Aslan İsmayılovla hakim arasında qarşıdurma: “"Əəə, mədəniyyətsiz, məni başqaları ilə səhv salma" ”

22-05-2019, 06:26           
Aslan İsmayılovla hakim arasında qarşıdurma: “"Əəə, mədəniyyətsiz, məni başqaları ilə səhv salma" ”
"Dünən Binəqədi rayon məhkəməsində haqqımda dəfələrdə ən əxlaqsız, təhqiramiz ifadələr işlətmiş Hafiz Hacıyevlə bağlı xüsusi ittiham qaydasında verdiyim şikayət ərizəsi ilə bağlı yeddinci məhkəmə iclası keçirildi”. Criminal.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.
O, bildirib ki, bu məhkəmələrin heç birinə H. Hacıyev gəlməyib. Beşinci məhkəmə iclasında işə baxan hakim Abbas Rzayev məhkəmədə H.Hacıyevin məcburi qaydada gətirilməsi barədə qərar elan etsə də altıncı məhkəmə iclasında hakim A.Rzayev bildirib ki, Hacıyev az əvvəl vəkili ilə məhkəməyə gəlib və özünün məhkəməyə könüllü şəkildə gələcəyini bildirdiyindən onun polislə məcburi qaydada məhkəməyə gətirilməsi barədə qərar icraya yönəlməyib:
"Dünən saat 16-ya təyin olunmuş məhkəmə iclasına 15:55-də daxil oldum. Təxminən 20 dəqiqə ərzində hakim A.Rzayev heç bir işə baxmasa da, guya məşğul olduğunu imitasiya edirdi. Bir neçə dəfə müraciət etsəm də, özünü görməməzliyə vururdu. Sonuncu müraciətimdə məhkəmə iclas katibindən "Hafiz müəllimlə danışa bildinizmi" deyə soruşdu. Növbəti dəfə hakimə qarşı tərəfin heç vaxt məhkəməyə gəlmədiyini bildirdikdə "səndən soruşan yoxdur, otur yerində!" deyə üstümə qışqırdı.
"Hörmətli məhkəmə, mən Sizə müraciətimdə hər dəfə hörmətli məhkəmə, yaxud Siz deyə müraciət edirəm və mənə də Siz deyə müraciət etmənizi xahiş edirəm" dedim. Bundan sonra hakim A.Rzayev tamam aşıb coşdu. Sonrakı ifadələri və davranışı isə hakimi yox, küçə adamını xatırladırdı. Dəfələrdə mənə "əəə, sənə dedim məni başqaları ilə dəyişik salma", "əəə, sənə yerini göstərərəm" və bu kimi ifadələrlə məni təxribata çəkməyə çalışdı. Bunun monoloqunu dinləyərək "xahiş edirəm özünüzü mədəni aparın" dedikdə isə "əəə, mədəniyyətsiz, sənə dedim məni başqaları ilə səhv salma" bağıraraq az qala kürsüdən düşüb məni vurmağa hazırlaşırdı. Hakimin artıq bütün həddləri keçdiyini görüb susmağa üstünlük verdim.
Sonda isə mənə bir sual verdi "Sən nə üçün Binəqədi məhkəməsinə müraciət etmisən?". Cavab verdim ki, H.Hacıyevlə bağlı əvvəlcə Nərimanov məhkəməsinə müraciət etmişdim. Ancaq H.Hacıyevin yaşayış yerinin Binəqədidə olması ilə bağlı müraciətinə əsasən Nərimanov rayon məhkənəsi işi baxılması üçün Binəqədi məhkəməsinə göndərmişdir. Bunu deməyimə baxmayaraq müşavirə otağına getdi və qayıdaraq işin baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilməsi barədə qərar elan etdi. Şübhəsizdir ki, qərar qanunsuzdur. Ona görə ki, əgər hər hansı bir qanuni əsas olsaydı elə birinci məhkəmə iclasından iş Yasamal rayon məhkəməsinə göndərilərdi.
Məhkəmədən sonra A.Rzayevin kimliyi ilə maraqlandıqda isə eşitdiklərim ümumiyyətlə məni dəhşətə gətirdi. Bir daha əmin oldum ki, heç bir Prezident fərmanı bu cür hakimlərlə məhkəmə sistemini dəyişə bilməz. Hakim A.Rzayevin məsuliyyətə cəlb edilməsi barədə ərizə hazırlamağım üçün məhkəmədən dərhal sonra Binəqədi rayon məhkəməsinin sədrinə iclasın tam videoyazısını mənə təqdim edilməsi barədə ərizə ilə müraciət etdim. A.Rzayevin apardığı məhkəmə proseslərində qanunsuzluqlarının şahidi olanlardan bu barədə şərhlərdə yaxud mənə məktub formasında yazmalarını xahiş edirəm. Belələrinin hakim yox, istənilən vəzifədə işləməsi cəmiyyət üçün təhqirdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.