Azərbaycan niyə Türkiyədən təcili olaraq çoxsaylı “Akıncı” almalıdır... - İdlib döyüşləri
2-03-2020, 15:34
Suriyanın şimalında, İdlib bölgəsində Türkiyə və Rusiyanın da iştirakı ilə davam etməkdə olan döyüşlər hərb dərsliklərinə daxil edilə biləcək taktikalarla müşaiyət olunur. Virtualaz.org xəbər verir ki, Suriyanın şimalında hava sahəsi Rusiyanın nəzarətində olduğu üçün Türkiyə Bəşər Əsəd qüvvələrinə qarşı döyüşən müxalifləri və öz ordusunun bölgəyə yeridilmiş bölmələrini havadan qırıcılarla dəstəkləyə bilmir. Əgər Türkiyə qırıcıları bu bölgəyə daxil olarsa böyük ehtimalla Rusiyanın Suriyada yerləşdirilmiş S-400, S-300, S-350 kimi qabaqcıl zenit-raket komplekslərinin hədəfi olardı.
Bu baxımdan Türkiyə ordusu və onun dəstəklədiyi islamçı yaraqlılar Əsəd ordusunun və onlara dəstək verən Rusiya muzdulularının hücumunu dayandıra bilib, amma onları geri oturtmaqda və Soçi anlaşması ilə müəyyən olunan deeskalasiya zonasının hüdudları xaricinə sıxışdırmaqda çətinlik çəkir. Hücum edən yaraqlılar qarşısında geri çəkilən Əsəd qüvvələrinə dərhal Rusiyanın Hava Kosmik Qüvvələri dəstək verir və güclü bombardmanlar nəticəsində onlar tutduqları mövqeləri əldə çox saxlaya bilmirlər. Suriyanın şimalının düzənlik-təpəlik və yarımsəhra relyefinə malik olması da Rusiya aviasiyasının işini asanlaşdırır. Türkiyə ordusunun son günlər İdlibdə verdiyi çoxsaylı itkilər də məhz bu amillə bağlıdır.
Lakin Türkiyə ordusu pilotsuz və silahlı pilotsuz təyyarələri kütləvi şəkildə tətbiq etməklə Rusiya aviasiyasının Əsəd ordusunun illərdir davam edən müharibədə əldən düşmüş nizamsız bölmələrinə verdiyi hava dəstəyini son günlər ərzində xeyli neytrallaşdıra bilib. Belə ki, Türkiyə tamamilə milli istehsal olan və prezident Ərdoğana yaxın iş adamı Səlcuk Bayraktarın holdinqinin istehsal etdiyi “Akıncı” pilotsuz döyüş təyyarələri ilə Suriya ordusuna sarsıdıcı zərbələr endirib. Və praktiki olaraq onun İdlibdə hücumu davam etdirmək imkanlarını məhdudlaşdırıb.
Türkiyə mənbələri bu günlərdə İdlibdə Suriya və Rusiya təyyarələrinin endirdiyi zərbələr nəticəsində 34 əsgərin həlak olmasına cavab olaraq Əsəd qüvvələrinə məhz döyüş pilotsuz uçan aparatlarla kütləvi zərbələr endirdi. Nəticədə Əsəd qüvvələri çoxsaylı canlı qüvvə və zirehli texnika itirdi. Həmin zərbələr zamanı hərb tarixində ilk dəfə silahlı pilotsuz təyyarələrdən eyni vaxtda kütləvi istifadə də həyata keçirildi. Türkiyə mənbələri müdafiə naziri Hulusi Akarın Suriya ilə sərhəddəki komanda mərkəzindən döyüş pilotsuz təyyarələrindən kütləvi, sürü halında istifadə etməklə Əsəd qüvvələrinin yeriyən, hərəkətdə olan və ya stasionar vəziyyətdəki obyektlərini bir-birinin ardınca məhv etməsi əməliyyatına şəxsən rəhbərlik etdiyi barədə görüntüləri yayıb.
Bölgədən gələn xəbərlərə, o cümlədən rusiyalı hərbi jurnalistlərin də etiraflarına görə Türkiyənin zərbə pilotsuz aparatlarlardan kütləvi istifadə etməklə endirdiyi zərbələr Rusiya hərbi komandanlığını da təəcübləndirib. Hətta pərt edib. İndi orada Əsəd qüvvələrini Türkiyə dronlarından necə qorumaq yollarını axtarırlar.