Cahangir Hacıyev həbs olunacaqsa... - Vurduğu ziyanların aqibəti necə olacaq?
18-11-2015, 13:07
Cahangir Hacıyevin şirkətində maaş davası davam edir. Belə ki, "Azərinşaatservis" MMC şirkətinin maaşını ala bilməyən işçiləri yenidən aksiyaya başlayıblar. Bu barədə sayta aksiya iştirakçıları məlumat veriblər.
Ziya Bünyadov prospektində yerləşən "Azərinşaatservis" MMC-nin ofisinin önünə toplaşan 200-dən çox işçi maaşlarının verilməməsi səbəbindən belə bir addım atdıqlarını bildirirlər. Aksiya iştirakçısı Şərafəddin adlı şəxs deyir ki, oktyabr ayının 29-da keçirdikləri aksiyadan sonra sifarişçi şirkət olaraq "Azəryolservis" ASC-nin əməkdaşı Eldar adlı şəxs onlarla görüşüb. Həmin adam işçilərə 10 gün ərzində maaşlarının veriləcəyini deyib. "10 gün gözlədik amma heç kim bizə pulumuzu vermədi. Hazırda şirkət 1100 nəfərə pul ödəməlidir. Aksiyada həmin 1100 nəfərdən cəmi 200 nəfərin iştirak etməsinə səbəb isə digər işçilərin yol pulu tapıb etiraz keçirilən əraziyə gələ bilməməsidir. Eldar müəllim bu gün də əraziyə gəldi və bizə bildirdi ki, 10 gün daha səbr edək pullarımız veriləcək. Ancaq hələlik dağılışmaq fikrimiz yoxdur", -deyə aksiya iştirakçısı Şərafəddin adlı şəxs bildirib.
Həmin işçilər bundan qabaq da oktyabr ayının 29-da aksiya keçiriblər. Etirazçılar beş aydır ki, maaş ala bilmədiklərini bildirirdilər.
Onlardan biri olan Məhəmməd Əmirov bildirmişdi ki, aprel ayından əmək haqqını ala bilməyənlər var. Onun sözlərinə görə, şirkət onları işlədəndən sonra öz hesablarına məzuniyyətə göndərib.
Məsələ ilə bağlı “Azərinşaatservis” MMC şirkəti ilə əlaqə saxlamaq mümkün olmayıb, çünki şirkətin telefonları borca görə bağlanıb.
Fəhlələr adı çəkilən şirkətin Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevə məxsus olduğunu iddia edirlər.
Bu arada məlum olub ki, “Moody's” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının törəmə bankı olan “MBA-Moskva”nın milli və xarici valyuta ilə depozitlərinin uzunmüddətli reytinqinə dair proqnozu dəyişib. Agentlik bankın reytinqi üzrə proqnozunu “pozitiv”dən “stabil”ə endirib. “Moody's”dən yayılan açıqlamaya görə, proqnoz dəyişsə də bankın reytinqi “B3” səviyyəsində qalıb.
Eyni zamanda agentlik bankın kredit qabiliyyətinə görə baza qiymətləndirməsini dəyişməyib. Kontragentin risk dəyərləndirməsini isə “B2(cr)” / “Not Prime(cr)” səviyyəsində müəyyən edib. Bu qiymətləndirmə maliyyə institutunun çökməsi halında onun müqavilə öhdəliklərinin yerinə yetirilməsi ehtimalını müəyyən edir.
Bankın milli və xarici valyuta üzrə depozitlərinin qısamüddətli reytinqi isə “Not Prime” səviyyəsində təsdiqlənib, yəni bu depozitlər üzrə reytinq müəyyən olunmayıb.
Bankın reytinqinə dair proqnozun “pozitiv”dən “stabil”ə dəyişdirilməsi onunla əsaslandırılır ki, son illər “MBA-Moskva”nın aktivlərinin keyfiyyətinin yaxşılaşdırılmasına dair tendensiyada dönüş baş verib. Agentlik bankın dəyərdən düşmüş kreditlərinin kifayət qədər yüksək səviyyəsini qeyd edir. Hazırda bankın restuktizasiya olunmuş kreditləri onun ümumi kredit portfelinin 26 faizini təşkil edir. Agentlik dəqiqləşdirir ki, həmin problemli kreditlər uzunmüddətli investisiya layihələrinə yönəldilib, əsasən Azərbaycan Beynəlxalq Bankı tərəfindən maliyyələşdirilib və qarantiya altına alınıb.
Agentliyin analitikləri qeyd edirlər ki, “MBA-Moskva”nın özünün kredit qabiliyyəti əvvəlki kimi məhduddur. Bunun səbəblərindən biri restruktizasiya olunmuş kreditlərin həcminin yüksək olması, ikincisi kredit portfelinin tikinti və daşınmaz əmlak sektorlarında yüksək konsentrasiyasıdır. Həmçinin bank ana strukturdan - Azərbaycan Beynəlxalq Bankından güclü şəkildə asılıdır.
“MBA-Moskva”nın fəaliyyətinin əsas istiqaməti Rusiya və Azərbaycan arasında ticarət müqavilələrini maliyyələşdirmək, iki ölkə arasında hökumətlərarası layihələrin həyata keçirilməsinə xidmət etmək, habelə Azərbaycanla bağlı olan sahibkarlara və müəssisələrə xidmət göstərmək olub.
Bu il oktyabrın 1-nə olan məlumata görə, bankın aktivləri 46,54 milyard rubldur. Kredit portfeli 37,64 milyard, əhali qarşısında öhdəlikləri 13.84 milyard rubl təşkil edir.
Xatırladaq ki, bir neçə gün əvvəl “ABB-Moskva”nın İdarə Heyətinin sədri Fuad Abdullayev işdən çıxarılıb. Onun yerinə hələlik təyinat olmayıb.
“Unikal” olaraq, həmin vaxt yazmışdıq ki, Cahangir Hacıyevin yaxın adamlarından olan F. Abdullayevin “vurulması”nın konkret səbəbini demək çətindir, amma bu birmənalıdır ki, “ABB-Moskva”nın artıq sabiq olan rəhbərinin vəzifəsindən kənarlaşdırılmasında Cahangir Hacıyev və Beynəlxalq Bank ətrafında baş verənlərin də təsiri var. Məlum rəhbər dəyişikliyinin qəfil baş verməsi belə ehtimalı daha da qüvvətləndirir.
“ABB-Moskva”nın reytinqinin aşağı salınması belə deməyə əsas verir ki, Cahangir Hacıyev Beynəlxalq Bankı necə pis vəziyyətə qoyubsa, onun Moskvadakı kadrı da oradakı törəmə şirkəti eləcə çətin duruma salıb. Buna görə də Fuad Abdullayevin qəfil işdən çıxarılmasını anlamaq mümkündür. Hətta istisna deyil ki, Hacıyevin kadrını qarşıda daha çətin sınaqlar gözləsin.