“Yaradıcı məktəblər təhsilin hansı yöndə dəyişməli olduğuna...”
24-05-2019, 00:33
Dünən, Təhsil Nazirliyi tərəfindən dünyaca tanınmış təhsilşünas Ken Robinsonun “Yaradıcı məktəblər” kitabının təqdimat mərasiminin keçirilməsindən sonra “Maraqlı gəldi mənə.Tapsaydıq oxuyardıq”, “Kimdir bu Ken?”, “Hardan almaq olar bu kitabı?” məzmunda xeyli müraciətlər almışam. Bəri başdan deyim və tədbirdə də qeyd edildiyi kimi, bu kitab təhsil müəssisələrində yeni pedaqoji yanaşma tətbiq edilməsi, yaradıcı təhsilin genişləndirilməsi və məktəb rəhbərlərini, müəllimləri təhsilin əsl mahiyyəti və məqsədi haqqında yenidən düşünməyə sövq etməsi baxımından son dərəcə faydalı vəsaitdir.
Həqiqətən də “Kimdir bu Ken”? — Ser Ken Robinson (4 mart 1950 –Liverpul, Böyük Britaniya) — Uorik universitetinin professoru, dövlət və ictimai təşkilatlarda yaradıcı təfəkkür, təhsil və innovasiyalar üzrə spiker və beynəlxalq məsləhətçi, “The Arts in Schools Project “ Məktəbinin direktorudur.Təhsil sahəsində xidmətlərinə görə “Cəngavər” tituluna və Bencamin Franklin medalına layiq görülüb. “Yaradıcı məktəblər”, “Element”, “Gələcəyin məktəbi. İstedadlı uşağı necə yetişdirməli” və bir çox diqər kitabların müəllifidir.
Ken Robinson nə deyir? — “Dəyişiklik haqqında düşünməyin ən yaxşı yolu metaforaları dəyişməkdir. Təhsil haqqında əvvəlkitək yaxşı işləməyən mexaniki proses şəklində düşünsəniz, fikirləşsəniz ki, sistemi bir az silkələyib, düzgün formada standartlaşdırdıqda o, əbədi olaraq effektiv işləyəcək, o zamanın yanlış nəticəyə gələ bilərsiz. Məsələ bundadır ki, standartlaşdırma ilə istədiyiniz nəticəni əldə edə bilməyəcəksiniz, çünki təhsil siz düşündüyünüz cür (və bir çox siyasətçilərin istədiyi kimi) deyil.”
Harvard universiteti nəzdində İnnovasiya laboratoriyasının ekspert-rezidenti, “Yaradıcı təhsil İnnovasiyaları mərkəzi”nin elmi işçisi, Harvard ali məktəbində “Change Leadership Group”-un yaradıcısı Toni Vaqner yazır: “Yaradıcı məktəblər təhsilin hansı yöndə dəyişməli olduğuna parlaq və maraqlı bir baxış təşkil edir. Bu vacib kitabı mütləq oxumalısınız!”
Bu kitab cəmi 2000 tirajla nəşr olunub və şübhəsiz ki, təkcə 4500 ümumtəhsil məktəbimiz olduğunu nəzərə alsaq, bu «mizer» rəqəmdir. Görünür, əlavə nəşrə ehtiyac duyulacaq və bu barədə təkcə Təhsil Nazirliyi deyil, habelə təhsilimizin inkişafında və gələcək tərəqqisində maraqlı olan Nəşriyyatlar da düşünəcək.
Bununla belə istənilən halda, bu ilin aprel ayından etibarən Təhsil Nazirliyi tərəfindən “#HərGün Oxu” kampaniyasına start verilməsi və bunun davamı olaraq Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, millət vəkilləri, təhsil ekspertləri, ümumi təhsil müəssisələrinin rəhbərləri və media nümayəndələri iştirakı ilə Təhsil Nazirliyinin sifarişi əsasında Azərbaycan dilinə tərcümə olunmuş Ken Robinsonun “Yaradıcı məktəblər” kitabının təqdimat mərasiminin keçirilməsini təhsil ictimaiyyətində təhsilə maraq yaratmaq, öyrənmək həvəsini inkişaf etdirmək, onlarda müasir dövrün texnoloji və peşəkar resurslarından faydalanmaq məqsədinə xidmət edən həmin kampaniyanın davamı kimi qiymətləndirib dəyərləndirmək olar.
Arzu və ümid edək ki, Təhsil Nazirliyi bu istiqamətdə görülən işləri bundan sonra da ardıcıl və sistematik olaraq davam etdirəcək, beynəlxalq təhsil sisteminə inteqrasiya yolunda dünya təhsilinə Ken Robinsonla yanaşı böyük töhvələr vermiş Hovard Qardner, Maykl Oukşot, Con Gudled, Martin Haydeqqer, Xuan Orteqa, Artur Şopenhauer və digər bu kimi mütəfəkkirlərin müvafiq əsərlərini tərcümə edərək, geniş təhsi ictimaiyyətimizə çatdırılmasında maraqlı olacaq, müəllimlərimizin və rəhbər təhsil işçilərimizin məhz milli və dünya klassik fəlsəfəsinin və maarifçiliyinin görkəmli nümayəndələrinin bilik xəzinəsi nümunələri ilə silahlanması, onlar üçün təhsil sahəsindəki vəzifələrini yerinə yetirməkdə, təlim-tərbiyə prosesinin təşkilində ən yaxın yardımçı rolunu oynaya bilmələrinə yardımçı olacaqlar.
Nadir İsrafilov