Bakının bayram bazarı: Varlıların dolu zənbili, çörəklə yarışan yumurta və maaş gözləyən satıcılar - REPORTAJ

29-12-2019, 00:07           
Bakının bayram bazarı: Varlıların dolu zənbili, çörəklə yarışan yumurta və maaş gözləyən satıcılar - REPORTAJ
Yeni ilə 3 gün qalıb. İnsanlar artıq bayram süfrəsinə tələb olunanları almaq üçün bazarlara üz tutur.

Cebhe.info-nun əməkdaşı Nəsimi rayonunda yerləşən Təzə bazara gedərək gözə dəyən bütün məhsulların qiyməti ilə maraqlanıb. Bazarda satıcılar qollarını çırmalayaraq alıcı gözləsələr də, çox vaxt elə gözləməklə qalırlar. Təklif etdikləri çeşidli məhsullar elə də ucuz deyil. Satıcılar əslində bayram bazarının çox zaman belə olduğunu deyirlər. Yəni bu, onlar üçün “sürpriz” deyil, amma bununla belə ümidlərini itirməyiblər.



Qapıda qarşılasalar da, yola salmırlar

Bazara girər-girməz qapının qarşısında bizi nar satan qarşıladı. Bazarda narın 1 kiloqramının qiyməti 2-5 manat arasında dəyişir. Göyərtilərin 1 dəstəsi 20-25 qəpikdir. Naringinin (mandarin) 1 kiloqramı 2-2,5 manat, portağalın qiyməti 2-3 manat aralığında dəyişir. Meyvə satıcılarının qarşısında diqqəti ən çox çəkən fərqli alma sortlarıdır. Almaların qiyməti 1,5-4 manat arasındadır. “Qızıləhmədi” almasının bir kiloqramı 3, “Cırhacır” sortu 2-3 manat arasında dəyişir. Diqqətimizi çəkən armur sortlarından biri Qubanın “Nar” armudu oldu. Bu armudun xırdasının 1 kiloqramının qiyməti 3 AZN, böyüyünün 1 kiloqramının qiyməti 5 AZN-dir. Ananasın 1 ədədi 7 manata təklif olunur. Üzümün 1 kiloqramı 5, qara gavalı 5, əzgil 1 manatdır.



Boğazı xurma kimi qurudan qiymət

Xurma qurusunun qiymətini soruşanda adamın boğazı xurma kimi quruyur. Çünki onun 1 kiloqramı 6-7 AZN-ə təklif olunur. Çeşidli heyvaların 1 kiloqramının qiyməti 0,80-1 manat arasında dəyişir. Düşes armudların 1 kiloqramı 3,50 AZN-ə təklif olunur. Bayram meyvələrindən biri də kividir. Kivinin 1 kiloqramını 3 manata almaq olar. Xurmanın kiloqramı 3 manata təklif olunur ki, bu qiymət meyvə mağazalarında təklif olunun qiymətdən 2-2,5 dəfə bahadır. Çünki bu meyvənin mağazadakı qiyməti 1-1,5 manatdır. Salatların əvəzolunmazı hesab edilən pomidorların qiyməti 3-4 manat arasında dəyişir. Bayram bazarı deyəsən, təkcə kartofun qiymətinə təsir edə bilməyib. Kartofun 1 kiloqramı 1 manat, soğan 80 qəpikdir.



Bahalaşma rekordu xiyarda

Xiyar isə bahalaşmada rekord qırıb, qiyməti 3-8 manat arasında dəyişir. Belə ki, tikanlı xiyarın kilosu 3 manat, “Royal” sortunun qiyməti 3,50 manat, Zirə xiyarının isə 1 kiloqram 8 manatdır. Badımcan turşusunun 3 kiloqramlıq şüşə bankada qiyməti 3 manatdır. Ümumiyyətlə, turşuların kiloqramının qiyməti 1,5- 2 manat arasında dəyişir. Dolma bişirmək istəyənlər bir kiloqram kələm üçün 80 qəpiyindən keçməli olacaq. Qabıqlı qozun bir kiloqramı 5 manat, ləpəsinin kiloqramı isə nə az-nə çox, düz 20 manatdır. Fındıq ləpəsinin 1 kiloqramını 15 manata almaq olar. Ən çox salatlarda istifadə olunan çuğundurun qiyməti 1, badımcan 1,5, üzüm yarpağının 1 kiloqramlıq bankası 3 manata təklif olunur. Boranının bir kiloqramı 70 qəpikdir.

Varlıların bayram hədiyyəsi:200 manatlıq zənbil



Bazarda xüsusi istəklərə uyğun bayram zəmbilləri də hazırlanır. Bu zəmbillərə quru meyvələr və bayram süfrəsində istidadə olunan meyvə - tərəvəz məhsulları yığılır. Zəmbillərin qiyməti çərəzlərdən asılı olaraq 100-200 AZN arasında dəyişir. “Alıcı varmı?” sualına satıcı “yox” mənasında başını bulayır. Amma ümidlidir, varlıların yolu ara-sıra da olsa, buradan düşür.

Çörəklə yarışan yumurta



Yeni ilin simvoluna çevrilmiş hinduşka, qaz, ördək, toyuq, sese quşu (seserka) kimi quşların da qiymətləri ilə maraqlandıq. Bu ilin beçələrinin qiyməti 11 manata təklif olunur. Hinduşkanın kiloqramı erkək və dişi olmasına görə fərqlənir. Belə ki, erkək hinduşkanın 1 kiloqramı 14 manat, dişi hinduşkanın 1 kiloqramı 15 manatdır. Qazın 1 kiloqramı 10-12, sese quşu (seserka) 12, ördəyin 1 kiloqramı 10 manatdır. 1 illik xoruz diri halda 15 manata təklif olunur. Ümumiyyətlə, toyuq, sese quşu, xoruz kiloqramla satılmır. Satıcılar deyir ki, istəkdən asılı olaraq satılan bu quş növlərini alıcılara yolub , təmizləyib verirlər. Yumurta isə bahalaşmaqda davam edir. Broyler yumurtasının bir ədədi 15-17 qəpik, kənd yunurtası 30-35 qəpik arasında dəyişir. Yumurta az qala çörəklə yarışır.

Hər şey var, alıcıdan başqa…

Bazarda hər şey tapmaq mümkündür, necə deyərlər quş iliyi, can dərmanı. Tapılmayan təkcə alıcılardır ki, satıcılar məhz onlardan şikayətçidir. Bayram ərəfəsi olmasına baxmayaraq bazarda qələbəlik bir tərəfə, heç alıcı da gözə dəymir. Satıcılar ümidlərini bayrama 1 gün qalmışa - 30 dekabra bağlayırlar. Təsəlliləri isə əvvəlki illərdən fərqli olaraq şənbə-bazarın bu il iş günü elan olunması və maaşların ayın son günü veriləcəyidir…












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.