Seçici nə istəyir: xalqın içindəki gizli informasiya nədir?

28-12-2019, 10:17           
Seçici nə istəyir: xalqın içindəki gizli informasiya nədir?
35 saylı Xətai üçüncü Seçki Dairəsində deputatlığa namizədlərin əsas rəqibi seçicilərdir!

Yalnız imza toplamırıq! Millətimizin evinə, həyatına daxil olub, onu öyrənirik! Nə istəyirlər, nə düşünürlər, nə arzu edirlər? Qapısını döyənlərə etibarları varmı, "evdə heç kim yoxdur" deyən qapı arxasındakı qadınlarımızın özünə və gələcəyə baxışları necədir? Seçicimiz olan insanların iqtidara, müxalifətə, deputatlara, seçkilərə münasibətləri necədir?

Özət: Azərbaycandakı və evlərdəki həyat, yaşayış Facebookdakından çox fərqlidir. Bunu fərq etməyənlər ancaq vurtual nəticələrlə yetinəcəkdir. Bunu fərq etməyən hər kəs milləti fərq etmir. Xalqın evində siyasət ən son planda gəlir, bəlkə nə zamansa dəyişəcək, ancaq indi insanları düşündürən ən mühüm amillərin siyahısında siyasət yoxdur...

"Hamısı "Yutub"da, televizorda danışır, millətin içinə gələn yoxdur, onu dinləyən yoxdur. Gəlsinlər, bir də biz danışaq, görsünlər, nə istəyirik..." deyir, insanlarımız. Onlarsa çox bəsit şeylər istəyirlər. Azərbaycanlılar qədər aza qane, şükrançı bir toplum tapmaq çətindir. Bir tikə ruzi, onu halalca qazanmağa iş yeri, isti, dammayan ev; o evdə su, qaz; küçələr asfalt olsun, yeriyəndə battağa batmasınlar, məhlələrindəki ağacları kəsməsinlər, uşaqlarının oynamağa yerləri olsun; hə, bir də, uşaqpulu versələr, çox yaxşı olar; məmurlar onlardan rüşvət almasın, incitməsin, Prezidentin xalqa ayırdığı yardımlar gəlib ünvanlara çatsın, dövlətin yoxsullara aid dəstəkləri sahibinə yetişsin...

Bakı kimi bir meqapolisin sakinlərinin ortaq istəkləri, əsasən, bunlardır.

Yalan yazmayacam: Seçkiyə, deputata inam -filan yoxdur 35-də. Nə indikinə, nə əvvəllkinə. "Yeni Müsavat"a bir az inanırlar. Qəzetimiz 30 ildir xalqçıdır, minlərlə insanlarımıza dəstək olub, arxa olub. Səbəb budur.

Mənim üçün xalqdan imza toplayanların əksəriyyəti müxbirlərdir, fikir öyrənməkdə, təmas qurmaqda peşəkardırlar. İşləri budur, yəni. Onların qənaətinə görə, bizim dairədə hər bir namizədin yeganə rəqibi seçici özüdür. Bu baxımdan, 35 saylı dairədə bütün iddiaçılar əslində müttəfiqdirlər... Xalqın seçkilərə sarsılmış inamını bərpa edib, seçkiyə gətirmək ümumi qələbə sayılacaq...

Bizim sahədən - xalqın evindən qayıdan müxbirlərimiz deyir ki, camaat son dəyişikliklərin fərqindədir, izləyirlər, vəzifəli məmurların işdən çıxarılmalarını, icra başçılarının iş başında qandallanmalarını təqdir edirlər, lakin bu dəyişikliklərin onların həyatlarına da daxil olmalarını istəyirlər. O dərəcədə ki, qonşu binanın damının və liftlərinin təmiri ətrafdakı binaların sakinlərini qəzəbləndirir: "Bizim damları niyə dəyişmirlər, bizdə də liftlər xarabdı, bizə nə zaman növbə çatacaq..." Yəni məsələ belədir ki, dəyişikliklər əhatəli, ümumi xarakterli olmalıdır, tək -tək, bina -bina iş görmək faydadan çox, zərər verir...

Biz xalqa və seçkilərə #HərŞeyDəyişəcək şüarı və müjdəsi ilə gedirik, buna inanırıq. Camaatımızı da inandırmaq üçün çalışırıq. Hər şeyi biz dəyişməyəcəyik: ölkə boyunca yuxarıdan başlamış böyük dəyişimin bir parçası olaraq, prosesə qatqı və dəstək olmağa çalışacağıq. Bunu hər kəs etsə, #HərŞeyDəyişəcək, gerçəkdən də belə olacaq! Bizim əsas missiyamız bu gerçəyi insanlarımıza çatdırmaqdır.

Seçicilərdən salam və dualar alırıq, 30 illik qəzetçi fəaliyyətimiz boşa getməyib. Qarşıdakı günlərdə böyük əzmlə çalışıb, Azərbaycandan bizə düşən seçki dairəsində - paytaxtın ən mürəkkəb nöqtəsində camaatımızla işləyib, hər kəsi ölkəsindəki dəyişim prosesinin bir parçası olmağa çağıracağıq, çalışacağıq. Bu prosesdə dövlətin, yerli icra orqanlarının dəstəyinə ehtiyacımız var. İnsanlara sahib çıxsınlar. Özlərinə düşən işləri görsünlər.

İnsanlar deputatlığa namizədlərdən elə şeylər gözləyirlər ki, elə şeylər istəyirlər ki, hər şey dərhal aydın olur! Buralara dövlətin nəfəsi və nəfəri çatmayıb. İllərlə Xətai rayonunu idarə edən məmurlar insanlarımızı küsdürüblər. Onlara qayğı göstərməyiblər. Onların inamını sarsıdıblar. Razim Məmmədov adlı bir başçı gerçək bir cinayətə imza atıb: Bakının mühüm bir nöqtəsində narazı elektorat yetişdirib; dövlətə qarşı sui -qəsd törətmək deməkdir bu əməl.

35-ci dairə dərhal dəstəyə möhtacdır! Dövlətin təxirəsalınmaz şəfqətinə, mərhəmətinə möhtacdır. Bölgənin elə yerləri var (Naximov, döngə 2) fəlakət zonası kimidir. Hörmətli Prezidentin sosial yönümlü layihə və açılımlarından, yolların, küçələrin abadlaşdırılması prosesindən bu bölgə əhalisinin faydalanmasını təmin etmək lazımdır. Azərbaycan Prezidenti "hər şey insanların məmnuniyyəti üçündür", deyir və bu siyasəti yürüdür. Onun bu modelini Xətai rayonu, 35 saylı 3-cü seçki dairəsinin sakinlərinə tətbiq edəcək qurumları vəzifəyə çağırıram.

Sonda isə gənc müxbirlərimizin və könüllülərimizin sahədəki fəaliyyətini əks etdirən fotoları, bir seçicimizin isə mənə video salamını diqqətinizə çatdırıram.

#HərŞeyDəyişəcək!

Qeyd: Bu yazı xalqın içindən qayıdan "Yeni Müsavat"çıların məlumatlarından qaynaqlandı.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.