İngilis demokratiyasının yaranması: Böyük Azadlıqlar Xartiyası

10-11-2018, 20:13           
İngilis demokratiyasının yaranması: Böyük Azadlıqlar Xartiyası
İngiltərəni çox vaxt müasir demokratiyanın vətəni adlandırırlar və bu, həqiqətdən heç də uzaq deyil.

Məhz ingilislər həvəslə və kifayət qədər uğurlu tərzdə əsrlər boyu öz kralların hakimiyyətini məhdudlaşdıra biliblər.

BBC-nin Rus Xidməti "İngilis demokratiyasının yaranması" adlı layihəsində Britaniyada konstitusiyalı monarxiyanın əsasını təşkil edən sənədlərdən söhbət açır.

İkinci hissə: Böyük Azadlıqlar Xartiyası

Britaniyada Magna Carta (latınca) adlandırılan Böyük Azadlıqlar Xartiyası tarixçilər və hüquqşünaslarda gözəl cümlələr işlətmək istəyi doğurur.

Tanınmış britaniyalı tarixçi Simon Schama misal üçün belə deyib: "Magna Carta azadlığın doğulmasındansa, daha çox istibdadın ölümünün şahadatnaməsidir".

Ən məşhur və hörmətli İngilis hakimlərindən biri olan Lord Denning (1899-1999), Magna Carta-nı "istibdadın özbaşınalığına qarşı fərdin azadlığının əsasını təşkil edən tarixin ən böyük konstitusiya sənədi" adlandırıb.

Digər bir britaniyalı tarixçi David Starkey bu sənədi ABŞ Konstitusiyası və ümumiyyətlə, insan haqlarına dair bütün müasir normaların beşiyi adlandırıb.

Əslində isə Magna Carta kral John ilə üsyan etmiş baronlar arasında bir sülh müqaviləsi idi. Kral John həmin sənədi dişlərini qıcıda-qıcıda, ikrah hissilə imzalamışdı.

Çox pis kral

Böyük Azadlıqlar Xartiyası (Magna Carta) müasir demokratiyanın ən mühüm sənədlərindən biri sayılır
Kral John pis kral idi. Çox pis. Bəlkə də Britaniya və İngiltərə krallarından ən pisi idi.

Özü əlbəttə ki, belə düşünmürdü, amma onun baronların buna şübhəsi yox idi.

Kral John olduqca pis ad çıxarmışdı, taxt-tacda olanda da, indinin özündə də ona münasibət mənfidir. Özündən çıxmış bir səlnaməçi kralı ""zalimanə küçük" adlandırmışdı.

Cəmiyyət arasında kral John ikiüzlü, yalançı, iyrənc xasiyyətli, qəddar, acıqlı və paranoidal tutmaları olan bir adam sayılırdı.

Britaniyanın kral ailələrində nikahlar: Ağ gəlinlik paltarı, uşaq kəbinləri və milyardlarla televiziya tamaşaçısı
Bu azmış kimi, hələ bir şəxs kimi də mənfurun biri idi.

Arthur Bretonlunun qətlə yetirilməsi. Deyilənə görə, Arthur-u kral Johnun göstərişilə öldürüblər.
1203-1204 illərdə uğursuz hərbi kampaniya gedişində kral John mənsub olduğu Plantagenet-lər sülaləsinə məxsus Normandiya, Anju, Men və Toren bölgələrindəki mülkiyyəti itirdi.

O, öz qardaşı oğlu və potensial rəqibi Arthur Bretonlunu qətlə yetirib və ya bunu etmə göstəriş verib, öz baronlarından birinin arvadını Maud de Braose-u və onun oğlunu acından öldürüb.

Fransada itirdiyi torpaqları geri qaytarmaq məqsədilə kral hərbi kampaniyaya pul tapmaq üçün öz baronlarından bütün olan-olmaz vergilər tutmağa başladı.

Deyilənə görə, hələ nə qədər də kübar xanımları və qızları yoldan çıxarıb.

Çarəsizlikdən yaranan sülh sazişi

Kral John xartiyanı imzalamaq istəməsə də, onun başqa çıxış yolu yox idi.
1215-ci ildə kral baronların böyük bir qrupunu, necə deyərlər, boğaza yığdı. Vətəndaş müharibəsi başladı.

Kral Johnu, qatil yollayıb öldürmək planları alınmadı.

Üsyançıların əsas problemi kralı əvəzləmək üçün uyğun fiqurun olmaması idi.

Üsyançı qoşunun başında taxt-taca legitim haqqı olan birisinin durması bir şeydirsə, belə haqqı olmayanın durması tamam başqa bir şeydir. Kral John taxt-taca qanuni haqqı çatan bütün rəqiblərini artıq qırıb qurtarmışdı və nəticədə hakimiyyət vakuumu yaranmışdı.

Belə vəziyyətdə yeganə çıxış yolu danışıqlar vasitəsilə kralı sülhə məcbur etmək idi. Çünki elə bir vəziyyət idi ki, nə kralın qoşunları üsyançı baronları yenə bilirdi, nə də ki, baronlar kralı məğlub edə bilirdi.

Vətəndaş müharibəsinin uzanmasını tərəflərdən heç biri istəmirdi.

Nəticədə, bütün maraqlı tərəflərin möhürlərilə təsdiqlənmiş tələsik bir razılaşma hazırlandı.

(Zadəgan) insanın hüquqları

Magna Carta-da ümumbəşər insan haqlarından söz getmirdi. Yalnız zadəganların hüquqları təsbit edilirdi. Lakin bu, bir başlanğıc idi.
Magna Carta-nın orijinal mətnində maddələrə bölgü aparılmayıb.

Üstündən xeyli vaxt keçdikdən sonra oxucuların rahatlığı üçün belə bölgü aparılıb.

Ən çox məşhurlaşmış 39-cu və 40-cı maddələr sayılır.

"Heç bir azad insan həbs olunmayacaq, həbsxanaya salınmayacaq, əmlakı əlindən alınmayacaq, qanundan kənar elan olunmayacaq və ya sürgün edilməyəcək - və biz (biz -İngiltərə kralı John) ona bərabər olanların qanuni məhkəməsi və ya ölkə qanunları əsasında qərar çıxarılmayana qədər həmin insana qarşı nə gedəcəyik, nə də (adamlarımızı) ona qarşı göndərəcəyik".
"Heç kim ədalət məhkəməsindən məhrum edilməyəcək və onu heç kim üçün gecikdirməyəcəyik".
Sonrakı əsrlədə formalaşan rəyə görə, ingilis vətəndaşlarının azadlıqlarının əsası məhz həmin maddələrdə qoyulub.

ABŞ Konstitusiyasının sürəti. Bu sənədin yaranmasında da Magna Carta-nın təsiri böyük olub.
Həmin maddələri I Elizabeth və I Jacob dövrünün tanınmış hüquqşünası və siyasətçisi ser Edward Coke iqtibas gətirib.

Onlara XVII əsrdə kral I Charles-ın əleyhdarları istinad ediblər.

Birləşmiş Ştatların qurucuları da İstiqlal Bəyannaməsi və Hüquqlar haqqında Qanunu tərtib edərkən həmin maddələrdən yararlanıblar.

Eyni fikirlər Eleanor Ruzvelt-in "bəşəriyyətin Magna Carta-sı" adlandırdığı Ümumdünya insan hüquqları bəyannaməsində də var.

Həqiqətən praktik düşüncələr və heç bir ideologiya.

Heç bir ideologiya, yalnız praktiki maddələr

Baronları ideologiya yox, vərəsələrinə və ailələrinə çatacaq miras maraqlandırıb. Odur ki, taxt-tacın mülkiyyət sahəsində özbaşınalığına son qoymaq lazım idi.
Baronların əsas məqsədi özlərini, ailələrini və əmlaklarını qorumaq idi.

O dövr üçün Magna Carta-nın aşağıdakı maddələri daha mühüm sayılırdı:

"Əgər hərbi xidmətinə görə taxt-tacdan torpaq mükafatı almış qraf və ya baron ölərsə, o zaman ölənin vərəsəsi yetkinlik yaşındadırsa ona düşən mirası müvafiq vergi ödədikdən sonra ala biləcək. Bu verginin məbləğ baronluq üçün 100 funt təşkil edəcək. Cəngavərin varisi isə 100 şillinq ödəyəcək, əmlakı daha az olan isə, daha az məbləğ ödəyəcək ".
"Mülkiyyət varislərini (əgər doğma atası ölüb və torpaq qəyyumun idarəçiliyindədirsə) evləndirmək olar, ancaq özündən aşağı təbəqə duranla nikah bağlamaq olmaz. Toy edilənə qədər yaxın qohum bu barədə məlumatlandırılmalıdır".
"Əri öləndən sonra onun dul arvadı ona düşən pay və mirasıdərhal və problemsiz ala bilər. Cehizi, ona ərindən qalan miras payına görə o, heç bir ödəniş etməməlidir. Arvad vəfat etmiş ərinin evində 40 gün qala bilər, bu müddət ərzində ər mirasından arvadına düşən pay ona verilməlidir".
Beləliklə, üsyan edən zadəganları insan haqlarından daha çox mülkiyyət hüquqları maraqlandırırdı.

Magna Carta insan haqlarının qanunvericilk yolu bərqərar olunması üçün mühüm əhəmiyyətli sənəd sayılır, amma əslində bu sənəd heç kimin riyaiəyyət etmək istəmədiyi sülh sazişi idi.
Magna Carta-nın əhəmiyyəti nədədir?
Digər əksər dövlətlərdən fərqli olaraq, Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının özünün yazılı konstitusiyası yoxdur.

Siyasi landşaft elə tez-tez və köklü sürətdə dəyişib ki, həmin dəyişikliklərə parlamentin aktları və məhkəmə qərarları qəbul etməklə uyğunlaşmaq daha rahat olub.

Magna Carta müasir sənəd olmasa da, monarxın və dövlətin hakimiyyəti qarşısında insanın fərdi azadlıqlarının rəmzi olaraq qalır.

Bu prinsiplər ABŞ da daxil olmaqla, bir çox ölkələrin konstitusiyasında öz əksini tapıb.

İctimai sorğulara əsasən, britaniyalıların əksəriyyəti Magna Carta-nın imzaladığı günü, yəni iyinin 15 -ni ölkə tarixində ən mühüm gün sayırlar.

Düzdür, digə bir sorğu da göstərib ki, britaniyalılar bu gün ən əhəmiyyətli tarix saysalar da belə, çox az adam Magna Carta-da nə yazıldığından xəbərdardır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.