Parlament üzvlərinin sayının 150-yə çatdırılmasının mexanizmi... - Qanun bu prosesi mümkünsüz saymır, lakin...

3-12-2019, 10:48           
Parlament üzvlərinin sayının 150-yə çatdırılmasının mexanizmi... - Qanun bu prosesi mümkünsüz saymır, lakin...
Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev yay aylarında “Yeni Müsavat”a müsahibəsində bildirmişdi ki, 10 milyonluq Azərbaycanda minimum 150, maksimum 250 deputat olmalıdır. O, bu məsələnin referendumla həll edilməli olduğunu da qeyd etmişdi.

Son günlər parlamentin buraxılması istiqamətində baş verən proseslər Qüdrət Həsənquliyevin fikirlərinin yenidən gündəmə gəlməsinə səbəb olub. Parlament buraxıldıqdan sonra orada 150 deputatın təmsil olunacağı ekspertlər tərəfindən mümkün görünür. Lakin ekspertlər hesab edirlər ki, indiki siyasi situasiyada referendum keçirib dəyişiklik etmək üçün zaman kasaddır. Bu baxımdan parlamentin say tərkibinin dəyişəcəyi də ehtimal edilmir. Bəs referendum nədir və ümumiyyətlə, referendumla nələri dəyişmək mümkündür?

“Yeni Müsavat” olaraq qanunvericilikdə məsələ ilə bağlı müddəaları diqqətə çatdırırıq.

Əvvəlcə qeyd edək ki, referendum xalqın hüquqları və mənafeləri ilə bağlı hər hansı bir sorğunun aparılması, bu və ya digər normativ-hüquqi aktın layihəsi barədə əhalinin qərarı deməkdir.

Bir qayda olaraq, referendumun konstitusiya ilə müəyyən edilmiş məsələlərin həllində ali legitimliyə, yəni daha yüksək hüquqi təminata nail olunmaq üçün həyata keçirilməsi nəzərdə tutulur.

Belə ki, Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər. Aşağıdakı məsələlər yalnız referendumla həll oluna bilər: 1) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi; 2) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi. Aşağıdakı məsələlər üzrə referendum keçirilə bilməz: 1) Vergilər və dövlət büdcəsi; 2) amnistiya və əfvetmə; 3) seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi.

Ölkəmizdə referendum təyin etmək hüququ AR-in Milli Məclisinə (ARK-nın 95-ci maddəsinin I hissəsinin 18-ci bəndi) və Azərbaycan Respublikasının Prezidentinə (109-cü maddənin 18-ci bəndi) mənsubdur.

Tarixdə ilk referendum 1449-cu ildə İsveçrənin paytaxtı Bern şəhərində keçirilib. Azərbaycanda isə ilk referendum 1921-ci ildə Naxçıvanın Naxçıvan muxtar vilayəti kimi Azərbaycanın tərkibində qalması ilə bağlı keçirilib.

Ekspertlər bildirirlər ki, referendum çox zaman qaydalara uyğun xalqın xeyrinə məsələlər həll etmək üçün edilmir. Çünki referenduma çıxarılan məsələlərin mahiyyəti heç də həmişə seçicilərə tam aydın olmur və seçicilər qəbul edilən qərarın siyasi nəticələrini qabaqcadan görə bilmirlər.

Referendum anqlo-sakson hüquq sisteminə malik ölkələrdə tətbiq edilməsə də, son illərdə Böyük Britaniyada onun keçirilməsinə təsadüf edilir.

125 nəfərlik parlamentin formalaşdırılmasına Azərbaycan müstəqilliyini bərpa etdiyi illərdə, əhalinin sayı 7 milyondan az olduğu dövrdə qərar verilib. Bununla bağlı konstitusiyanın 5-ci fəslinin qanunvericilik hakimiyyəti bölməsindəki 82-ci maddədə qeyd olunub ki, Milli Məclis 125 deputatdan ibarətdir.

Azərbaycanda hazırda əhalinin sayı 10 milyondan çoxdur. Məhz bu fakta görə Qüdrət Həsənquliyevdən öncə də məsələni gündəmə gətirənlər olub. Məsələn, 2015-ci ildə deputat Fəzail Ağamalı təklif edib ki, deputatların sayı 200-ə qədər qaldırıla bilər.

Azərbaycan Milli Məclisinin V çağırış deputatlarının siyahısı - 2015-ci il noyabrın 1-də baş tutan seçimlər əsasında formalaşdırılıb.

Milli Məclisin 125 deputatından 74 nəfəri Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olub. Vətəndaş Həmrəyliyi Partiyası 2 nəfərlə, AVP, ADİP, ADMP, ASDP, ASRP, BQP, BAXCP, MDHP, VP və VBP isə 1 nəfərlə Milli Məclisdə təmsil olunub. Parlamentin 39 üzvü isə bitərəfdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.