“MTN hələ 1992-ci il fevralın 18-də Şuşa və Laçının işğal planı haqda məlumat vermişdi...”

1-03-2019, 09:39           
“MTN hələ 1992-ci il fevralın 18-də Şuşa və Laçının işğal planı haqda məlumat vermişdi...”
Mütəllibov Şahin Musayevə tapşırıq versə də, o, Bakıda vertolyot olduğu halda Xocalıya göndərməyib...


Xocalı faciəsindən düz 8 il öncə, yəni 1984-cü ildə, el dilində desək, hələ “dünyanın guya düz vaxtında” ermənilər tərəfindən Azərbaycanın bir kəndi tamamilə yer üzündən silinib. Həmin kəndin adını yalnız ömrünün yetkin illərini Dağlıq Qarabağ və ya Ağdam rayonunda yaşamış azərbaycanlılar bilər...

Moderator.az əməkdaşı həmin kəndin adına Xocalı soyqırımıyla bağlı 26 il öncə yazılmış rəsmi bir sənəddə rast gəlib. Məhz bu diqqətəlayiq fakt bizi həmin sənədi bütövlükdə oxucularımızın müzakirəsinə buraxmaq qərarına gəlməyə vadar etdi. Söhbət 1993-cü il fevralında Milli Məclisin iclasında qəbul ounmuş “Azərbaycan Respublikası Milli Məclisinin Dağlıq Qarabağda, o cümlədən Xocalıda törədilmiş soyqırımı hadisələrini aydınlaşdıran deputat istintaq komissiyasının RƏYİ”ndən gedir. Hələlik sənəd müəlliflərinin, komissiya üzvlərinin adlarını çəkməyəcəyik. Təbii ki, bilənlər biləcək. Ancaq ümumi oxucu kütləsi kimisə təbliğ etmək məqsədi güddüyümüzü düşünməsin deyə, həmin adları sonda açıqlayacağıq. Deyə bilmərik ki, DEPUTAT-İSTİNTAQ KOMİSSİYASININ RƏYİndə Xocalı və 1988-1992-ci illərdə Qarabağda və ümumiyyətlə, Azərbaycanda yaşanmış ictimai-siyasi və hərbi olaylar tam obyektiv əks etdirilib. Lakin 26 il əvvəl neçə-neçə insanın zəhməti sayəsində qəbul olunmuş və bəhs edilən faciələr barədə ilk rəsmi sənədlərdən olan həmin sənədi yenidən ictimaiyyətin müzakirəsinə çıxarmaq hələ də bir sıra məqamları qaranlıq qalan Dağlıq Qarabağ hadisələrinin və xüsusən, bu günlərdə növbəti 27-ci ildönümünü yaşayacağımız Xocalı faciəsinin bəzi gizlinlərinin üzə çıxmasına səbəb ola bilər. Bu sənəd son iki onillikdə, demək olar ki, qəzet və saytlarda dərc edilməyib, ictimailəşdirilməyib. Mümkündür ki, 25-26 il öncə sözügedən rəylə tanış olmuş adamlar, o cümlədən tanınmış siyasət nümayəndələri, ziyalı, hərbçi və qazilər, hətta sənəd müəlliflərinin özləri belə, bu gün həmin sənədi yenidən nəzərdən keçirdikdən sonra hansısa fakt, olay, məqam, proses barədə tamamilə fərqli şərhlər versin. Öncədən bildirək ki, oxucuların, həmçinin materialda adları çəkilən şəxslərin, o dövr olaylarının şahidi olmuş hər bir kəsin fikir və mülahizələrini də təqdim etməyə hazırıq.

Beləliklə, sözügedən materialı müzakirənizə təqdim edirik:



(Əvvəli bu linkdə:http://www.moderator.az/news/260805.html)

“Xocalı məsələsi ilə də Şahin Musayev məşğul olmalı idi...”

“...Milli Təhlükəsizlik Nazirliyinin xətti ilə 18 fevral 1992-ci ildə Gəncədən vurulan teleqramda deyilir(fraqmentlər):

“Erməni yaraqlılarının Xocalı şəhərinə hücumlarını dəf etmək üçün təxribat-kəşfiyyat dəstəsi yaratmaq və onu lazımi silahlarla təchiz etmək lazmdır. Lakin hazırda Xocalı müdafiəçilərində olan silahlar (1 “BRDM” və 1 “BTR”) hücumun qarşısını almaq üçün kifayət deyil...

...Yaraqlıların hazırda əsas məqsədi şosse yolunun Şuşa-Laçın sahəsini tutmaqdır ki... sonra da əsas zərbəni Şuşa şəhərinə vura bilsinlər...



...Şuşa-Laçın yolu ilə Gorus rayonu ərazisinə koridor açmaq barədə təbliğat aparılır..."



Xahiş edirik, diqqət yetirin - fevralın 18-də MTN ermənilərin Şuşa və Laçın konkret planı barədə məlumat vermişdi...

Telefonoqramın mabədi(fraqmentlər):



"...Bundan əlavə, bu yaxınlarda silahlı dəstələrin rəhbərliyin-də dəyişiklik olub. Belə ki, müdafiə naziri (bədnam “Dağlıq Qarabağ Respublikası” nəzərdə tutulur" -K.) Serjik Sərkisyan adlı birisi təyin olunub - 36-38 yaşlarındadır, keçmiş komsomol işçisidir...



Stepanakertdə Ermənistandan hərbi və mülki vertolyotlarda gələnlərin hesabına yaraqlıların sayı artır.


Serjik Sərkisyanın dediyinə görə, onlar yaxın vaxtlarda Xocalı şəhərini tutmağı planlaşdırırlar...

Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məlumat verilib".

Bu sənədlərə əməliyyat və agentura əməkdaşlarının verdikləri bir yığın şəxslərin məlumatları, faktları da, müxtəlif vəzifəli şəxslərin, ayrı-ayrı vətəndaşların müraciətini, məktublarını, əsirlərin dediklərini və s. və i.a. əlavə edin. Nəticə birmənalıdır: respublikanın rəhbərliyi də, Müdafiə Nazirliyinin rəhbərliyi də borcları idi, dəqiq, incəliklərinə qədər bilməliydilər - Xocalıdakı vəziyyəti də, Xocalıya hazırlanan hücumu da, hətta hücumun təxmini də olsa vaxtını da...



Hətta hücum və Xocalı faciəsi ərəfəsində də Prezident bir teleqram və bir şifroqram almışdı.

Birincisi, Xocalı İcra Hakimiyyətinin başçısı Elman Məmmədovdan və Xocalı prokuroru A. Atakişiyevdən gəlmişdi (söz yox ki, Ağdamdandır); surəti - baş

prokuror M. Babayevə və "24 saat" teleproqramına.



Onlar hələ də inanır və kömək gələcəyinə ümid edirdilər. Səciyyəvi haldır ki, bu anda da teleqram iki ay ondan əvvəl vurulmuş teleqramın sözləri ilə başlanır:



"Əziz rəhbərimiz, Xocalı artıq əldən gedir, bütün bu hadisələr Xocalının üstündədir: Xocalı gedərsə, DQMV ermənilərindir, biz Xocalını saxlasaq, DQMV bizimdir... Əgər siz bizə bu gün kömək eləməsəniz, artıq 4 illik zəhmət hədər gedəcək. Biz sizdən təxirəsalınmaz kömək gözləyirik. Xocalı Azərbaycanın taleyini həll edir"...

Elə həmin gün, fevralın 25-də prezidentə respublika Ali Sovetinin sədr müavini Tamerlan Qarayev də Ağdamdan şifroqram göndərmişdi.



Şifroqramdan fraqmentlər:



"...Xocalıda və Umudluda qüvvə tamamilə tükənib. Yeni qüvvə gəlmədiyindən (iki gündən çoxdur

vertolyotlar uçmur) erməni yaraqlılarına müqavimət göstərmək ən aşağı səviyyəyə enmişdir. Hər hansı

ləngimə ağlagəlməz nəticəyə gətirib çıxara bilər. Xocalı şəhərini və Umudlu kəndini mühasirədən çıxarmaq üçün qəti tədbirlər görülməlidir. Bu məqsədlə Ağdama məsul və səriştəli şəxs göndərilsin və bu tədbirlərin bir sutka ərzində təşkili ona həvalə

olunsun...

...Yuxarıda qeyd olunanlar barədə dəfələrlə səlahiyyətli orqanlara və şəxslərə məlumat verilib.

Sizin qərarınızı gözləyirəm".



Bu şifroqramın üzərində hətta Prezidentin dərkənarı da yoxdur. Buna cavab olaraq, təəssüf ki, Xocalıya hücum başlanmışdı - fevralın 25-dən 26-na keçən gecə...



(Bundan sonra Xocalıya hücumda aparıcı hərbi qüvvə olmuş Rusiyanın 366-cı alayının soyqırımından öncə və sonrakı vəziyyəti barədə ətraflı arayış verilir. Həmin alay haqda mətbuatda və televiziyada çox məlumatlar verildiyindən Rəyin həmin hissəsini dərc etməyi lazım bilmədik)


Biz, rəyimizin bu bölməsində bəri başdan üzr istəyərək, məlum səbəblərə görə, bəzi hərbi formalaşmaların, onların yerləşdiyi məkan və komandirlərin soyadlarıyla əlaqədar söhbətimizdə konkretlikdən qaçacağıq. Ağdam cəbhə xəttində yerləşən şəhərdir(söhbət 1992-ci ildən gedir-S.L.) və hərbi formalaşmaların bəziləri hələ də orada fəaliyyətdədir; biz isə onlara mane ola bilərik...



Müzakirə elədiyimiz dövrdə Qarabağ bölgəsində hadisələrin axarına təsir göstərə biləcək bütün təşkilatlar felən Ağdam şəhərində yerləşirdi. Qarabağ zonası üzrə Prezident Müvəkkilliyi, öz aparatı ilə birlikdə, Daxili İşlər İdarəsi, Müdafiə Nazirliyinin komandanlığının qərargahı, respublikanın bir sıra nazirliklərinin və idarələrinin müvəqqəti nümayəndəlikləri məhz burada mərkəzləşdirilmişdi. Bura Ağdam rayonunun özünün qurum bölmələrini, rayonun komendaturasını, eləcə də Daxili İşlər, Müdafiə nazirliklərinin, habelə könüllülər xətti ilə yaradılmış hərbi qurumları da əlavə edin. Son dövrdə iki komandir həlak olmuşdur – Allahverdi Bağırov və Şirin Mirzəyev. Allah onlara rəhmət eləsin!



Külli miqdarda materiallardan, sənədlərdən, çoxsaylı şahidlərin ifadələrindən bizə aydın olduğu kimi, Ağdam(hər halda bu ilin fevral ayında) onun ictimai-siyasi vəziyyəti anlayışında özünü paytaxtımızın aynası timsalında təcəssüm etdirmişdi. Bura cəbhəyanı şəhərlərə xas olan xüsusiyyət – onun daimi gərginliyini, həyəcanlarını və hökm sürən ictimai-siyasi vəziyyəti əlavə etsəniz, məsələ aydın olar.



Bu ilin fevral ayının 2-dən Qarabağ zonası üzrə prezident müvəkkili vəzifəsində Musa Məmmədov işləyirdi. Biz istəməzdik ki, heç kimi narahat edək, lakin müzakirə etdiyimiz məsələyə üstüörtülü, nəzakətlə yanaşmaq yaramaz. Bizə elə gəlir ki, M.Məmmədov, sadəcə olaraq, gərək bu vəzifəni boynuna götürməyəydi, gərək ayıq başla öz imkanlarını götür-qoy edəydi. Hər şeydən əvvəl, özünün iradə impulslarını nəzərə alaydı. Biz daha demirik ki, onun əvvəlki fəaliyyətinin indiki təyinatıyla heç bir əlaqəsi yoxdur...



Onun ifadəsindəki bir fraqment bizim nəzərimizdə də rəmzi məna kəsb edir:

“Ayın 17-də, ermənilər Qaradağlını alandan sonra gəldim Bakıya, Prezidentin qəbuluna ki, bizə kömək edən yoxdur. Mütəllibov heç kimə konkret söz deməyib, Müdafiə naziri yox idi. Hər şeyi Şahin Musayevə həvalə etmişdilər. Xocalı məsələsi ilə də Ş.Musayev məşğul olmalı idi... Getdim Musayevə dedim ki, camaat Xocalıda acından ölür, vertolyot verin, ərzaq daşısın. Mənə kobud cavab verib dedi ki, mənim işimə qarışma, sən hərbi adam deyilsən. Musayev kömək eləmədi... Mütəllibova zəng elədim və Musayevin sözünü ona bildirdim... O dedi ki, yaxşı hərbçidir, bu saat ona tapşırıq verərəm. Getdim Musayevlə yenə görüşdüm, yenə kömək eləmədi. Halbuki, vertolyot var idi. Onda zəng etdim Mütəllibova...”



Və sairə və ilaxir.. Hamısı bu ruhdadır, izaha, bizcə, ehtiyac yoxdur. Qoy sizi Prezidentə yazılmış ətraflı, dəqiq arayış çaşdırmasın. Əvvəla, o arayış professional tərəfindən tərtib edilib. İkincisi, müşahidə eləməyi(düzgün müşahidə olsa da) bacarmaq azdır, gərək FƏALİYYƏT GÖSTƏRMƏYİ DƏ BACARASAN. Musa Məmmədovun düşdüyü vəziyyət qətiyyət, güzəştə getməmək, sərlik tələb edirdi ondan. O, gərək qətiyyətlə həll edəydi məsələni. Amma onun əlindən gəlmirdi sərtlik, bacarmırdı. Biz bu məsələnin üzərində dayanmazdıq, əgər bu, respublika rəhbərliyinin kadr siyasətində yeganə hadisə olsaydı. Məsələ də burasındadır ki, bu, tipik hadisədir. Fevral ayında Ağdamda kadrların təyin olunması, dəyişdirilməsi barədə bütöv kitab yazmaq olar. Belə hallar olduqca çox idi(özü də bir qayda olaraq hər səviyyədə), özü də əsas etibarilə heç bir məntiqi əndazəyə sığmırdı, işlərin qaydaya salınmasına kömək etmirdi. Əksinə, işlərin korlanmasına aparıb çıxarırdı. Və yəqin ki, elə bu kadrlarla “məşq etmək” oyunu Xocalı faciəsini yaxınlaşdırdı, ona şərait yaratdı.

Özünüz mühakimə edin...”



(Davamı var)



Təqdim etdi: Sultan Laçın












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.