Bakıdakı olayların Qərb-Azərbaycan münasibətlərinə təsiri - TƏHLİL

23-10-2019, 09:29           
Bakıdakı olayların Qərb-Azərbaycan münasibətlərinə təsiri - TƏHLİL
Milli Şuranın oktyabrın 19-da Bakıda keçirdiyi razılaşdırılmamış aksiyası Qərbin də diqqətini cəlb edib. Qanunsuz aksiyanı dağıdan polislərin hərəkətini insan haqlarına zidd addım kimi dəyərləndirən müxtəlif mühacirlər, müxalifət nümayəndələri bu məsələni sosial şəbəkələrdə geniş müzakirəyə çıxarıblar.

Bəs baş verənlərin Azərbaycanın Qərblə münasibətlərinə hansısa təsirləri ola bilərmi? Xüsusilə də Azərbaycanın Avropa İttifaqı ilə imzalanması gözlənilən tərəfdaşlıq sazişinin taleyinə təsirlər mümkünmü?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Nəzakət Məmmədova bildirib ki, Azərbaycanda baş verən istənilən proses Qərbi maraqlandırır və münasibətlərə təsirsiz ötüşmür: “Bu hadisənin də üzərindən sükutla keçiləcəyi inandırıcı deyil. Artıq ABŞ səfirliyi bildiyimiz kimi, hadisəyə dair öz mövqeyini bəyan edib. Səfirlik həm də bununla Avropa Birliyinin müvafiq bəyanatına dəstək verdiyini qeyd edib. AB Xarici Əlaqələr və Təhlükəsizlik məsələləri üzrə Ali Komissarı Federika Moqerininin nümayəndəsi hökuməti polis zorakılığını araşdırmağa çağırıb. Təbii ki, AB rəsmi təmsilçisinin Azərbaycandakı proseslərə münasibət bildirməsi, eyni zamanda səfirliyin aksiya iştirakçılarına qarşı güc tətbiq edilməsini qınaması AB-Azərbaycan, ABŞ-Azərbaycan münasibətlərinə təsir edir. Lakin bunun dərinləşəcəyi, diplomatik münasibətlərin kəskinləşməsi, böhran həddinə gəlib çatacağı inandırıcı deyil. AB və ABŞ dünyada insan hüquqlarının, demokratiyanın keşiyində duran təşkilat və dövlət olaraq buna münasibət bildirməlidir. Onlar buna iki nöqteyi-nəzərdən yanaşa bilərlər: dünyada insan hüquqlarının müdafiəçisi kimi və prosedur tələblərinə uyğun olaraq Azərbaycanda olan maraqları baxımından. Hazırda ABŞ və AB arasında Cənubi Qafqaz uğrunda savaşın genişlənməsini, onların Azərbaycanla münasibətlərdə müəyyən güzəştlər əldə etməyə çalışdığını nəzərə alsaq, bu bəyanatların arxasında həm də öz maraqlarının dayandığını ehtimal etmək olar”.

Politoloq bildirib ki, xüsusilə Azərbaycanın Rusiya ilə son dövrdə daha da yaxınlaşması, İlham Əliyevin status-kvonun dəyişməsinə yönəlmiş qətiyyətli çıxışını “Valday” forumunda, yəni Rusiyadan etməsi Qərbi qane etmir: “Lakin bununla belə, ABŞ və ya AB-nin Azərbaycanla münasibətində soyuqlaşma yaratması inandırıcı deyil. Əksinə, AB və ABŞ Rusiya ilə rəqabətdə Azərbaycanın rəğbətini qazanmaq üçün münasibətləri kəskinləşdirməkdə maraqlı deyillər. ABŞ səfirliyi və AB-nin bəyanatları Azərbaycan üçün xüsusi hüquqi nəticələri olmayan sənədlərdir. Onlar aksiyaya polis müdaxiləsinin qınanması, həbs olunanların dərhal sərbəst buraxılması və hadisələrin araşdırılmasına yönəlmiş çağırışlardır. ABŞ və AB hər hansı bir ölkəyə sanksiya tətbiq etsə və s. bu zaman münasibətlərin pisləşməsindən söhbət gedə bilər. İndiki şəraitdə buna zəmin yoxdur. Bununla belə, sazişin imzalanmasında Azərbaycan tərəfi daha az həvəsli görünür, nəinki Avropa Birliyi. Rusiyanın Cənubi Qafqazda son dövrdə təsir imkanlarının daha genişlənməsi ABŞ və AB-ni Azərbaycanla daha ehtiyatlı davranmağa vadar edir. Ermənistanda Avrasiya İqtisadi Birliyinin sammitinin keçirilməsi zamanı alınmış qərarlar hər nə qədər bu ölkənin Rusiyanın forpostu statusundan kənara çıxa bilməyəcəyinin mesajını verdisə, Azərbaycan prezidentinin Rusiya torpağından Ermənistana xəbərdarlıq etməsi ABŞ və AB-ni bir o qədər narahat etdi. Üstəlik, İran məsələsi ətrafında cərəyan edən hadisələr, Türk Şurasının toplantısının Azərbaycanda keçirilməsi, Gürcüstanın NATO üzvlüyünün gündəmə gəlməsi və s. ABŞ və AB-nin Azərbaycana münasibətini hazırda müəyyən edir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.