Xronika: Axsu, Axtaxana, Axtacul, Axund Buzovand, Axura - Türk tarixinin izi VİDEO

Bu gün, 10:28           
Xronika: Axsu, Axtaxana, Axtacul, Axund Buzovand, Axura -
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Padar türk tayfasının saldığı yaşayış məskəni" adlı süjet hazırlanıb.

Oxu.Az xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Axsu, Axtaxana, Axtacul, Axund Buzovand və Axura toponimi haqqında söz açılıb.

Bildirilib ki, ermənilər Qərbi Azərbaycanda yerli əhalini məhv etmək, qovmaq üçün daim vandal siyasət yürüdüb, türklərə məxsus tarixi, dini, mədəni irsi müxtəlif yollarla yer üzündən yox etməyə çalışıblar.

Axsu - Şəmşəddil mahalının Şəmşəddin rayonu ərazisində meşə məntəqəsi olub və 1960-cı ildə əhalisi köçürülərək ləğv edilib.

Axtaxana - Zəngəzur mahalının Qafan rayonunda kənd adıdır. Kəndin adı 1918-ci ildə dəyişdirilib Xlataq, 1940-cı il iyunun 1-də isə Zorastan qoyulub.

Axtacul - Dərələyəz mahalının Paşalı, sonralar Əzizbəyov/Vayk adlandırılan rayon ərazisində kənd olub. Gomur kəndinin yaxınlığında yerləşib və ləğv edilib.

Axund Buzovand - Gərnibasar mahalının Qəmərli, sonralar Artaşat adlandırılan rayonda kənd adıdır. Kənddə 1831-ci ildən yaşayan azərbaycanlılar 1918-ci ildə erməni soyqırımına məruz qalaraq deportasiya olunublar. İranın Xoy və Salmas bölgələrindən köçürülən ermənilər burada yerləşdirilib. 1922-ci ildən sonra geri qayıdan azərbaycanlılar 1948-1949-cu illərdə yenidən köçürülüblər. 1920-ci ildə kəndin adı dəyişdirilib Bzovan, sonra Berdin kimi rəsmiləşdirilib.

Axura - Laru mahalının Allahverdi, sonralar Tumanyan adlandırılan rayonda kənd adıdır.

Sonda vurğulanıb ki, erməni vandalizmi təkcə insanlardan deyil, toponimlərdən də yan keçməyib: "Amma əminik ki, qədim və tarixi yurdlarımızın həsrəti ilə yaşayanlar bütün ağrı-acılara baxmayaraq Qərbi Azərbaycana mütləq qayıdacaq, addəyişmə terroruna məruz qalmış izlərimizi bərpa edəcəklər".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.