Milyarderlərin İlham Əliyevə qarşı qiyamı
20-10-2015, 22:52
Milli təhlükəsizlik naziri Eldar Mahmudovun istefaya göndərilməsi və ətrafının həbsi ilə kəskinləşən hakimiyyət böhranını getdikcə dərinləşməkdədir. Ölkənin milli təhlükəsizliyinə cavabdeh bir qurumun rəhbərliyi əslində tipik reketlik fəaliyyəti ilə - iş adamlarından xərac toplamaqla məşğul imiş. Keçmiş “oboxeyis” olan keçmiş nazir MTN-i elə köhnə peşə vərdişi ilə idarə edirmiş.
Buna qədər isə son 15 ildə nəqliyyat sektorunu qohum-əqrabası arasında ata malı kimi bölüşdürmüş Ziya Məmmədovun zərərsizləşdirilməsi prosesi gündəmi zəbt edirdi. Bu iki milyarder-oliqarx ətarfında gedən proseslər bir-biri ilə bağlı deyil. Birinin əli Rusiya, birinin əli isə İsrail kəşfiyyatının cibindən çıxdı. Prezidentin yaxın ətrafına daxil olan iki mühüm şəxsin xarici kəşfiyyatla əməkdaşlıq etməsi təbii ki, həm dövlətin, həm də hakimiyyətin özünün təhlükəsizliyinə ciddi təhdiddir. Prezident son addımları ilə bu təhlükəni qismən zərərsizləşdirə bilsə də, problem hələ açıq qalır.
Söhbət kifayət qədər təşkilatlanmış, institutlaşmış, yetərincə inzibati və maiyyə resurslarına sahib olan böyük bir qrupdan gedir. Bu qrup son 10 ərzində dövlətin maliyyə resurslarını mənimsəməklə fantastik var-dövlət yiyəsi olublar. Onların əmlakı milyardlarla ölçülür. Təbii ki, milyarder olmaq cinayət deyil. Ancaq o halda ki, milyardlar leqal biznesdə qazanılsın.
Məsələn, İskəndər Xəlilov, Mübariz Məsimov, Vahid Ələkbərov kimi milyarderlər var ki, onların varlığından dövlət yalnız uda bilər – onlar yaşadığı dövlətin həm böyük vergi ödəyicisi, həm də böyük sosial layihələrin sponsorlarıdır. Onların qazanclarının bir hissəsi təhsil, səhiyyə, idman layihələrinin maliyyləşdirilməsinə, xeyriyyəçiliyə yönəlir. Ancaq siz nə vaxtsa Ziya Məmmədovun və ya Eldar Mahmudovun təhsilə, elmə pul xərclədiyini eşidib və ya görmüsünüzmü? Təbii yox. Çünki onlar leqal milyarder yox, korrupsionerdirlər. Yığdıqlarını da gizlətməyə, ölkədən çıxarmağa çalışırlar ki, övladları ömürlərinin sonuna qədər ayı yeməklə məşğul olsunlar.
Təəssüf ki, son 10 ildə ölkəyə axan neft pullarl cəmiyyət arasında səmərəli şəkildə yox, bir ovuc məmur arasında bölüşdürüldü. Neft piroqundan ən çox faydalanan da bu gün hakimiyyətin qara siyahısında birinci yer tutan Ziya Məmmədov oldu. Hər il orta hesabla Ziya Məmmədovun yol-yeyinti layihələrinə 1 milyard ayrıldı. Bu gün adı Azərbaycanın xüsusi xidmət orqanları tarixinə qara həriflərlə düşən Eldar Mahmudov da neft pullarından az faydalanmadı – demək olar ki, hər il MTN binasının “təmir”inə 50-100 milyon ayrılırdı. Ancaq siyahı təkcə bu 2 nazirlə bitmir.
Ölkənin ən rentabelli müəssisələrindən sayılan “Azərbaycan Hava Yolları” QSC-yə 10 ildə bir neçə milyard sərmayə yatırıldı. Nəticədə 10 il öncə gəlirlə işləyən QSC son 10 ildə istisnasız olaraq “ziyanla” işləyib – yəni milyardlar mənimsənilib.
“Azərenerji” ASC-də eyni durumdur. Milyardlarla dövlət sərmayəsi yatırılmasına baxmayaraq ASC indi işçilərinə belə maaş verməyə pul tapmır. Əvəzində isə bu müəssisələrin rəhbərləri olan Cahangir Əsgərov və Etibar Pirverdiyev saysız villalara və milyardlara sahib olublar. Sərnişin, yük və tranzit daşımalarından 100 milyonlarla gəliri olan “Azərbaycan Dəmir Yolları” QSC-yə dövlət sərmayələri və xarici kreditlərlə birlikdə 1,5 milyard dollar investisiya yatırılıb. Ancaq indi nəqliyyatda ən aşağı əməkhaqqı dəmiryolundadır. Əvəzində isə 1,5 milyard investisiyanı mənimsəmiş nəqliyyat nazirinin indiki müavini, QSC-nin sabiq sədri Arif Əsgərovun obyekt və villalarının sayı sürətlə artdı.
Son 10 ildə qeyri-neft sektoru inkişaf etmədi – iş yerləri dövlət investisiya layihələrində yaradıldı. Neft sektorunda yaradılan azsaylı iş yerlərinin axırına da vergilər naziri Fazil Məmmədov və onun acgöz auditorları çıxdı. Neft pullarının birbaşa bölgüsündən kənarda qalan F.Məmmədov dolayısı ilə bunun artıqlaması ilə əvəzini çıxdı. Özəl müəssisələrə qoyulan illik xərac həmin obyektlərin dövlət büdcəsinə ödəmələrini belə üstələyirdi. Vergi xidmətinin təzyiqlərinə dözməyən çoxsaylı obyekt fəaliyyətini dayandırmağa məcbur oldu. Ancaq bu faktın özü belə vergi xidmətinin yığım ehtiraslarını səngidə bilmir. Nəticədə büdcə daxilolmalarının yığılmasına cavabdeh olan F.Məmmədov ölkənin ən qüdrətli oliqarxına çevrilib. Ancaq bu da hələ son deyil.
Oliqarxlar son 10 ildə həm də qubernatora çevrildi. Hərənin nüfuz dairəsində olan rayonlar var. Onlar hakimiyyətin üst qatını inandıra bildilər ki, bu cür idarəetmə daha effektivdir, mərkəzi hakimiyyətin yükü azalır, hərə öz rayonuna görə məsuliyyət daşıyacaq. Ancaq 2012-ci ilin martında bu tezis alt-üst oldu – Quba üsyanı məhz qubernator sisteminə etiraz idi. Ancaq Qubanın qubernatoru Z.Məmmədov yenidən öz “qürurunu” qorumaq üşün başqa bir kadrını Qubaya rəhbər təyin etdirə bildi. 9 ay sonra İsmayıllı üsyanı baş verdi və bu dəfə qubernatora güzəşt olmadı – İsmayıllının qubernatoru əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və icra hakimiyyətinin başçısı isə qardaşı Nizami Ələkbərov idi. Hər ikisi karyerasını bitirdi. Qubernatorlara etimadını itirən siyasi hakimiyyət bundan sonra nazirləri rayonlara camaatla birbaşa görüşlərə göndərməyə başladı.
Ümumiyyətlə, Azərbaycanın oliqarxları tam institutlaşıb. Hər olirqarxın özünün bankı, holdinqi, rayonları, qoçu dəstələri (idman federasiyaları formatında) var. İnstitutlaşmış oliqarxiya artıq siyasi hakimiyyətə belə itaətsizlik nümayiş etdirməyə başladı. Bunun ilk təzahürü bu ilin əvvəlində qeydə alındı. Hökumətin yumuşaq devalvasiyaya hazırlaşdığını görən oliqarxiya əllərində olan manat kütləsini sürətlə dollara çevirdi. Bununla da valyuta bazarında kəskin dollar qıtlığı yarandı və hökumət kəskin devalvasiyaya məcbur oldu. E.Mahmudovun qudası, ölkənin ən böyük bankı olan Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyev bir neçə gecədə bir neçə milyard dolları dəyişə bildi. Oliqarxiyanın artıq siyasi hakimiyyətə açıq təzyiq etdiyini görən siyasi hakimiyyət C.Hacıyevi işdən qovdu. Az sonra bəlli oldu ki, C.Hacıyev dövlət bankının 6 milyard dollarlıq kreditini də mənimsəyib. Beləliklə, oliqarxiya dövlətin valyuta ehtiyatlarının sözün bütün mənalarında əridə bilib. Bundan sonra siyasi hakimiyyətin sanksiyası ilə “Bandotdel” işə müdaxilə etdi və problemli kreditlərin bir hissəsini bərpa edə bildi.
Problemlər isə günbəgün dərinləşirdi. Ölkənin neft gəlirlərinin azalması korrupsiya mühtinin bütün eyblərini çılpaqlığı ilə ortaya çıxartdı. 1-ci Avropa Oyunları ərəfəsində Binəqədidə binanın keyfiyyətsiz üzlüklərdən yanması və 15 nəfərin dünyasını dəyişməsi ölkəni silkələdi. Binanın təmirini tendersiz, müaviləsiz həyata keçirildiyi üzə çıxdı. Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşdə prezident bildirdi ki, köməkçiləri bəzən ona səhv məlumat verirlər. İqtisadiyyat, xüsusilə də Bakıda təmir tikinti işləri ilə bağlı prezidenti onun iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov məlumatlandırırdı. Ölkənin qeyri-rəsmi oliqarxlarından biri də Ə.Əsədovdur. Paytaxtın mərkəzində bütün tkinti-təmir işlərini, o cümlədən də köhnə binalara yeni üzlüklərin vurulması ilə Ə.Əsədovə yaxın şirkətlər məşğul olurdu.
Beləliklə, prezidentin ətrafında qiyamçı oliqarxlar qrupu yaranıb. Onlar faktiki olaraq prezidentə qarşı itaətsizlik nümayiş etdirirlər. Ölkənin gəlirləri azalır, onlar isə gəlirlərinin azalması ilə barışmırlar. Prezidentin son müşavirədə ölkədəki problemləri ardıcıl sadaladı, neqativ hallara son qoymağı tələb etdi və artıq hövsəlsinin bitdiyini dilə gətirdi. Bu o deməkdir ki, prezident İlham Əlyev artıq irədəsini ortaya qoyaraq postneft dövrünə yeniləşmiş komanda ilə getmək istəyir. Z.Məmmədov və E.Mahmudovun vurulması isə (birinci faktiki olaraq səlahiyyətsiz nazirə çevrilib) bu prosesin başlanğıcıdır. Çox güman ki, çox yaxın vaxtlarda Z. Məmmədov, F.Məmmədov, C.Əsəgərov, E.Pirverdiyev və başqa oliqarxları Səlim Müslimov, Şahin Mustafayev kimi təmiz reputasiyalı texnokratlar əvəzləyəcək.
İlham Əliyev 10 il oncə - 2005-ci ildə də qiyamcıları ram edib komandasını yeniləşdirə bilmişdi. O vaxt qiyamcı sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev sabiq səhiyyə naziri Əli İnsanov, Prezident Administrasiyasının işlər müdiri Akif Muradverdiyev "Azərkimya" Dövlət Şirkətinin prezidenti Fikrət Sadıqov həbs edildi. Az sonra isə əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nagıyev, maliyyə naziri Əvəz Ələkbərov, mədəniyyet naziri Polad Bülbüloglu istefaya göndarildi. Füzuli Ələkbərov Oqtay Şirəliyev, Azad Rəhimov Samir Şərifov Rövnəq Abdullayev Aydın Əliyev, Heydər Əsədov, Ramiz Həsənov komandaya gətirildi.
Yəni kritik situasiyalarda prezidentin komandasını yeniləşdirmək təcrübəsi var. O da maraqlıdır ki son kritik situasiya düz 10 il öncə yaranmışdı – tarix təkrarlanır.strateq az/