Sahibkarlar qeyri-müəyyənlik içində – Orta və kiçik biznes yağışdan yağmura…
3-11-2015, 11:34
Bu gün əhalinin heç də varlı təbəqəsini təmsil etməyən və “biznesmen” adından çox “biznesin fəhlələri” adına layiq olan kiçik və orta sahibkarlarımız ölkə başçısının yoxlamaların 2 illiyinə dayandırılması qərarı və MTN ətrafında baş verənlərdən sonra bir qədər ümidləniblər.
Nəhayət, sahibkarlara zülm edənlərin cəzalandırılacağına yönələn hədələrin reallığa çevriləcəyi və biznesin rahat nəfəs alacağına dair işıq ucu görünməyə başlayıb. Bəs əslində nə baş verir və “yuxarıdakı” məmurlar doğrudanmı biznesi illərdir saxladıqları “rüşvət və haqsızlıq həbsxanasından” azad edəcəklər?
“Rüşvət verirsən döyürlər, vermirsən yenə döyürlər…”
Bir məhşur türk filmi var. Ötən əsrin 60-80-ci illər Türkiyəsindən bəhs edən “Bankir Bilo” adlı həmin filmdə, Almaniya adı altında aldadılaraq İstanbula gətirilən bir kəndli pul-para toplamaq üçün küçə alverinə girişməli olur. Digər küçə alverçiləri ilə bir sıraya düzülən və buraların qaydalarını bilməyən binəvaya elə “biznesinin” birinci günündə bələdiyyə polisi yaxınlaşaraq “ver” deyir. Həmin an xiyar satan kəndli əlindəkini ona tərəf uzadır. Elə bununla eyni anda bələdiyyə görəvlisinin şapalağını yeyir. Özünü itirən yazıq ətrafdakılardan nə baş verdiyini soruşduqda, ona başa salırlar ki, məmura rüşvət vermək lazımdır, xiyar yox, səni pula görə vurdu. Nə isə, qaydalara yenicə öyrəşən “sahibkar” bir gün görür ki, həmin əraziyə bələdiyyə rəisi gəlir. Tez gündəlik rüşvət parasını götürərək rəisin qabağına qaçır və bu dəfə xiyarı yox, pulu “sahibinə” uzadır.
“Mənə rüşvət verirsən?” deyən və guya yığılan pulların ona çatmadığını göstərən bələdiyyə rəisi yanındakı əsabələrinə “biznesmeni” cəzalandırmaq göstərişi verir. Yazığı yenə salırlar şapalağın altına. Mat qalan binəva deyir: “Para vermirsən döyürlər, verirsən yenə döyürlər…”
Azərbaycanda xüsusilə kiçik və orta biznes sahələrində çalışanlar təqribən bu durumdadırlar. Gələn şapalaqlayır, gedən şapalaqlayır. Hərfi mənada başa düşməyin, amma adamın haqsız yerə min zəhmətlə qazandığını müxtəlif yoxlamalar və digər hədə-qorxularla əlindən almaq elə şapalaqlamaq, hələ biraz da betərdir. Azərbaycanda elə bir nazirlik, komitə qalmayıb ki, onun təmsilçisini görəndə iş adamının dizləri titrəməsin. Allaha şükür qanunlar da hamısı elə yazılıb ki, ha tərəfə çevirsən, insanlara iş, para verən sahibkarı haqsız çıxara bilirsən. Belə çıxır ki, onun dövlətə, xalqa, millətə borcu var, ona isə heç kimin borcu yoxdur – hamı ver deyir, olmaz deyir, qanunsuzdur deyir, heç kim al demir, olar demir, gəl dövlətəm, sənə kömək edim demir!
Vergi verən mərd olar, əgər qoysalar…
Doğrudur, ölkə başçısının sahibkarlıqla bağlı verdiyi son qərarlar məmnuniyyətlə qarşılanıb. Ancaq bununla bərabər, bir qeyri-müəyyənlik hökm sürür. Başqa vaxt dil boğaza qoymayan hökumət kanalları da bu mövzunu ətraflı izah etmir, maarifləndirmir, sanki kimdənsə göstəriş alıblar. İnanın ki, çoxları biri gedib o biri gələn nazirlik təmsilçilərinin onların yaxalarından əl çəkəcəklərinə inanmırlar. Məlumat üçün deyək ki, Azərbaycanda sahibkarlıq subyektlərində yoxlama aparan qurumların sayı 10-12 civarındadır və bunlar rəsmi yoxlama səlahiyyəti olanlardır. Bunun üzərinə müxtəlif adlarla xərac yığanları da gəlsək, 20-yə yaxın qurum alınır. Bunların “şahı” Vergilər Nazirliyidir. İnsaf naminə deyək ki, son bir neçə ildə bu strukturun təmsilçilərinin qeyri-rəsmi vəsait toplamasına, demək olar rast gəlinmir. Əsas etibarı ilə kiçik və orta sahibkarların bütün ödənişləri bank vasitəsilə rəsmi olaraq dövlət xəzinəsinə köçürülür.
Lakin tələb olunan ödənişlərin məbləği real gəlirlərlə tərs mütənasiblik təşkil edir. Son bir neçə ildə Azərbaycanda “partnyorluq müqaviləsi” adlı çox sadə və azərbaycansayağı bir sistem tətbiq olunur. Sahibkar vergi orqanına çağırılır, ona işlətdiyi obyektin şəkli göstərilir – yeri gəlmişkən, sahibkar sanki cinayət törədir və ona cinayət yerindən fotolar təqdim olunur –obyektin içi, çölü, müştərilərin sıxlığı və sair. Sonra vergi rəisi əlini qoyur qulağının dibinə və “oxuyur” – get ayda filan qədər ödə. Və bu zaman dondurma satanla şuba satana fərq qoyulmur, şuba satan yay da olsa , dondurma satan qış da olsa həmin məbləği ödəməlidir, alveri oldu-olmadı! Tələb olunan məbləğ 99,9 faiz hallarda aylıq real gəliri üstələyir. Belə çıxır ki, əlacsız qalan sahibkar yalnız icarə haqqını ödəməyə, işçilərə əmək haqqı verməyə və vergi ödəməyə işləməlidir, özünə heç nə qalmamalı və bütün biznes riskləri də onun boynunda olmalıdır!
Qeyd edək ki, həmin bu “partnyorluq tələsi” bugün də öz işindədir və sahibkarlar az qala zorla vergi orqanı ilə razılaşmaya məcbur edilir. Bu sistemin müsbət tərəfi də var ki, bu da sahibkar-vergi münasibətlərini sadələşdirir və bir çox mənasız vergi yoxlamalarından onu azad edir. Lakin bir şərtlə ki, tələb olunan məbləğ real gəlirlərə uyğun olsun, mövsüm faktoru, bazarın vəziyyəti, əhalinin alıcılıq qabiliyyəti nəzərə alınsın. Özü də bu, təkcə ticarət deyil, ölkə iqtisadiyyatının digər sektorlarında da çalışan iş adamlarına aiddir.
Nəyi və necə yoxlayırlar…
Əvvəlcə bir tendensiyanı qeyd edək. Necə ki, MTN-dən yazmağa hamı qorxurdu, Vergilər Nazirliyindəki çatışmazlıqlardan da yazmağa hər mətbu orqan ürək etmir, sanki bunun üçün də mütləq nazir vəzifəsindən uzaqlaşdırılmalıdır. Hansı ki, burada toxunulacaq olduqca çoxlu sayda məqamlar var. Vergilər Nazirliyi sahibkarlıq subyektlərində bir neçə növ yoxlamalar aparır. Bunlar başda audit yoxlaması olmaqla, xronometraj (dövriyyənin müəyyən edilməsi), kameral yoxlama, operativ yoxlama, əmək müqavilələrinin yoxlanması və sairdən ibarətdir. Əmək müqavilələrinin yoxlanması həm də Əmək Müfəttişliyinin səlahiyyətinə aiddir. Eyni şeyin iki qurum tərəfindən yoxlanmasının hansı zərurətdən irəli gəlməsini isə xüsusi izah etməyə yəqin ki, lüzum yoxdur. Son qərarda göstərilir ki, vergilər və səhiyyə nazirliklərindən başqa heç bir qurum xüsusi zərurət yaranmasa sahibkarlıq subyektlərində 2 il müdətinə yoxlamalar apara bilməzlər və zərurətin hansı hallarda yarandığı göstərilib. Çox gözəl.
Lakin, kim təminat verə bilər ki, “zəruri halları” həmin yoxlayıcı qurumlar özləri yarada bilməyəcəklər, özü də Azərbaycan reallıqlarında? Bunu da bir kənara qoyaq.
Qərarda göstərilir ki, Vergilər Nazirliyi digər yoxlamaları keçirə bilməsə də, xronometraj və əmək müqaviləsilə bağlı yoxlamaları keçirə bilər. Elə məsələ də ondadır ki, “partnyorluq sazişində” tələb olunan mümkünsüz məbləğlə razılaşmayan sahibkarı vergi rəisləri əsasən xronometraj və əmək müqaviləsi yoxlamaları ilə hədələyirlər. Çünki burda “ilişmək” mümkün olan məqamlar çoxdur.
Sadələşmiş vergi dövriyyənin dörd faizinin ödənilməsini tələb edir. Azərbaycan bazarında satılan 100 manatlıq malın əksər hallarda 5-10, maksimum 15 manatı qazancdır. Bir çox hallarda isə bu məbləğ 3-4 manat təşkil edir. Bu da dövriyyənin 5-15 faizi deməkdir. Yaxşı, bunun 4 faizin vergi olaraq ödədik. Bəs bunun icarə haqqı, işçilərin maaşı, Dövlət Sosial Müdafiə Fonduna ödəmələri, standartlaşdırma komitəsindən tutmuş ticarət departamentinə, müxtəlif lisenziyalara, komunal xərclərə və sair ödəmələr?
Hələ sadaladıqlarımız rəsmi ödəmələrdir, rüşvətləri demirik. Bir tərəfdən də biznes riskləri – malların dəbdən və dəyərdən düşməsi (buna mənəvi aşılanması, yaxud köhnəlməsi deyilir), pulun devalvasiyası, ticarətin və istehsalın mövsümi dəyişmələri və sair. Bütün bunları nəzərə aldıqda, dövriyyənin 4 yox, az qala 44 faizi əlindən çıxır. Bu isə qazandığından da artıq ödəmə deməkdir. Elə buna görə deyilmi ki, hər 2-3 obyektdən birinin üzərinə “icarəyə verilir” elanı asılıb. İri ticarət mərkəzləri müflis olunub, bağlanmaq üzrədir. Əmək müqavilələrinə gəldikdə isə, Azərbaycan reallığında 8 saat iş, 2 gün istirahət, 1 aya yaxın məzuniyyət və məzuniyyət xərclərinin ödənməsi, texniki təhlükəsizliyin tam təminatı, bununla bağlı biliklərin mütəmadi verilməsi, sosial sığorta və sair sonsuz tələbləri yerinə tam, qüsursuz yetirən nəinki orta və kiçik biznes təmsilçisi , heç iri adlı-sanlı şirkət də tapa bilməzsiniz. Bir sözlə, bu tip yoxlamalarla nöqsan aşkarlamamaq mümkün deyil.
İndi nə dəyişdi?
Vergi orqanları yenə əvvəlki silahlarını əlində saxlayır. Hələ əksinə, 400 manat olan cərimənin 2000, 4000 və 8000 manata, sadələşmiş verginin 6-8 faizə çatdırılması məsələsi var. Adam var ki, heç piştaxtasındakı malların ümumi qiyməti 2000 manat etmir, buna bu məbləğdə cəriməni necə kəsmək olar? Minimum əmək haqqı 100 dollara yaxın olan ölkədə bu məbləğdə cərimə təklifi verənlər haraları ilə düşünürlər, görəsən... Biz demirik ki, heç kəs vergi, əmək qanunvericiliyinə riayət etməsin – xeyr! Ancaq ya qanunvericiliyi dəyişmək, ya onun tətbiqində yumşalmalara getmək, ya hansısa başqa yollarla sahibkarların boynuna çəkilən ipləri bir qədər boşaltmaq lazımdır.
Yoxlamasız məmur gülləsiz tapanca kimidir
Bir məsələyə də fikir verməmək olmur. Nazirliklərin və dövlət komitələrinin böyük qismində “paket maaş” verilir. Bu vəsaitlər isə əsasən sahibkarlıq subyektlərində aparılan yoxlamalar hesabına formalaşırdı. Yoxlama yoxdursa, demək paket də yoxdur, məmurun nüfuzu, zəhmi də yoxdur, bir növ gülləsiz tapanca kimi... Bəs yoxlamalara qadağa qoyulandan sonra bu nazirliklərdə çalışanların əhvalı necə olacaq? Bu orta və kiçik ranqlı məmurlar 300-500 manat rəsmi aylıq məvaciblə ən azı 2 il dolana biləcəklərmi? Doğrudur, çoxlarının yığdıqları hələ bir müddət onları yola verəcək. Ancaq bir məqamı da nəzərdən qaçırmayaq ki, “paket”lərin yığışdırılması həm də bazarda alıcılıq qabiliyyətinin aşağı düşməsi deməkdir. Dövriyyədəki alıcı gücünün böyük bir hissəsi də elə həmin paketlərdəki məbləğlərin hesabına formalaşırdı.
Belə çıxır ki, rüşvət var bir bəla, yoxdur başqa bəla! Yəni Azərbaycanın istehlak bazarı və ümumilikdə iqtisadiyyatı əcaib bir labirintlə üz-üzədir. Bu da iqtisadiyyatın nə qədər vacib bir elm olduğunu və ölkə iqtisadiyyatını idarə edənlərin nə dərəcədə mükəmməl iqtisadi biliklərə, praktikaya və çevikliyə malik olmasının vacibliyini ortaya qoyur. Burada ciddi iqtisadi sistem dəyişikliklərinə və elmi tərəfdən əsaslandırılmış dərin islahatlara ehtiyac var. Bəs bizdə bunu bacarırlarmı? Milyardlarla dolların oğurlanıb xaricə daşınmasını “görməyən” hökumət, bank sektoruna cavabdeh olanlar belə bir islahat apara bilərlərmi? Devalvasiya və rüşvətlə diz çökdürülən bədbəxt sahibkarı yükləmək asandır, indi isə onsuz da can üstə olan bu zümrəyə sanki elektroşok verilir ki, bəlkə dirildi… Sahibkar onsuz da öz məsuliyyətini dərk edir və edəcək, özündən başqa bir neçə ailənin də çörək qazanmasına çalışıb və çalışacaq, bəs hökumətdəkilər, məsuliyyətlərini dərk edirlərmi?
İstənilən halda, sahibkarlıqla bağlı son qərarlar müsbət qarşılanır və alqışa layiqdir. Bir şərtlə ki, onu icra edənlər həmişəki kimi qaş düzəldən yerdə göz çıxarmasınlar və sahibkar yağışdan çıxıb yağmura düşməsin.
(AzPolitika.info)