Qrip tarixə qovuşa bilər: Yeni kəşf 10 illik qoruma vəd edir
Bu gün, 11:59

ABŞ-nin Nebraska-Linkoln Universitetindən olan alimlər qrip virusuna qarşı mübarizədə böyük irəliləyiş əldə ediblər. Onlar "Epigraph" adlı yeni vaksin hazırlayıblar ki, bu peyvənd bir neçə qrip ştamına, o cümlədən insan, donuz və quşlar arasında yayılan təhlükəli variantlara qarşı güclü və uzunmüddətli qoruma təmin edir.
Tədqiqatın nəticələri "Nature Communications" jurnalında dərc olunub.
Təcrübələr göstərib ki, vaksin altı ay ərzində davamlı immun reaksiyası yaradır. Alimlər bu immunitetin 10 ilə qədər davam edə biləcəyini bildirirlər. Bu isə qripə qarşı hər il peyvənd olunmaq ehtiyacını aradan qaldıra bilər.
Peyvənd son 100 ildə yaranmış 6 mindən çox qrip ştamının kompüterlə təhlili əsasında hazırlanıb. Xüsusi proqram təminatı vasitəsilə müəyyən edilən sabit virus bölgələri (epitoplar) sayəsində "Epigraph" dəyişkən və tez mutasiyaya uğrayan viruslara qarşı effektiv müdafiə formalaşdırır.
Donuzlar üzərində aparılan sınaqlarda vaksin pandemik "H1N1 2009" daxil olmaqla 12 fərqli ştama qarşı qoruyuculuq göstərib. Daha önəmlisi isə onun heyvanlardan insanlara keçən virusların qarşısını alma potensialıdır.
Alimlər indi vaksinlərini insanlar arasında ən çox yayılan "H1" və "H3" ştamlarına qarşı da test etməyə hazırlaşır. Uğurlu nəticələr dünya üzrə qrip infeksiyalarını ciddi şəkildə azalda və illik peyvənd zərurətinə son qoya bilər.