Koronavirusla "müsəlman qaydası" döyüş – Buna “qaydasız döyüş” də demək olar

11-04-2020, 14:57           
Koronavirusla "müsəlman qaydası" döyüş – Buna “qaydasız döyüş” də demək olar
Dünya koronavirusa qarşı mübarizə aparır. Bir çox dövlətlər ona qarşı təsirli dərman axtarışındadır. Artıq bu xəstəliyi müəyyənləşdirən testlər tapılıb və yəqin ki, dərmanı da kəşf ediləcək.
Bütün bu ümidverici sözlər, təbii ki, Qərb dövlətləri üçün keçərlidir. Bəs, müsəlman və Şərq ölkələrində vəziyyət necədir?
Müsəlman dünyası da koronavirusla imtahana çəkilir. Ciddi sağlamlıq təhlükəsi ilə üz-üzə qalan bu ölkələrdə xəstəlikdən qurtulmağın yollarını axtarırlar. Amma Qərbdən fərqli olaraq onlar ümidlərini ayrı şəfa mənbələrinə bağlayıblar.

Ötən günlərdə İran dini liderinin xalqı elmi boş verib 12-ci imamın zühurunu gözləməyə çağırması da bu çarə arayışlarından doğurdu. Dini ədəbiyyatlara əsasən, Həzrət Mehdi qiyamətə az qalmış zühur edəcək. Ayətullah Xamenei həzrətlərinin sözlərindən isə belə çıxırdı ki, İran xalqı və şiə dünyası dünya dağılana qədər koronavirusa boyun əyməli və intizarla bu möhtəşəm zühuru gözləməlidir. Necə olsa, axırda Həzrət Mehdi gələcək və müsəlmanları nicata qovuşduracaq. Nicata qovuşduqdan qısa müddət sonra isə qiyamət qopacaq. Yəni nicat tapmışlar da nicat tapmamışlara qoşulub o dünyaya böyük səyahətə çıxacaq.
Vallah, adamın bu nicat yoluna həm ağlamağı gəlir, həm gülməyi. Cənab Ayətullahın millətə təklif etdiyi bu qurtuluş yolu koronavirusdan belə təhlükəli görünür. Çünki Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, koronavirus ona yoluxanların cəmi 3-4%-nin canını alacaq. İran başbilənlərinin təklif etdiyi “müalicə metodu”nda isə nəinki xəstələrin, hətta bütün bəşəriyyətin məhvi nəzərdə tutulur.
Bu da azmış kimi, Ayətullah Xamenei həzrətlərinin bizə dərman kimi təklif etdiyi İmam Mehdinin zühurunun nə zaman baş verəcəyi də bəlli deyil. Amma İran teokratik hakimiyyəti bu çatışmazlığın da çarəsini tapıb. Necə deyərlər, imam yoxdursa da, onun naibi var.



Dünən Aznews.tv kanalının yaydığı bir video-görüntüdə əsl “müalicəöncəsi” “proflaktik tədbirlər” əks olunub. Görüntülərdən bəlli olur ki, İran rəsmi dairələri mərhum Ruhullah Xomeyninin alt paltarını xəstəxana-xəstəxana gəzdirib koronavirus daşıyıcılarına nicat paylayıb. Nican növbəsində sıraya düzülən xəstələr isə o “mübarək” paltarı öpə-öpə yeni dini liderin tövsiyə etdiyi “intizar”a sığınıblar.



Digər müsəlman ölkəsi Türkiyə də yeni koronavirus vaksininin kəşfində İrandan geri qalmayıb. Düzdür, türklər dövlətlərinin qurucusunun paltarını xəstəxanada gəzdirməyiblər. Görünür, ona görə ki, mərhum Mustafa Atatürk Ruhullah Xomeyni kimi din xadimi, 12-ci imamın nəibi deyildi. Adi bir general idi. Yəqin onun paltarından nicat dağıtmağın düşər-düşməzliyinə qərar verə bilməyən Türkiyə hökuməti çarəni cami minbərlərindən koronavirus duası oxutmaqda görüb. Bu səhnələri seyr etdikcə, Avropalıların Türkiyə haqqında dedikləri “getdikcə İranlaşır” qənaətinə qatılmaya bilmirsən və Mirzə Ələkbər Sabirin məşhur misralarını xatırlayırsan:
“Osmanlılar, aldanmayın, Allahı sevərsiz!
İranlı kimi yanmayın, Allahı sevərsiz!”



Ən maraqlı vaksin ixtirası isə Tunisdə yaşanıb. Məlumatlara görə, Tunisdə koronavirusundan ölənlər zibillikdə dəfn olunurmuş. ABŞ-da koronavirus qurbanlarının kimsəsiz adalarda basdırıldığını eşidib, özlərindəki müsəlman qaydası dəfn mərasiminə etiraz edən tunislilər hökumətdən bu sarsaq vaksinizasiya prosesini dayandırmağı tələb ediblər. Onlar koronavirusdan ölənlərin hindlilər kimi yandırılmasını tələb ediblər.



Söhbət Hindistandan düşmüşkən, bu ölkənin əhalisinin cəmi 14.2%-i müsəlman olduğundan “vaksinləri” də elə o nisbətdə müsəlmansayağılığı ilə seçilib. Yəni hindlilər nə Mahatma Qandinin paltarından mədəd umublar, nə məbədlərində koronavirus duaları səsləndiriblər, nə də ölülərlə uğraşıblar. Onlar diriləri zopalayaraq, koronavirusdan qorumağa çalışıblar.
“Hind zopası” vaksinindən görüntülər












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.