İSRAİLİN ƏRƏB SİYASƏTÇİLƏRİ NETANYAHUYA QARŞI…- Keçmiş baz nazirin hakimiyyətə yolunu necə bağlayırlar?

24-09-2019, 06:32           
İSRAİLİN ƏRƏB SİYASƏTÇİLƏRİ NETANYAHUYA QARŞI…- Keçmiş baz nazirin hakimiyyətə yolunu necə bağlayırlar?
bbc.ru, (Rusiya)



İsrail ərəbləri keçmiş baş qərargah (ordunun) rəisi Benni Hantsı ölkənin növbəti baş naziri görmək istəyirlər. Knessetə seçkilərin ilkin nəticələrinə görə, heç bir partiya həlledici qələbəyə nail ola bilmədi. İndi əsas rəqabət baş nazir Benyamin Netanyahunun “Likud” sağ mərkəzçi partiyası ilə Benni Hantsın sol mərkəzçi “Mavi və Ağ” (İsrail bayrağının rənglərinə uyğun olaraq adlandırılıb) partiyası arasında gedir. İki partiya bərabər mandata sahib olsa, Netanyahunun koalisiya yaratmaq imkanları daha geniş olacaq. Lakin prezident Reuven Rivlin hökuməti qurmağı Benni Hantsa da tapşıra bilər. Belə ki onun partiyası “Likud”u cüzi fərqlə üstələyir. Daha bir variant birlikdə koalisiya hökumətinin qurulmasıdır.

Seçkiyə “Birləşmiş Ərəblər Siyahısı” adı altında qatılan İsrail ərəblərinin partiyası son seçkilərdə 13 yer qazandı və ilk dəfə olaraq ölkədə üçüncü siyasi qüvvə oldu. Onların təmsilçiləri isə hökumətin başında yenidən Netanyahunun olmasını istəmirlər. Ərəb siyasətçilər 92-ci ildən bu yana ilk dəfədir ki, ortaya belə bir mövqe qoyurlar.

Siyasi çıxmazın yaranmasından ehtiyat edən prezident Reuven Rivlin tövsiyə edib ki, hökumətə həm Hantsın 33 mandata sahib “Kahol-Lavan” partiyası, həm də Netanyahunun 31 deputat yeri qazanan “Likud” partiyası daxil edilsin.

İsrail prezidenti onu da deyib ki, bu il üçüncü ümumxalq seçkisinə getməmək üçün əlindən gələn hər şeyi edəcək.

“Birləşmiş Ərəblər Siyahısı”nın lideri Ayman Odeh prezident Rivlinə bildirib ki, alyansın əsas vəzifəsi Netanyahunun növbəti müddətə buraxmamaqdır.



Benni Hants



“Birləşmiş siyahı” seçkidə 13 deputat yeri qazandı. Hants hətta bu 13 parlamentaridən hamısının dəstəyini alsaydı belə, 61 yer qazana, mütləq çoxluğa sahib ola bilməyəcəkdi.

İsrail ərəbləri siyasi güclərini nümayiş etdirə bildilər. İndi prezident baş nazir vəzifəsinə namizədin müəyyənləşdirilməsi üçün partiya liderləri ilə məsləhətləşmələr aparır. İsrail ərəblərinin partiyaları isə ölkənin qanunverici orqanında üçüncü ən böyük qüvvəyə çevrilib.

Təbii ki, təkcə onların dəstəyi Benni Hantsın və onun sol mərkəzçi “Kahol-Lavan” blokunun çoxluğa sahib olmasına kifayət etməyəcək. Lakin bu, Hantsa hakimiyyəti formalaşdırmaq haqqının kimə aid olduğuna dair mübahisələrdə əlavə arqumentlər verəcək.

“Birləşmiş Ərəblər Siyahısı”nın lideri Ayman Odeh bildirib ki, Hants və onun siyasətinə “yaşıl işıq” yandırmasa da, Benyamin Netanyahunun növbəti müddətə baş nazir olmaması üçün hər şey etməyə hazırdır.

Odeh həmçinin qeyd edib edib ki, İsrailin gələcəkdə fələstinlilərin ölkənin siyasi həyatında tam iştirakına ehtiyacı var. Fələstinlilərin Qərb sahilində, Şərqi Yerusəlimdə və Qəzza sektorundakı seçkilərdə iştirak imkanı olmayıb. Onlar İsrailin səsvermə hüququ olan ərəb əhalisinin siyasi iradəsindən asılıdırlar.



Mövcud seçki kampaniyası fələstinliləri “İki xalq üçün iki dövlət” beynəlxalq formulunun işlək ola biləcəyinə daha da inandırdı.

“Şübhə yoxdur ki, seçkiöncəsi kampaniyanın gedişində İsraildə keçirilən debatlar fələstinlilərin diplomatiya və danışıqlara inamına ciddi zərbə vurmuşdu”, – deyə Fələstin ictimai rəyini öyrənən tədqiqatçı Xəlil Şikaki bildirir: “Netanyahunun İordan çayı vadisini və Qərb sahilini yəhudilərin məskunlaşdığı bütün ərazilərini ilhaq edəcəyinə dair vədini də unutmamaq lazımdır”.

Keçirilən sorğu göstərir ki, fələstinlilərin sadəcə 42 faizi “iki dövlət” ideyasını dəstəkləyir. Halbuki 10 il əvvəl – Netanyahu hakimiyyətə yeni gələndə fələstinlilərin 70 faizi bu ideyaya dəstək verirdi.

“İki dövlət” formulunu israillilərin də yarıdan azı dəstəkləyir. Bunu belə izah edirlər ki, onların kompromisə gedəcək və Fələstin dövlətinə real nəzarət edə biləcək tərəfdaşları yoxdur.

Xəlil Şikaki deyir ki, fələstinlilərin təxminən üçdə biri Aralıq dənizindən İordan çayına qədər ərazini əhatə edən, insanlarının səsvermə hüququ olan vahid dövlətin tərəfdarıdır. İsraillilər isə bunu həddən artıq riskli sayırlar və hesab edirlər ki, belə bir ideyanın gerçəkləşməsi İsrailin bir yəhudi dövləti kimi sonu deməkdir…

Tərcümə Strateq.az-ındır












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.