Ziya Məmmədovun “müalicəsi” bitdi, əfv də olundumu? - Onu Eldar Mahmudovla nə birləşdirir?
21-10-2015, 10:39
Səlahiyyətlərinin əhəmiyyətli hissəsi prezident sərəncamı ilə əlindən alınmış nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 19-da gözlənilmədən işə çıxıb. Ölkə gündəmi işdən çıxarılan başqa bir sabiq nazirin taleyinə kökləndiyindən nazirin 4 gün tez məzuniyyətini başa vurması o qədər də diqqəti cəlb etməyib.
Nəqliyyat Nazirliyindən verilən məlumata görə, Ziya Məmmədovun sədrliyi ilə iclas olub. “Nazirin iş qrafiki də artıq bəllidir və o, növbəti həftədən başlayaraq bölgələrdə vətəndaşlarla görüş keçirəcək” deyə, nazirlik rəsmisi bildirib.
Rəsmi məlumata görə, Ziya Məmmədov sentyabrın 16-dan oktyabr ayının 22-nə qədər növbəti əmək məzuniyyətinə çıxmışdı. Onun harada olduğu barədə ziddiyyətli məlumatlar vardı. Onun qohumları deyirdilər ki, nazir xaricdə müalicə olunur. Nazirliyin mətbuat xidmətinin rəhbəri də “Yeni Müsavat”a təsdiqləyib ki, Z. Məmmədov İsveçrədə müalicədə olub.
Xatırladaq ki, məzuniyyətdə olduğu müddətdə Nəqliyyat Nazirliyinin əhəmiyyətli səlahiyyətləri bölüşdürülüb və DİN-ə verilib. Nəqliyyat Nazirliyinin tərkibində Bakı Sərnişin və Yük Daşımalarının Təşkili şöbəsinin fəaliyyəti dayandırılıb.
Yəni Z.Məmmədov faktiki olaraq məzuniyyətdən “portfelsiz nazir” statusunda qayıdıb. Nazirin məzuniyyətdə olduğu günlərdə “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeçiliyindən çıxarılıb, Nəqliyyat Müfəttişliyinin səlahiyyətləri DYP-yə verilib. Bundan əvvəl isə Məmmədovlar şəhər nəqliyyatından vurulub çıxarılıblar, taksilərə lisenziya verilməsi də “ASAN xidmət”ə həvalə edilib, “Azəryolservis” nazirin nüfuz dairəsindən çıxarılıb və hökumətdə müstəqil quruma çevrilməsi müzakirə olunur. Məlumatlara görə, Prezident Administrasiyasında Nəqliyyat Nazirliyinin yeni əsasnaməsi hazırlanır. Layihədə nazirliyin yalnız effektiv nəqliyyat siyasətinin işlənib hazırlanması ilə məhdudlaşdırılması nəzərdə tutulur. Yəni Nəqliyyat Nazirliyi Energetika Nazirliyi kimi, təsərrüfat fəaliyyəti ilə məşğul olmayan struktura çevriləcək.
33 günlük “dincəlmədən” sonra Ziya Məmmədovu iqtidarla heç də rahat olmayan söhbət gözləyir. Nazirin niyə qəzəbə gəlməsi barədə indiyədək çox yazılıb, ən müxtəlif versiyalar irəli sürülüb. Nazirin hakimiyyətin “qara siyahısında” olan Abbas Abbasovla dostluğundan tutmuş, Rusiya prezidenti Vladimir Putinə “yol axtarmağa” qədər versiyalar ortaya atılıb. Hətta onun Amerika prezidentliyinə namizədliyi irəli sürülən Donald Trambla hansısa gizli sövdələşmələrinədək versiyalar səslənib. Nazirlikdə uzun illər bir neçə gəlirli sahəyə nəzarət etmiş nazirin və yaxın ətrafının “maliyyə xəyanəti”ndə suçlanması haqda daha çox iddialar var.
Bu səbəbdən nəqliyyat nazirinin izahatından sonra onun sonrakı taleyi barədə qəti danışmaq mümkün olacaq. Milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılması və MTN-də həbslərin başlaması onu göstərir ki, nəqliyyat nazirinin “toxunulmaz” qalması mümkün deyil. İddialar var ki, Z.Məmmədov da sabiq təhlükəsizlik nazirinin yaratdığı “böyük başlar klanı”na daxil imiş. Xatırladaq ki, E.Mahmudovun belə bir klan yaratması barədə hakimiyyətdaxili qruplaşmalar haqda bilgisi olduğu şübhə doğurmayan sabiq səfir Arif Məmmədov məlumat verib. O, klanın Prezident Administrasiyası ilə hesablaşmadığını deyib. Məlumdur ki, Z.Məmmədov da Prezident Administrasiyası ilə uzun müddətdir ki, konfliktdədir. Rəsmi və hakimiyyətyönlü qəzetlərdə vaxtaşırı nəqliyyat nazirinin tənqid edilməsi də bu faktı təsdiq edir.
Səlahiyyətlərinin əhəmiyyətli hissəsini itirən nazir müalicəsini yarımçıq qoyub ölkəyə qayıtsa da, onun oğlu- Məmmədovların ailə biznesinə rəhbərlik edən Anar Məmmədovun harada olması haqda hələ də dəqiq bilgi yoxdur.
İstənilən halda Z.Məmmədovun işə qayıtmasının onun əfv olunması kimi izahı reallığı əks etdirmir. Onun da yaxın günlərdə ən yaxşı halda “öz ərizəsi” ilə işdən getməsi daha çox gözləniləndi.
“Yeni Müsavat”