Avtobus sahibləri və sürücüləri üçün – SƏRT CƏZALAR QÜVVƏYƏ MİNDİ
4-11-2015, 02:20
Azərbaycanda sərnişin və yük daşıyan nəqliyyat, xüsusilə də avtobuslarda sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görünməmiş sərt cəzaların tətbiqinə başlanır. Fins.az-ın məlumatına görə, bu, prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar və Cinayət Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulub.
Dəyişikliklərə görə, İnzibati Xətalar Məcəlləsinə yeni 150-6 maddəsi əlavə eilib. Həmin maddə avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılması və sürücülərinin tibbi müayinəsinin təşkil edilməməsinə görə cəzaları nəzərdə tutur. Maddəyə əsasən, sərnişin və yük daşımalarını yerinə yetirən avtomobillərin texniki vəziyyətinin reysqabağı yoxlanılmamasına, eləcə də, sürücülərin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda cərimə edilir.”.
Bundan başqa, Məcəlləyə əlavə edilən digər (152.5 – 152.7-ci) maddələrə görə, ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə on beş gündən bir ayadək müddətə həbs tətbiq olunur.
Bu hadisə bir il ərzində ikinci dəfə təkrarlansa bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Sürücülük vəsiqəsi imkan vermədiyi halda vətəndaş ictimai nəqliyyat idarə edərək kiminsə sağlamlığına yüngül bədən xəsarəti yetirsə və ya zərər çəkən şəxsə maddi zərər vurarsa, iki aydan üç ayadək müddətə inzibati həbs ediləcək.
Ümumi istifadədə olan avtomobili idarə etmək hüququ olan şəxs onu sərxoş şəkildə idarə edərsə, onun sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılır və on beş gündən bir ayadək müddətə inzibati həbs edilir.
Bu hadisə il ərzində ikinci dəfə təkrarlansa, sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılır və bir aydan iki ayadək müddətə həbs edilir.
Avtomobili sərxoş şəkildə idarə etməklə kiminsə sağlamlığına və maddi durumuna zərər vurduqda sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılır və iki aydan üç ayadək müddətə həbs edilir.
Sürücülük vəsiqəsi imkan vermədiyi təqdirdə, avtomobili sərxoş vəziyyətdə idarə edən şəxslər bir aydan iki ayadək müddətə, belə halda üstəlik kiməsə zərər vurduqda isə iki aydan üç ayadək müddətə həbs edilirlər.
Amma bu sahədə cəzalar təkcə avtomobili hüququ olmadan idarə edənlərə aid deyil. Məcəlləyə dəyişikliyə görə, avtomobilini onu idarə etmək hüququ olmayan şəxslərə verənləri də ciddi cəzalar gözləyir. Belə ki, ümumi istifadədə olan avtomobili sərnişin daşınması üçün onu idarə etmək hüququ olmayan şəxsə verilməsinə görə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 3000 manat cərimə edilir.
Belə hal bir il ərzinrdə bir də təkrralansa, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər isə 5000 manat cərimə edilir.
Belə hal nəticəsində kiminsə sağlamlığına və ya əmlakın zərər dəydikdə isə fiziki şəxslər 400 manat, vəzifəli şəxslər 800 manat cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 6000 manat cərimə edilir.
Maşınını sürmək üçün sərxoş şəxsə verməyə görə isə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər 4000 manat cərimə edilir. Bu hadisə il ərzində təkrar olunsa, fiziki şəxslər 400 manat, vəzifəli şəxslər 800 manat, hüquqi şəxslər 6 000 manat cərimə edilir.
Bu hadisə nəticəsində kiminsə sağlamlığına və ya əmlakına zərər dəyərsə, fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 8 000 manat cərimə edilir.
Avtomobilini həm sürücülük hüququ olmayan, həm də sərxoş şəxsə verdikdə isə fiziki şəxsləri 600 manat, vəzifəli şəxsləri 100 manat, hüquqi şəxsləri isə 8000 manat cərimə gözləyir. Bu hadisə il ərzində təkrarlansa, bir aydan iki ayadək müddətə həbs tətbiq olunur, hüquqi şəxslər isə 12 000 min manat cərimə edilir.
Əgər bu hadisə nəticəsində kiminsə sağlamlığına və ya maddi zərər dəyərsə, fiziki şəxslər 1 000 manat, vəzifəli şəxslər 2500 manat cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə həbs edilir. Hüquqi şəxslər isə bu hadisəyə görə, 15 000 manat cərimə edilir.
Bu hallarla bağlı Cinayət Məcəlləsinə də dəyişikliklər edilib. Burada daha ağır cəzalar nəzərdə tutulub. Belə ki, Məcəlləyə yeni 265-1-ci maddə əlavə edilib. Həmin maddəyə görə, ümumi istifadədə olan avtomobilləri idarə etmək hüququ olmayan şəxsin belə avtomobili idarə edilməsinə buraxılması, yaxud sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda – iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 000 manatdan 6 000 manatadək cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.