Bakıda saxta viski can almaqda davam edir: 13 zəhərlənmə, 4 ölü...

31-12-2019, 10:31           
Bakıda saxta viski can almaqda davam edir: 13 zəhərlənmə, 4 ölü...
Tibb elmləri doktoru metanoldan zəhərlənmə halında sağ qalmağın yolunu açıqladı
Yola saldığımız 2019-cu ilin son həftəsində saxta spirtli içkinin təsirindən ölənlərin sayı durmadan artır.

Artıq 4 nəfər ölüb, 1 nəfər kor olub, 13 nəfər isə ağır zəhərlənmə ilə xəstəxanalarda həkim nəzarətindədir. Zəhərlənmələrin Bakının dörd bir tərəfində yerləşən ayrı-ayrı restoranlarda baş verməsi onu deməyə əsas verir ki, zəhərləmə gücündə olan spirtli içkini Bakının əksər iaşə obyektlərinə yayıblar. Bilinən odur ki, keflərini spirtli içkilərin təsiri ilə düzəltmək istəyənlər əsasən “Chivas Regal 12" viskisindən dadanlardır. Zəhərlənmələrin dayanmadığı onu deməyə əsas verir ki, bu gün də piştaxtalarda ölüm içkisi gələcək qurbanlarını gözləməkdədir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında bildirib ki, son 1 həftə ərzində 13 nəfər zərərçəkən olub: “Onlardan dördü ölüb, biri isə görmə qabiliyyətini itirib”.

Sədr bayram günləri ilə bağlı vətəndaşlara da müraciət edib. O bildirib ki, bayram günlərində ictimai iaşə obyektlərinə müraciətlər və istehlak daha çox olur: “Restoranlarda Yeni il şənlikləri təşkil olunur. Biz də AQTA olaraq özümüzə borc bilirik ki, vətəndaşlara müraciət edək ki, hər bir vətəndaş özü də qida nəzarətçisinə çevrilməlidir. Azərbaycanda fəaliyyət göstərən bütün iaşə obyektlərinə nəzarət etmək mümkün deyil”.

Qoşqar Təhməzli ilk zəhərlənmə xəbərinin dekabrın 23-də daxil olduğunu deyib: “Həmin vaxtdan AQTA-nın ekspertləri və respublikanın əlaqədar qurumları müəyyən tədbirlər həyata keçirib. 101 adda müxtəlif əmtəə nişanlı spirtli içkilər ictimai iaşə obyektlərindən laborator müayinələrə aparılıb. İki saat ərzində ”Chivas Regal 12" saxtalaşdırılmış kustar şəkildə istehlaka verilən içkini tərkibində metil spirti 76,6 faiz aşkar edilib. Bu da insan sağlamlığı üçün çox zərərlidir. Hüquq-mühafizə orqanları AQTA əməkdaşları ilə birgə operativ tədbirlər başlayıblar. “Baku City”, “Everest”, “Piano”, “Madonna” restoranlarında və Abşeron qəsəbəsində bir evdə zəhərlənmə faktları qeydə alınıb. Həmin ünvanlarda ekspertiza və yoxlamalar aparılıb. “Baku City” və “Everest” fəaliyyəti məhdudlaşdırılıb. Hazırda “Piano” və “Madonna”da araşdırma aparılır. “Hashdag” restoranında da bir fakt qeydə alınıb, bununla bağlı da araşdırma aparılır. “Madonna” restoranında bir ailənin üzvləri də viskidən zəhərlənib. Bu da insan orqanizmi üçün çox zərərlidir. Təəssüf ki, ictimai iaşə obyektlərinin sahibləri hələ də kustar üsulla hazırlan içkiləri insanlara təqdim edir".

Q.Təhməzli sahibkarlara müraciət də edib. O bildirib ki, ictimai iaşə obyektlərinin, şadlıq evlərinin, gecə barlarının, restoran, kafelərin rəhbərləri müraciət edirlər: “Bu, cinayət işidir. Bu içkinin saxtalaşdırılması faktı texniki spirt olan metanolun Binəqədi rayonu Biləcəri qəsəbəsində kirayə götürülən evdə hazırlandığı aşkar edilib. İctimai iaşə obyektlərinin sahibləri də məsuliyyətini dərk etməyərək onlarla bağlı həmin şəxslər və cinayətdə əli olan bir neçə şəxs barəsində həbs-qətimkan tədbiri seçilib, araşdırma davam edir. Obyektlərin sayı 5-10 olsa da, aşkarlanan içkilərin sayı 10 minlərlə olub. Sahibkarları öz məsuliyyətlərini dərk etməyə çağırıram”.

Rəsmi qurumların hərəkətə keçdiyi bir vaxtda daha bir neçə nəfər spirtli içikidən zəhərlənib, onların gözündə ciddi fəsadlar yaranıb. Ər-arvad Bakıdakı restoranlardan birində az miqdarda içki içdikdən sonra vəziyyətləri pisləşib, hətta bu, onların gözünə də mənfi təsir edib.


Məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Modern.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləyib. O bildirib ki, hazırda toksikologiya şöbəsində müalicə alan ərin vəziyyəti ağırdır: “Ər-arvadın içki içdikdən sonra vəziyyətləri pisləşib. Qadının vəziyyəti stabil ağır olsa da, ərinin vəziyyəti kəskin ağırdır”.

Baş toksikoloqun sözlərinə görə, hazırda şöbədə 4 nəfər spirtli içkidən zəhərlənmə diaqnozu ilə müalicə alır:

“İçki zəhərlənməsi ilə 4 xəstəmiz ayrı-ayrı vaxtlarda daxil olub. Ümumilikdə 4 xəstədən ikisinin vəziyyəti kəskin ağırdır, digər iki nəfərin vəziyyəti ağır stabildir. Zəhərlənmə elə bir şeydir ki, bu, gözə də, digər orqanlara da mənfi təsir göstərə bilir”.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov bildirib ki, son günlər gözdəki narahatlıqla bağlı müraciət edən xəstələrin sayında artım var: “Bizə spirtli içki qəbul etdikdən sonra göz problemi ilə bağlı müraciət edənlərin sayı artıb. Mən bir həkim, bir vətəndaş kimi vətəndaşlara tövsiyə edirəm ki, mümkün qədər belə içkidən uzaq dursunlar. İçkidən zəhərlənmə çox ciddi fəsadlara gətirib çıxara bilər”.

Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.4 və 314.2-ci maddələri ilə kütləvi zəhərlənmə faktları ilə cinayət işi açıldığı barədə birgə məlumat yayıblar. İstintaqı Bakı Şəhər Prokurorluğu aparır.

Araşdırmalar zamanı “Baku City” restoranının müdiri Füzuli Alıyev və Xəyal Cəfərovun “Chivas Regal 12" markalı viskini ”Everest" restoranında ucuz qiymətə satdıqları məlum olub. Sərxan Bayramov və Mustafa Mustafayev bu içkini içdikdən sonra ölüblər.

Dekabrın 28-i saat 17:50-də 23 yaşlı Bakı şəhər sakini Xudaverdi Həsən oğlu Həsənov Bakı şəhəri Səbail rayonu, Natəvan küçəsində yerləşən barların birindən tibb müəssisəsinə aparılıb. Ona “metil spirtindən kəskin oral zəhərlənmə” diaqnozu qoyulub. Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında aparılmış “Chivas Regal 12" nümunəsinin təhlili nəticəsində güclü zəhərli təsir göstərən metil spirtinin tərkibinin icazə verilən normadan (76,6%) dəfələrlə çox olması səbəbindən içkilərin sağlamlıq üçün təhlükəli olduğu müəyyən edilib.

Füzuli Alıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1 və 314.2 maddələri, Xəyal Cəfərov isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda istintaq istehlakçıların həyatı və sağlamlığı üçün təhlükəli olan surroqat spirtli içki istehsalı və marketinqi üçün məsul olanların hamısının məsuliyyətə cəlb edilməsi üçün işləyir.

Dekabrın 27-də Bakıda Baş Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları bir neçə gizli surroqat spirtli içki istehsalı emalatxanası aşkar ediblər. Dələduz-istehsalçıların həyat üçün təhlükəli spirtli içkini əsasən restoranlara, barlara və klublara verdikləri müəyyən edilib. Metanoldan zəhərlənənlərin siyahısına əsasən aydın olur ki, cinayətkarlar paytaxtın mərkəzi rayonlarındakı bir çox iaşə müəssisəsinə və əyləncə məkanlarına məhsul göndəriblər. Surroqat məhsullar hələ də satışdan tamamilə yığışdırılmayıb.

Tibb elmləri doktoru Adil Qeybulla “Yeni Müsavat”a deyib ki, qeyri-zavod istehsallı, texniki şərtlərin pozulması ilə spirtli içkilərin hazırlanması geniş yayılıb: “Belə içkilərin xüsusən restoranlarda, şadlıq saraylarında realizə olunması praktikası var. Bu zaman istifadə edilən spirt texniki spirt olur. Metil spirti isə öldürücü təsirə malikdir. Bu spirtin insanı kor eləmək, öldürmək qabiliyyəti var. Qeyri-zavod istehsalı olan içkilərin qəbulundan mümkün qədər imtina etmək lazımdır”.

Adil Qeybulla spirtli içkidən zəhərlənmə halı olarsa, atılmalı olan addımları da açıqlayıb: “Əgər spirtli içki qəbulundan sonra başda kəskin ağrılar yaranırsa, gözlərdə görmə problemi meydana çıxırsa, halsızlıq, təzyiqin kəskin düşməsi, soyuq tər basma halı olursa, belə şəxslər dərhal toksikologiya şöbəsinə yerləşdirilməlidir. Qan mümkün qədər detoksikasiya olunmalıdır. Əl altında heç nə olmazsa, xəstəyə sistem qoyulmalıdır ki, qan durulaşsın, qandakı toksiki maddələrin konsentrasiyası aşağı düşsün, xeyli dərəcədə zəhərlənmə faizi aşağı düşsün. Yarım litr natri xlor damara köçürülür ki, toksiki maddələrin qanda faizi aşağı düşsün. Mədə və bağırsaqların yuyulması da məqsədə uyğundur”.

Adil Qeybulla bildirib ki, qeyd olunan zəruri addımlar atılsa belə, metanoldan zəhərlənənlər mütləq şəkildə toksikoloji mərkəzə müraciət etməlidirlər: “Metanoldan zəhərlənənlər toksikologiya şöbəsində detoksikasiya olunmalıdır”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.