Goranboyda polisi silahının küpü ilə döydülər – Gecə hadisəsi
1-01-2020, 11:28
Goranboy rayonunda polis əməkdaşına xəsarət yetirməkdə ittiham olunan Lətif Əmrahovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Nural Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 9-na təyin olunub.
İttihama görə, iyulun 12-də gecə saat 23 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində xidmət aparan rayon polis şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimov avtomobilin yolun kənarındakı maneəyə çırpılması ilə əlaqədar bir qrup şəxsin yol kənarında toplaşdıqlarını görüb və onlara yaxınlaşıb.
Bu zaman həmin şəxslərlə polis əməkdaşı arasında mübahisə yaranıb və onlardan biri - Qarapirimli kənd sakini Lətif Əmrahov polis əməkdaşına qəfil zərbə endirərək onu yerə yıxıb.
Asayiş keçikçisi üzərində olan xidməti silahdan havaya xəbərdarlıq atəşi açarkən güllə Lətif Əmrahovun əmisi oğlu Təbriz Əmrahova dəyib.
Bundan sonra Təbrizin qardaşı Pərviz Əmrahov silahı polis əməkdaşının əlindən alaraq küpü ilə onun baş nahiyəsindən çoxsaylı zərbələr endirərək ağır xəsarət yetirib.
Xəsarət almış polis əməkdaşı və vətəndaş Təbriz Əmrahov Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
İş üzrə zəruri ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilərək maddi sübutlar götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.