Bahalaşan limonu Azərbaycan hansı ölkələrdən alır?

25-06-2025, 15:18           
Bahalaşan limonu Azərbaycan hansı ölkələrdən alır?
Bir müddət əvvəl pərakəndə satışda 50-60 qəpiyə təklif olunan limonun indi 1 manatdan başlayaraq 1 manat 50 qəpiyə qədər qiymət aralığında satılır.
Hətta kiloqramla satışda da artım müşahidə olunub. Əvvəllər 2 manat 50 qəpik və ya 3 manata təklif edilən limon hazırda daha yüksək qiymətlərlə alıcılara təqdim olunur.

Bəs Azərbaycan limonu əsasən hansı ölkələrdən alır?

TEREF Valyuta.az-a istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycana ümumilikdə 7 min 595 ton limon və laym idxal olunub. Bu məhsulların idxalı üçün 5 milyon 867 min ABŞ dolları xərclənib.

Limonlar əsasən beş ölkədən – Türkiyə, İran, Cənubi Afrika Respublikası, Çin və Braziliyadan gətirilib.

Ən çox idxal Türkiyədən olunub. Bu ölkədən 7 min 139 ton limon və laym alınıb. İdxal üçün ödənilən məbləğ 5 milyon 355 min dollar təşkil edib. Türkiyədən gətirilən limonun 1 kiloqramı orta hesabla 0.75 dollar, yəni 1 manat 27 qəpik olub.

İran İslam Respublikasından 182 ton məhsul idxal olunub və bunun üçün 136 min dollar ödənilib. Buradan gətirilən limonların 1 kiloqramı da 0.75 dollar, yəni 1 manat 27 qəpik olub.

Cənubi Afrika Respublikasından 163 ton limon alınıb. İdxal dəyəri 204 min dollar təşkil edib. Bu ölkədən gətirilən məhsulun kiloqramı 1,25 dollara, yəni 2 manat 12 qəpiyə başa gəlib.

Çindən idxal edilən 84 ton limon üçün 117 min dollar ödənilib.1 kiloqram məhsulun qiyməti isə 1,39 dollar və ya 2 manat 37 qəpik olub.

Ən az idxal Braziliyadan həyata keçirilib. Bu ölkədən 26 ton limon gətirilib və 53 min dollar xərclənib. Braziliya limonu digərlərinə nisbətən daha baha başa gəlib – 1 kiloqram üçün 2 dollar 6 sent, yəni 3 manat 49 qəpik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru