Bazarlar uğrunda savaş
17-11-2015, 22:04
Şimali Afrika, Orta Doğu, Müsəlman ölkələri – yaxın gələcəkdə sayı 1 mlrd. insana çatacaq böyük bir coğrafiyadır. Kasıb, amma sürətlə artan əhalisi, əsas da “ac”, istehlak cəmiyyəti vərdişlərinin tam oturuşmadığı ölkələr yaxın gələcəkdə Dünya İqtisadiyyatının artımında mühim rol oynayacaq. Bu gün baş verən hadisələr, əslində bazarlar uğrunda gedən savaşlardır. Enerji resurslarına nəzarət daha aktual bir mövzu deyil.
Sizə bir hadisə danışım. 2009-cu ildə ABŞ-da uzunmüddətli səfərdə idim, çox maraqlı konfranslara qatılırdım. Toplantıların biri yaxın 30-40 ilin enerji bazarlarına, neft-qaz məsələlərinə həsr olunmuşdu. ABŞ-dan olan bir professorun çox maraqlı söhbətinə şahid oldum. Mənim Azərbaycandan olduğunu biləndə maraq yarandı, ölkə haqqında suallar verdi, sonra dedi ki, illərdir neftlə zəngin Ərəb ölkələri anlamır ki, neft erasının sonu gəlir, özlərinin elmini, istehsalını inkişaf etdirməsələr, yaxın gələcəkdə çökəcəklər.
Adam tam haqlıdır, indi bunu izah etməyə çalışacağam. Məsələn, Səudiyyə ABŞ-a neft satmaq istədi, o zaman qiymət 10-15 dollar idi, neftini aldılar, əvəzində üzərində ABŞ prezidentlərinin şəkli və rəqəmlər olan “kağız” verdilər. Ərəblər sevindilər, sonra gəldilər ki, bizə uçaq, avtomobil, kompyuter verin – həmin “kağızları” onlardan aldılar, əvəzinə uçaq, avtomobil, kompyuter verdilər – qazanan Qərb istehsalçıları oldu. Sonra neft 40-50 dollar oldu, Ərəblər kef edirdilər, yenə neftlərini Qərbə verdilər, onlar da üzərində başqa prezidentin şəkli, başqa rəqəm olan “kağızları” onlara verdilər. Sonra gəldilər ki, bizə tank verin, top verin, silah verin – Qərb əllərində olan o “kağızları” aldı, əvəzində silah verdi – yenə Qərb istehsalçılar qazandı. Neft 100 dolları keçdi, Ərəblər Avropada, ABŞ-da daşınmaz əmlak, idman klubları, şirkətlər aldılar, gözləri ayaqlarının altını görmürdü. Yenə Qərbə dedilər ki, bizə yeni uçaqlar, yeni avtomobillər, yeni komputerlər, yeni silahlar verin – yenə həmin “şəkilli kağızlar” Qərbə getdi, onların istehsalçıları pul qazandılar. Beləliklə, günün birində o Ərəbin əlində nə “şəkilli kağız”, nə də neft qalacaq.
Bir sözlə, ABŞ və Qərbin indiki siyasəti neft üçün deyil, bazarlar uğrundadır ki, həmin ölkələr varlansınlar, istehlak toplumuna çevrilsinlər, Qərb də onlara Apple, Mersedes, BMW, Ford, Boeing, Airbus satsın.
Çin də o bölgədə çox aktivdir, o da mal satmaq istəyir, ona da tükətim toplumunun yaranması sərf edir, məhz buna görə Afrikada, Asiyada bəzən geri dönüşü olmayan yatırımlar edir.
Bütün bunları anlamaq elə də çətin deyil, anlamadığım odur ki, bəs Rusiya niyə bu qədər aktivlik edir? O nə satacaq bazarda? Silahdan başqa nəyi var ki, nə də satsın? Rusiyanın özü elə yuxarıda misal çəkdiyim Ərəb ölkələrinin günündədir. Deməli, Rusiya müharibələr istəyir ki, silahını sata bilsin. Çünki, dünyada ən böyük əraziyə sahib olan, dünyada ən çox təbii resurslara malik olan Rusiya hələ də imperiya olmağın yolunu fiziki olaraq torpaq işğal etməkdən, ərazilərinin genişlənməsindən keçdiyini düşünür. Hələ də bu ölkə 16-19-cu əsrlərin yanaşmasında qalıb. Anlamır ki, imperiya olmağın yolu-yönətəmi dəyişib, müasir imperiya modeli Cənubi Koreyadır, Yaponiyadır, onlar öz məhsulları ilə evlərimizi, qarajlarımızı, ciblərimizi “işğal” edirlər, hələ də başa düşmürlər ki, 21-ci əsrin davası bazarlar, özü də yeni bazarlar uğrundadır. Bazarda oyunçu olmaq üçün isə mütləq güclü istehsalın, iqtisadiyyatın olmalıdır. Rusiya bunu anlasa, dəyişməli, rəqabətli iqtisadiyyat, azad məhkəmə və seçki sistemi qurmalıdır, o zaman Rusiya dünyada doğrudan da böyük, qüdrətli dövlət olacaq, anlamasa dünyanın “xammal bazası” rolunu oynayaraq, arada bir mənasız səs-küy salaraq, regional oyunçu olaraq qalacaq.
P.S. Bizim ölkə hətta o misaldakı Ərəb ölkələrindən də bərbad gündədir, üzərə çıxaracağımız bir məhsulumuz yoxdur, istehsal ölüb, iqtisadiyyat çökür-çökəcək.
Natiq Cəfərli