“Azərinşaat” şirkəti necə talan edildi... - ARAŞDIRMA

30-11-2015, 10:02           
“Azərinşaat” şirkəti necə talan edildi... - ARAŞDIRMA
Transmilli tikinti şirkəti olan “Azərinşaat”ın ətrafında son vaxtlar xeyli qalmaqallı hadisələr baş verir.

Şirkətin işçilərinin maaşları aylardır ödənilmir, fəhlələr çoxsaylı aksiyalar keçirirlər, rəhbərlik isə onları quru vədlər yerməklə yola salır.

Amma şirkət rəhbərliyinin “qlobal böhran”, “müvəqqəti çətinlik” kimi arqument və bəhanələri fəhlələri artıq qane etmir. Vəziyyət günbəgün ağırlaşıb gərginləşir. Situasiyanın hətta açıq qarşıdurmaya keçmə ehtimalı da böyük təhlükə kimi şirkətin başı üstündə asılıb qalıb.

Bəs bir neçə il əvvələ qədər həm Azərbaycanda, həm də Qazaxıstan, Gürcüstan və digər ölkələrdə yüz kilometrlərlə yol çəkən, Azərbaycanın inşaat sektorunun az qala qürur mənbələrindən olan bu şirkət ətrafında nələr baş verir?

Üstəlik, “Azərinşaat” Bakı-Tiflis-Qars dəmiryolu xətti kimi meqa-layihənin də əsas podratçısı idi. Xatırlayırsınızsa, 2011-ci ildə Türkiyə və Azərbaycan KİV-lərində bu dəmiryol xəttinin Azərbaycan hissəsində tikinti işlərinin ləngiməsinə dair informasiyalar yayılmışdı. Həmin ləngimə bir vaxtlar qüdrətli biznes strukturu olan “Azərinşaat”dakı böhranla, daha dəqiq desək, şirkətin dağılması ilə bağlı imiş.

İndi isə şirkət tam iflas həddindədir. Görülən işlərin həcmi, deməli, həm də gəlirlər azalır, bununla da şirkət dibə enərək öz sonuna yaxınlaşır...

Halbuki “Azərinşaat” bir vaxtlar məhz “tikinti bumu” erası üçün yaradılmışdı. “Azərinşaat” bir vaxtlar o qədər gəlirli idi ki, əksər nüfuzlu biznesmenlər bu şirkətdə pay sahibi olmağa, onun səhmini almağa çalışırdılar.

Bəs bu şirkət niyə qəfildən iflasa uğradı?

“Azərinşaat”ın yaradıcılarından biri olan tanınmış iş adamı Hafiz Məmmədov virtualaz.org saytına açıqlamasında şirkəti iflasa gətirib çıxaran səbəblərdən danışıb.

Hafiz Məmmədov deyir ki, “Azərinşaat” bir vaxtlar ölkənin bütün mənalarda ən yaxşı şirkətlərindən biri idi: “Bu şirkət əslində prezident İlham Əliyevin ideyasının məhsulu idi. Həmin ideya geniş coğrafiyanı əhatə edən transmilli tikinti şirkətinin yaradılmasını nəzərdə tuturdu. Və Qərb modelinə əsaslanan müasir tikinti şirkəti doğrudan da yaradıldı. Özü də “Azərinşaat” təkcə büdcə layihələrində iştirak etməklə kifayətlənmir, həm də xarici sərmayələr cəlb edirdi. Təəssüf ki, bu şirkəti batırdılar. Daha doğrusu, “Azərinşaat”ı Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyev və onun himayədarları batırdı”.

***

H.Məmmədovun sözlərindən belə çıxdı ki, “Azərinşaat” 2000-ci illərin əvvəllərində 50-nin 50-yə olmaq şərtilə nəqliyyatçılarla Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən müştərək şəkildə yaradılıb. 10 il ərzində şirkətə 160 milyon dollar həcmində kredit cəlb olunub. Lakin zaman keçdikcə, konkret olaraq 2015-ci ilin əvvəlində kredit borclarının həcmi faizlərlə birgə fantastik həddə çatıb - 450 milyon dollar!

Buna görə də ABB prezidenti Cahangir Hacıyev biznesin inkişafı baxımından ağlasığmaz addım ataraq şirkətə yüksək faizlə (18 faiz və daha yüksək) kredit verib. Halbuki C.Hacıyev şirkətin təsisçilərindən biri kimi öz faizlərini əhəmiyyətli dərəcədə endirə bilərdi və əslində bunu etməli idi.

Burada sual yaranır: şirkətin yaradıcıları, elə həmin bu Hafiz Məmmədov bu qədər sərmayəni açıq-aşkar ziyanlı işə niyə qoyurdular? İllah da o halda ki, “Azərinşaat” fəaliyyəti boyunca bircə dənə də büdcə layihəsi sifarişi almamış və ən yüksək faizlərlə ağlasığmaz kredit borcuna girmişdi.

Qeyd etdiyimiz kimi, şirkət 10 ildə ABB-dən 160 milyon dollar kredit alıb. H.Məmmədov özü isə infrastruktur yaratmaq (texnika alınması, beton, asfalt zavodu tikmək və s.) üçün şirkətə daha 285 milyon dollar sərmayə yatırıb. 285 milyon dolların yatırılması hüquqi cəhətdən də təsdiqlənir.

“Azərinşaat”ın öz borclarının öhdəsindən gələ bilmədiyini, işlərin heç də yaxşı getmədiyini görən H.Məmmədov şirkəti borcları ilə birgə tamamilə satın almaq və onun işini yenidən qurmaq qərarına gəlir. Amma hökumət məmurları “Azərinşaat”ın səhmdarları kimi qalmaqda davam etdikcə bu şirkəti dünya miqyasına çıxarmaq və Qərb banklarından kredit cəlb etmək çətin idi.

“Azərinşaat” 550 milyon dollar dəyərində qiymətləndirildi. Nəqliyyat Nazirliyi özünün şirkətdəki 50 faiz payını H.Məmmədova dərhal güzəştə getdi. Nazirlik səmimi şəkildə ümid edirdi ki, Qərb bankları ilə sıx əlaqələri olan “Baghlan Group” şirkətinin rəhbəri H.Məmmədov xaricdən aşağı faizli kreditlər cəlb edərək ABB-nin yüksək faizli kredit borcunu tezliklə ödəyəcək.

Şirkətin passiv səhmdarı C.Hacıyev isə şirkətdəki payını satmağa tələsməyərək bir az da gözləməyi xahiş edirdi. 9 ay gözləmək lazım gəldi. Bu aylar ərzində şirkət praktiki olaraq boş dayanır, bank kreditlərinin faiz yükü isə artırdı. Nəhayət, Hacıyev öz payını güzəştə getməkdən imtina etdi. Amma tərəflər şirkətə rəhbərliyin H.Məmmədovun əlində qalması variantına razılaşdılar.

C.Hacıyev H.Məmmədova “Azərinşaat”ı Gürcüstanın çox gəlirli iri layihələrinə cəlb edəcəyinə dair vəd verdi. Tezliklə işlər yoluna düşməyə, böyük sifarişlər gəlməyə başladı. Lakin 2012-ci ildən başlayaraq şirkətlə bağlı yenə anlaşılmaz vəziyyət yarandı. Bu da sonda onunla nəticələndi ki, C.Hacıyev şirkətdə işlərin gedişindən narazılıq etməyə başladı və “Azərinşaat”ın rəhbərliyinə öz adamını gətirməyə qərar verdi.

H.Məmmədov öz yaxınlarının, o cümlədən nəqliyyat sahəsindəki yaxın ətrafının təzyiqləri ilə bu şərti də qəbul etdi. Lakin şirkətin yeni rəhbərliyi vəziyyəti daha da ağırlaşdırdı.

Üstəlik, həmin vaxtlar H.Məmmədovun qulağına cürbəcür şayiələr çatmağa başlamışdı. Həmin şayiələrdən biri belə idi ki, C.Hacıyevin bacanağı, daha çox iş adamlarını sıxıb suyunu çıxarmaqda “ad qazanmış” sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov ABB prezidentinə öz “xidmətlərini” təklif edib. Lakin C.Hacıyev H.Məmmədovun öhdəsindən öz gücünə, təkbaşına gəlməyi vəd edib.

Doğrudan da belə oldu. Gözəgörünməz qüvvələr tezliklə bütün “qayka”ları sıxmağa başladılar. Özü də o qədər güclü sıxdılar ki, tərpənməyə də yer qalmadı.

Bu məsələdə bütün söhbətlərə ABB prezidenti iş adamı H.Məmmədovu həmin o məşhur görüşə çağıranda nöqtə qoyuldu. C.Hacıyev 9 nəfər yüksək rütbəli şəxsin (iş adamı bəlli səbəblərdən onların adını açıqlamadı-red.) yanında H.Məmmədovdan “Azərinşaat” şirkətini tamamilə ona verməyi bir daha tələb etdi. Buna qədər isə C.Hacıyev özünün əsas şərt-tələbini irəli sürmüşdü: “Hafiz Məmmədov “Azərinşaat” şirkəti Direktorlar Şurasının sədri vəzifəsindən uzaqlaşmalıdır!”

Biznesmen bu məqamda özünün şirkətə yatırdığı investisiyanı - 285 milyon dolları yada salır. Bankir isə əminliklə cavab verir ki, həmin pulları qaytaracaq.

Həmin görüşdə iştirak edən yüksək vəzifəli şəxslər də bankirin tərəfini tuturlar. H.Məmmədovu inandırmağa çalışaraq deyirlər ki, C.Hacıyev öz adamlarıdır, milyarderdir, 285 milyon dolları qaytarmaq onun üçün xırda məsələdir.

Lakin C.Hacıyev sonradan bu sözünün arxasından qaçır. Bunu da belə izah edir ki, böyük bir sifariş almalı idi, onu isə ala bilməyib. Bu sözlərin isə heç bir hüquqi təsdiqi və əsası yoxdur. Həmin sövdələşmə Hacıyevin necə deyərlər, kişi sözü əsasında əldə olunmuşdu, o isə bu sözünün arxasından heç iki il keçməmiş qaçıb.

ABB isə bu müddət ərzində H.Məmmədova 80 milyon dollar (285 milyon dolların bir hissəsi) faiz borcu hesablamaqda davam edir. Bu da qəribə mənzərə yaradırdı. Belə çıxır ki, böyük bir işə nəhəng məbləğdə sərmayə qoyan iş adamı həmin işdən nəinki gəlir götürə bilmir, hətta əksinə, özünün şəriki olan bankirə üstəlik hələ faiz də ödəməlidir.

H.Məmmədov hər halda geri çəkilməli olur. Onu Hacıyevin bacarıqlı menecer və yaxşı biznesmen olduğuna inandırırlar. Hacıyev isə şirkətin imkanlaırndan ümumi məqsədlər üçün yox, sırf öz şəxsi maraqları üçün istifadə edir.

H.Məmmədovun ölkənin yüksək rütbəli şəxsləri ilə görüşüb vəziyyəti onlara izah etmək cəhdləri də nəticəsiz qalır. Məmurlar zəhlətökən milçəkdən qorunurmuş kimi əllərini yelləyib Məmmədovu yaxına da buraxmırlar, ona “öz işi ilə məşğul olmağı” məsləhət görürlər.

ABB-in keçmiş prezidenti isə şirkəti öz bildiyi kimi dağıdır. Beynəlxalq bazarda yüksək kotirovkaya malik şirkətin göstəriciləri göz görəsi düşürdü. İstisna deyil ki, C.Hacıyev və komandası çiçəklənməkdə olan digər şirkətlər kimi “Azərinşaat” şirkətini də qəsdən batırırdılar ki, onu sonradan çox ucuz qiymətə satın ala bilsinlər.

Bütün bunların necə başa çatdığı hamıya məlumdur. Hacıyevi vəzifədən çıxardılar. Hacıyevin tələbi ilə Hafiz Məmmədovu “Azərinşaat”ın rəhbəri postunda əvəz edən Mehdi Əliyev isə hazırda ədalət mühakiməsi qarşısında cavab verir.

Bəs Hafiz Məmmədovun özü? Məmmədovun ABB və “Azərinşaat” rəhbərliyinin çirkli əməllərindəki iştirakı sübut olunmayıb. Heç sübut da edilməyəcək. Çünki o, lap əvvəldən onların bu cür “fəaliyyətinə” qarşı çıxıb.

Üstəlik, H.Məmmədov yerli bazarı digər seqmentlərindəki mövqelərini də tədricən itirməyə başlayıb. Hətta dəmiryol daşımaları da başqa əllərə keçib (halbuki H.Məmmədov bu işlə Ziya Məmmədovun Dövlət Dəmiryol İdarəsinə rəhbər gəlməsindən də xeyli əvvəl məşğul olub).

ABB H.Məmmədovun daha ucuz xarici investisiyalar cəlb etməsi qarşısında əngəllər yaradıb. Halbuki həmin sərmayələr elə ABB-nin özünə də kömək edə bilərdi. Belə ki, ABB-nin bahalı kreditləri əvəzinə ucuz xarici investisiyalardan istifadə daha çox xalis gəlir demək idi. H.Məmmədov son iki ildə “Azərinşaat”dakı işlərdən uzaq saxlanıb. Hərçənd ki, onun 285 milyon dolları şirkətin balansında, sərəncamında olub. Bu gün isə o, bu pullarını qaytarmağa çalışır.

Doğrudur, bu pullar bir zamanlar “Azərinşaat”a əsas vəsait kimi (texnika, avadanlıqlar alınmasına və s.) yatırılıb. Amortizasiya xərclərini, texnikanın köhnəlməsini və digər amilləri nəzərə alsaq, həmin vəsait artıq əhəmiyyətli dərəcədə dəyərdən düşüb. Bu texnika və avadanlıqlar 10 il ərzində istismar (H.Məmmədov özü isə bunu “zorlama” adlandırır-red.) olunandan sonra bazarda heç 10 milyon dollara da getməz.

Doğrudur, texnika və avadanlığın bir hissəsindən hələ də istifadə etmək olar, onlar digər sahələr üçün yararlıdır. Onlardan haradasa istifadə etmək satmaqdan daha yaxşıdır. Faizləri də ödəmək lazımdır axı. Şirkət darmadağın edilib, texnika və avadanlıqlar talan olunub, “ölü şirkət”ə isə hələ də yüksək faizlə məqsədsiz kreditlər götürülür və bu pullar şəxsi məqsədlərə, şəxsi ehtiyaclara sərf olunur...

...Və sonda. Hafiz Məmmədov “Azərinşaat” şirkətinin bərpa olunmasının mümkün olub-olmaması barədəki sonuncu sualımıza əminliklə cavab verir: “Bu, artıq heç cür mümkün deyil...”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.