Arif Alışanov öz həyatını da saxtalaşdırıb: - Az TV sədrinin kiriminal keşmişi
5-11-2015, 23:31
Ləkəli keçmişi olan adamlar bəlli bir mərhələdə öz faciələrini dərk edir və özlərinə saxta bioqrafiya düzəltməyə başlayırlar
Onlara elə gəlir ki, bioqrafiyalarına bəzək-düzək vurub yalanlar qatmaqla mahiyyətlərini dəyişir və ərafdakıları aldada bilirlər. Son illərdə vəzifəyə gəlmiş məmurlar sırasında bioqrafiyasına əl gəzdirənlərdən biri də AzTV-nin mühasib sədri Arif Alışanovdur.
Sədr olana qədər A.Alışanov TV aləmində büdcədən məharətlə pul oğurlamağı bacaran, maliyyə sənədlərini saxtalaşdıran, bu məsələlərdə risk etməyi bacaran “yaxşı kadr” kimi tanınırdı. Əvvəlcə Qeysər Xəlilovun (1990-1991), sonra isə Nizami Xudiyevin (1996-2006) sədrliyi dövründə ona geniş meydan açılmışdı. AzTV-nin, necə deyərlər, ən pullu nöqtəsi maliyyə və texniki-istehsalat sahəsidir ki, A.Alışanov da 1990-cı ildən sonra bu yağlı yerdə kök sala bilib. AzTV üçün milyon dollarlıq texniki vasitələrin alınması, ümumiyyətlə, bütün texniki işlərin kurasiyası onun nəzarətində olub. Buraya uzun illər dövlət büdcəsindən axan pullar isə, əlbəttə, təyinatı üzrə xərclənməyib. A.Alışanov həyata keçirdiyi uğurlu maliyyə fırıldaqları nəticəsində necə deyərlər, özünü yaxşı tutub, imkanlarını genişləndirməyə və yeni “zirvələri” fəth etməyə başlayıb. Oğurluq pulların sayəsində yuxarılarda özünə yaxşı himayədarlar da tapıb. Bu isə onun AzTV-yə sədr təyin olunmasında əsas rol oynayıb.
Düzdür, sədrlik ərəfəsində o, artıq müəyyən dairələrdə şübhəli keçmişi ilə tanınırdı, çoxsaylı saxta maliyyə pozuntularında adı hallanırdı, haqqında bir neçə dəfə cinayət işi başlanmış, hətta 1993 və 1996-cı illərdə həbs edilmək təhlükəsi ilə üzləşmişdi, təbii ki, yığdığı sehrli pulların sayəsində canını qurtara bilmişdi.
Sədr N.Xudiyevin avtomobil qəzasından sonra səhhətində yaranan problemlər A.Alışanovun əl-qolunu açmışdı. Üzdə ona özünü çox yaxın göstərən, bazarlığını edən, hətta evinin zibilini atan maliyyəçi qardaş altdan-altdan öz işini görür, TV-dəki yaxın adamlarının əli ilə efirə gedəcək kasetləri dəyişdirtdirir, xüsusən Xəbərlər” proqramında tez-tez “gözlənilməz hallar” yarada bilirdi. O, öz himayədarlarına artıq N.Xudiyevin işləyə bilməməsi haqqında da davamlı və yalançı məlumatlar ötürürdü. Görünür, qurulmuş planlar öz bəhrəsinin verdi və TV tarixində ilk dəfə humanitar təhsili olmayan və adı heç vaxt müsbət planda çəkilməyən birisi sədr kreslosuna yiyələndi.
Əlbəttə, bu sadaladıqlarımız haqqında dəfələrlə yazılıb və ölkədə az qala hər kəs A.Alışanovun bu “qəhrəmanlıqları” haqqında yaxşı bilir. Amma sözümün canı bu deyil, heç AzTV-dəki rüşvətxorluq, indiki büdcə oğurluğu, əməkdaşların haqqının tapdanması, maaşsız qalmaları və ədalətsizliklər haqqında da danışmaq istəmirik. Sədrin işçilərlə kobud davranışı, onun bəsit düşüncəsi və savadsızlığı ilə bağlı teleşirkətdə dolaşan lətifələrlə də işimiz yoxdur. İndiki halda söhbət A.Alışanovun özünün ictimaiyyətə sırımaq istədiyi yalanlar haqqındadır.
Bu günlərdə AzTV-nin saytında A.Alışanovun bioqrafiyasındakı iki cümlə diqqətimizi cəlb etdi: “1984-cü ildə iqtisadçı ixtisasına yiyələnib. Sonrakı dövrdə Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunu, Bakı Ali Partiya Məktəbinin ideoloji kadrlar fakültəsini bitirib”. İqtisadçı ixtisası barədə söhbət yoxdur, çünki bu adam, həqiqətən Xalq Təsərrüfatı İnstitutunu qiyabi bitirib. Amma Jurnalist sənətkarlığı institutu və Bakı Ali Partiya məktəbi təzə məsələdir və bunlar buxalteriyadan sədrliyə gəlmiş adamın bioqrafiyasındakı boşluqları “doldurmağa” xidmət edir. Yəni Alışanov demək istəyir ki, o ideoloji sahənin adamıdır və həm də, sən demə, jurnalisdir(?!).
Bilməyənlər üçün deyək ki, Azərbaycanda və SSRİ-də heç vaxt “Jurnalist Sənətkarlığı” adlı institut olmayıb, sadəcə o vaxt jurnalist birlikləri nəzdində təşkil edilən formal və ayda bir dəfə məşğələsi olan, ya olmayan dərnəkləri belə adlandırırdılar ki, bir az cazibədar olsun. Görünür, Alışanov onu nəzərdə tutub və “zəngin” bioqrafiyasına yazıb. Deməli, sədr olan adam hələ başa düşmür ki, dərnək adama ixtisas vermir, onu buxalterdən jurnalistə çevirmir.
AzTV sədri “Bakı Ali Partiya məktəbi” məsələsində lap gül vurur. Əslində o, mənasız dərslər keçilən “marksizm-leninizm universiteti”nin dinıəyicisi olub və indi saxtakarlıq edib bioqrafiyasına başqa nüfuzlu təhsil ocağının adını yazır. Ona elə gəlir ki, belə yazanda camaat sədrin keçmiş “partşkola”nı bitirdiyini düşünəcək və ona “savadı qıcqıran” şəxs kimi baxacaqlar.
Təbii ki, bu ciddi bioqrafiya saxtakarlığı A.Alışanovun öz yerində olmamasının, içində daşıdığı kompleksinin “məhsulu”dur, amma adam anlamır ki, hər saxtalaşdırılan sənəd (mühasibat kağızları kimi) adama uğur gətirmir…(moderator.az)