MTN-nin zülmündən qaçan iş adamları Azərbaycana qayıdır - İLGİNC

20-10-2015, 20:46           
MTN-nin zülmündən qaçan iş adamları Azərbaycana qayıdır - İLGİNC
Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılması ölkə gündəminin əsas müzakirə mövzusu olaraq qalır.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 7 əməkdaşı həbs edilib.

Həbs edilənlərin adları açıqlanmasa da, onlara Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri itiham irəli sürüldüyü bildirilir.
Yəni aparılan istintaq zamanı məlum olub ki, MTN-nin bir qrup əməkdaşı qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr həyata keçirib, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozub.

Eldar Mahmudovun MTN-ə rəhbərliyi dövründə bu qurum əməkdaşlarının iş adamları ilə qeyri-qanuni davranışları ikincilərin ölkədən qaçmasına gətirmişdi.

Modern.az saytının əldə etdiyi məlumata görə MTN-nin sabiq şefinin işdən çıxarılması və təhlükəsizlik xidmətinin biznesmenlərə əl-ayaq açmağa imkan verməyən əməkdaşlarının həbsi xaricə qaçan azərbaycanlı iş adamlarında geriyə dönmək fikri yaradıb.

Onların ölkədən getməsi haqqındakı arqumentləri bundan ibarətdir ki, Eldar Mahmudovun bəzi kadrları onlara Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olmağa imkan verməyib.
Məhz buna görə də MTN-nin sıxışdırdığı iş adamları həbs təhlükəsini nəzərə alaraq başqa ölkələrə üz tutublar.

Lakin onlar bundan sonra yaranan situasiyanın əlverişli olacağına ümid edirlər.

Artıq iş adamları iqtisadi maraqlarını Azərbaycanda rahat şəkildə təmin edəcəklərinə inanır və ölkəyə qayıtmaq istəyirlər.

Qeyd edək ki, Eldar Mahmudovun vəzifədən azad edilməsindən sonra prezident İlham Əliyevin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Milli Məclisə təqdim etdiyi qanun layihəsi parlament tərəfindən qəbul olunub. Baş Prokurorluğun aparacağı yoxlamalar isə istisna təşkil edir.

Xatırladaq ki, dövlət başçısının sərəncamı ilə ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi vəzifəsini tutan Mədət Quliyevi milli təhlükəsizlik nazirinin I müavini təyin edib. Hələlik isə, Eldar Mahmudovun yerinə təyinat olmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.