Yeni media erası: “Əlitelefonlular” kimlərdir?

13-04-2020, 00:00           
Yeni media erası: “Əlitelefonlular” kimlərdir?
Cəmiyyət “Kimə etibar etməli” sualı üzərində baş sındırır

Son zamanlar “əlitelefonlu jurnalist” ifadəsi meydana çıxıb. Bəzi iddialara görə, belə insanlar, əslində nə jurnalist, nə də bloqerlərdir. Məsələn, bu günlərdə demokrat.az saytında yayımlanmış məqalədə Azərbaycan mediasının “bloqer bumu” ilə üzləşməsi və əlinə telefon alıb özünü bloqer kimi cəmiyyətə sırımağa çalışanlar, jurnalistikanın tərəfsizlik prinsipindən uzaq formada çıxış edənlərdən söz açılır. Qeyd olunur ki, “əyninə pressforma geyinən belə adamlar hər kəsə ağıl verməyə çalışır, sual ünvanladığı şəxsin sözünü kəsir, atmacalar atırlar” və s.

Məlumdur ki, Azərbaycanda jurnalist adıyla şantaj yolunu seçib pul qazananlar çoxluq təşkil edir. Lakin mətbuatdan şantaj vasitəsi kimi istifadə edən şəxslərin əsas niyyətləri və sifarişlə fəaliyət göstərdikəri də zaman-zaman müzakirə mövzusu olub. Belə ki, hələ illər əvvəl özlərini “aktivist” adlandıran şəxslərin özlərinə sərf edən qərəzli yazıları məhz gənclərə yazdırması və onların həbsinə səbəb olması halları da çox olub. Bu baxımdan da bir sıra suallar ortaya çıxıb ki, bu adamlar kimlər üçün işləyir ki, ancaq və ancaq əllərində telefon və “press gödəkçəsi”ylə meydanlarda, küçələrdə çəkiliş etməklə məşğul olur, ciddi jurnalistika ilə bağlı heç bir iş görmürlər.


Maraqlıdır, həmin “əlitelefonlu jurnalistlər” kimlərdir, barələrində deyilənlər həqiqətdirmi, onların məqsədləri nədən ibarətdir?



Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov AYNA-ya açıqlamasında deyib ki, bu problemin kökü əvvəllərə gedir: “Hətta, küçə aksiyaları zamanı jurnalist gödəkçəsində, əlində telefon çəkiliş aparır, bəzi məqamlarda daha sərt və qeyri-adekvat çıxış edirlər. Bəzi məqamlarda isə jurnalist etikasına zidd olan şüarlar səsləndirirlər. Bəzi hallarda isə bu “əlitelefonlu”, jurnalist gödəkçəli insanlar onlara ünvanlanan şikayətə əsasən, hansısa qurumun qarşısında peyda olur və özlərini jurnalist kimi yox, daha çox hüquq mühafizə orqanlarının əməkdaşları kimi aparırlar. Bu da Azərbaycan jurnalistikasına ləkə gətirir və jurnalsitlərin adını ləkələyir”.

“Bunun da bir sıra səbəbləri var. Belə ki, Azərbaycanda hələ də kimlərin jurnalist kimi fəaliyyət göstərməsini dəqiqləşdirmək problem olaraq qalır. Çünki Azərbaycanda KİV haqqında qanunun üçüncü bəndində, bir sıra qanunverici aktlarda onların xidmət etdiyi qurumlar KİV kimi qeyd olunur. Amma hansısa saytın, xəbər portalının KİV olması ilə bağlı rəsmi ölçü yoxdur. Hətta, bizim qonşu ölkələrdə internet resurları ilə bağlı qanunvericilikdə aydınlaşdırıcı məqamlar var. Məsələn, Rusiyada bloqerlər haqqında qanun var. Təəssüf ki, Azərbaycanda bu sahə üzrə müəyyən boşluqlar mövcuddur. Ona görə də dəqiq bilmirik ki, gerçək jurnalist hansıdır, “telefon” jurnalsitləri hansıdır. Düşünürəm ki, bu sahədə dəyişikliklər olmalıdır. Jurnalistlərin vahid elektron sistemi formalaşdırılmalıdır. Bu vahid elektron sistem hansısa müvafiq qurumla interqasiya da oluna bilər ki, həmin KİV-lər fəaliyyəti ilə bağlı elektron sistemə məlumatlar ötürə bilsin. Həmçinin, həmin müstəqil jurnalistlərin kim olduqlarına qanunvericilkdə aydınlıq gətirilməli və görəcəyimiz işlər də buna doğru yönəlməlidir”, - deyə MŞ sədri bildirib.

Amaşovun fikrincə, media sahəsində aparılan istlahatlar ona gətirib çıxarmalıdır ki, kimlərin jurnalist olduğu-kimlərin olmadığı aydınlaşsın: “Əminəm ki, ondan sonra problemlərin həlli yolları da tapıla bilər. Digər məsələ isə pressgödəkçələrlə bağlıdır. Belə ki, Mətbuat Şurası bu günə qədər jurnalistlərə kifayət qədər gödəkçələr verib. Artıq bu, bizi düşündürür və gödəkçələrin nömrələnməsini məqbul hesab edirik. Məsələn, hansısa peşəkar fəaliyyət göstərən sayta neçə nömrəli gödəkçə veriləcək və arxayın olacağıq ki, onlar həqiqi KİV-dir və üzvləri də peşəkar jurnalistlərdir. Təbii ki, belə olan halda “telefon” jurnalistləri xüsusi nəzarətdə olacaq. Ondan sonra düşünürəm ki, bu problem öz həllini tapacaq”.


Media hüququ eksperti Ələsgər Əhmədoğlu isə AYNA-ya şərhində informasiya və ifadə azadlığının geniş məfhum olduğunu qeyd edib: “Bu, sadəcə jurnalistlərə yox, hər kəsə verilən hüquqdur. Hətta, onlayn resurs açıb informasiya yayanların da hüquqları qanunla qorunur. Kimin daha effektiv xəbər daşıyıcısı, kiminsə real olmayan xəbər verməsini dəyərləndirmək isə auditoriyanın işidir. Əlbəttə ki, peşəkar jurnalist üçün qanunlar və peşə etikası önəmlidir. Peşəkar jurnalistikanı başqasından fərqləndirən onun sadəcə qanunlara uyğun verilən azadlıqlardan istifadə etməsi yox, eyni zamanda özünün etik çərçivədə, standartlara uyğun hərəkət etməsidir”.

“Bizdə peşəkar jurnalsit deyəndə həm də etik jurnalistikaya əməl edənlər nəzərdə tutulur. Amma jurnalistika daha genişdir. Sadəcə onlayn jurnalistika ilə məşğul olub heç bir yerə bağlı olmayanlar öhdəlikləri olmadığı üçün qeyri-peşəkar və sərbəst hərəkət edirlər. Bu sərbəstlik bəzən ümumi jurnalistikaya problem də yaradır. Çünki jurnalistikanın ənənəvi xüsusiyyətlərindən biri də məsuliyyətli, dürüst, obyektiv və qərəzsiz olmaqdır. Eyni zamanda, sui-istifadə hallarına yol verməməkdir. Lakin hərdən peşəkar media qurumları belə, qeyri-peşəkar materiallar hazırlayır və standartlara əməl etmir”, - deyən müsahibimiz vurğulayıb.

Əhmədoğlu hesab edir ki, sadalanan bütün bu məqamlara qiymət verən isə oxucu, izləyici və dinləyicilərdir: “Onlar kimi fərqləndirib önə çıxarırsa, həmin adamlar da cəmiyyət tərəfindən etibar görürlər. Beləliklə, aydın olur ki, hansı mənbə etibarlı, hansı etibarsızdır. Mahiyyət etibarı ilə bütün bunları özümüz seçir və müəyyən edirik. Əslində isə biz bununla informasiya bazarını formalaşdırırıq. Amma onların hər biri jurnalist etikasına əməl edirmi və auditoriyanın etibarını bu çərçivədə qazanırmı - bu da sual doğurur. Kim ki, bu etibarı qazanır, inandırır və kütləsinin qırmızı xətlərini bilirsə, əlbəttə ki, peşəkar jurnalistdir və onun cəmiyyətdə etibarı daha çox olacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.