübut etdi ki, ölkənin baş kəşfiyyatçısı olan Andropov istədiyi məmuru istədiyi yerə göndərməyə qadir idi.
Brejnev-Andropov münasibətləri kənardan çox isti, mehriban görünsə də, bu münasibətlərin arxasında gərginlik mövcud olub. Leonid İliçdə Andropova qarşı qızqanclıq olub, onu öz yerinə real namizəd görüb. Elə buna görə də baş katib işini ehtiyatla tutmaq üçün müxtəlif vasitələrə əl atıb. Siyasi nüfuzu daha çox olan məmurlara əngəllər törətmək üçün onlara qarşı mübarizə aparmaq gücü olan alternativ siyasi fiqurları Kremlin müstəvisinə gətirib. Brejnev mütləq hakimiyyətini qorumaq üçün məmurları üz-üzə qoymağa çalışıb ki, burda da məqsəd qruplaşmaların yaranmasının qarşısını almaq olub.

Baş katibin bu cür siyasi oyunlarının əsas oyunçularından birinə də SSRİ daxili işlər naziri Nikolay Şelokov çevrilib.
Nikolay Şelokov uzun illər sovet-partiya sistemində çalışıb. Aralarında isti münasibət olan Leonid İliç Brejnev baş katib postuna keçəndə köhnə dostunu unutmayıb. Brejnev Nikolay Şelokovu ölkənin ən mühüm strukturlarından birinə, Daxili İşlər Nazirliyinə rəhbər təyin edib. Şelokovun həyat yoldaşı Svetlana ilə Brejnevin qızı Qalinanın yaxın rəfiqə olması da baş katiblə nazirin münasibətlərinə bir az da istilik qatıb.

Araşdırmaçıların qənaətinə görə, Şelokovun Daxili İşlər Nazirliyinə rəhbərliyi dövrü yeniliklərlə yadda qalıb. O, xüsusilə şəxsi heyətin sosial rifahının daha yaxşı olması üçün bir sıra mühüm tədbirlər həyata keçirib. Nazir kürsüsündə əyləşəndə ziyalılarla yaxın münasibətlər qurub, onların problemlərinin həllində yardımçı olub. Brejnevdən daima dəstək alan Nikolay Şelokov ölkənin ictimai-siyasi həyatında kifayət qədər fəal məmurlardan sayılıb.

Sözsüz ki, öz növbəsində Şelokovun Kreml dəstəkli fəaliyyəti DTK sədri Andropovu düşünməyə vadar edib. Hər ikisi güc strukturunun rəhbəri olduğundan müəyyən xidməti işlər zamanı aralarında narazılıqlar da yaranıb. Kənardan bu narazılıqları seyr edən Brejnev güc strukturlarının yaxın olmamaları, “birləşməmələri” üçün konfliktləri artırmaq məqsədilə bir çox hallarda Dövlət Təhlükəsizlik Komitəsinə aid olan məsələləri Daxili İşlər Nazirliyinə həvalə edib, yaxud da əksinə, daxili işlər orqanlarının səlahiyyətinə aid bəzi tapşırıqlar Dövlət Təhlükəsizlik Komitəsinin icraatına verilib. Xüsusilə ölkədə böyük səs-küyə səbəb olan korrupsiya hadisələri ilə araşdırmalarda güc strukturlarının başçıları bir-birlərinin ayaqlarını tapdalayıblar.
Məmurlar arasındakı “müharibə” 26 dekabr 1980-ci ildə baş verən hadisə ilə pik həddə çatıb. Dövlət Təhlükəsizlik Komitəsi katibliyinin rəis müavini Vyaçeslav Afanasyevin “Jdanovsk” metrostansiyasındakı xətt milis bölməsinin əməkdaşları tərəfindən qətlə yetirilməsi Şelokovla Andropov arasında olan gərginliyi daha da artırıb. Və artıq onlar açıq şəkildə bir-birini ittiham etməyə başlayıblar. Onu da qeyd edək ki, bu qətl hadisəsi heç də siyasi motiv daşımayıb, sadəcə, tamah məqsədilə törədilmiş cinayət olub.

Qisas almaq üçün hər iki tərəf əlverişli məqam gözləyiblər. Bütün reallıqları son detallarına qədər görməyi bacaran Andropov Şelokovu yolunun üstündən götürməyə, onunla açıq mübarizəyə başlamağa tələsməyib. Şelokov isə bu mübarizədə tələskənliyə yol verib.

10 sentyabr 1982-ci ildə Şelokovun Brejnevlə dörd saata yaxın məxfi görüşü keçirilib. Həmin vaxt Andropov Mərkəzi Komitənin katibi vəzifəsində çalışıb. Şelokov Brejnevdən Andropovun partiyaya qarşı çıxması ilə bağlı həbsinin “xeyir-dua”sını alıb. Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri Andropovun yaşadığı Kutuzov prospektindəki mənzilini mühasirəyə alıblar. Əməliyyatın keçirilməsi üçün xüsusi plan hazırlanıb, yollar nəzarətə götürülüb. Andropovun ayıqlığı və kəşfiyyatçıların çevikliyi nəticəsində Şelokovun “Milis qiyamı” 11 nəfərin yaralanması, 1 nəfərin ölümü ilə ustalıqla yatırılıb, milis işçiləri həbs olunub. Münaqişə Kremldə keçirilən qapalı və qeyri-rəsmi toplantıda müzakirə olunub və müvəqqəti sakitlik bərqərar edilib. Ancaq Andropov baş verən hadisələri yaddaşına həkk edib.

Zaman Andropovun xeyrinə işləyib. Brejnevin ölümündən sonra hakimiyyətə gələn Andropov bir aydan sonra Şelokovu nazir vəzifəsindən azad edib. Şelokov 1983-cü ildə Mərkəzi Komitənin üzvlüyündən xaric olunub, ordu generalı hərbi rütbəsi alınıb, 1984-cü ildə Sosialist Əməyi Qəhrəmanı və Böyük Vətən müharibəsi illərindəki təltiflərindən başqa bütün dövlət mükafatlarından məhrum edilib. Onun fəaliyyəti dövrü Andropovun göstərişi ilə ciddi araşdırılıb.

Şelokov vəzifədən sui-istifadədə, korrupsiyada ittiham olunub. Onun haqqında qaldırılan cinayət işi 21 cilddən ibarət olub. Bu cinayət işində sabiq nazirin vəzifədən sui-istifadə edərək qanunsuz əldə etdiyi bağ evləri, mənzillər, xarici avadanlıqlar öz əksini tapıb. Ümumilikdə Şelokovun dövlətə vurduğu ziyanın məbləği yarım milyon rubldan artıq olub.

Məlum olub ki, nazir qayınanasından da səxavətini əsirgəməyib. O, 64 yaşlı qayınanasını daxili işlər orqanlarında xidmətə götürüb, ona mayor rütbəsi verib. Vəfat etdikdən sonra isə nazir qayınanası SSRİ Daxili İşlər Nazirliyinin vəsaiti hesabına dəfn edilib.

Şelokovdan dövlət təltifləri olan ordenləri təhvil vermək tələb olunanda cavab verib ki, gəlin, özünüz aparın. Qərara gəlinib ki, dekabrın 13-də rəsmi şəxslər opdenləri onun mənzilindən aparacaqlar. Dekabrın 13-nə qədər ayın 10-da sabiq nazir Çernenkoya günahsız olması ilə bağlı məktub yazıb. Ancaq bu da mənasız olub, Çernenko bu məktuba reaksiya verməyib.
Nikolay Şelokov dekabrın 13-də general libasını geyinib. Bir fincan qəhvə, bir neçə qədəh konyak içib. 420 rubl pulu stolun üstünə qoyub və yazıb: “Kommunal xərcləri və xidmətçinin pulunu ödəyərsiniz”. Və ov tüfəngi ilə özünü güllələyib. Qeyd edək ki, Şelokovun həyat yoldaşı Svetlana da öz həyatına intiharla son qoyub.

Beləliklə, Andropov yuxarıda qeyd etdiyimiz lətifədə dediyi kimi, Şelokovu Brejnevin arxasınca göndərib... Daha dəqiq ifadə etsək, o, Şelokovu həmin həddə çatdıra bilib.(Musavat.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.