Banklar üçün təhlükə: "Daha bir neçəsi müflisləşəcək...” - GƏLİŞMƏ

12-05-2020, 20:09           
Banklar üçün təhlükə: "Daha bir neçəsi müflisləşəcək...” - GƏLİŞMƏ
Banklardakı əmanətlərin həcmi azalıb. Azərbaycan Mərkəzi Bankının aprelin 1-nə olan məlumatına görə qeyri-rezidentlərin kommersiya banklarındakı əmanətlərinin həcmi 457 milyon manat təşkil edib.

Əmanətlər martın 1-i ilə müqayisədə 164,3 milyon manat azalıb. Əmanətlərin 111,8 milyon manatı milli valyutada, 345,1 milyon manatı xarici valyutada yerləşdirilib. Ekspertlərin fikrincə, son vaxtlar vətəndaşlarda qənaətcillik meyli artıb, həmçinin banklarda depozit yatırımına inam azalıb. Belə olan təqdirdə yaxın gələcəkdə bir neçə bankın birləşməsi və bağlanması istisna edilmir.

Maraqlıdır, əmanətlərin azalması hansı problemlərə yol aça bilər?

İqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında deyib ki, əmanətlərin banklardan azalmasının əsas səbəbi vətəndaşların depozit hesablarını geri çəkmələri ilə bağlıdır:

“İlk olaraq bu problem 2015-ci ildə yaşandı. İndi də həmin problem yaşanır. Bir neçə bankın lisenziyası əlindən alınan, fəaliyyəti dayandırılan kimi vətəndaşlar öz vəsaitlərini geri çəkməyə başladı. Bu məsələdə ləğvetmə komissiyası işləyir. Vətəndaşa belə problem yaratmaq düzgün deyil, çünki əziyyət çəkirlər. İstənilən halda vətəndaş vəsaitini geri qaytara bilmirsə, bu, artıq problemdir. Bundan əlavə banklarda əmanətlərin həcminin azalması manata olan təzyiqlə bağlıdır. Hər kəsə bəllidir ki, Azərbaycan iqtisadiyyatının 90 faizi neft amilindən asılıdır. Statistika Komitəsinin ixrac əmtəə strukturuna diqqət yetirdikdə görürürk ki, son 5 ildə bu rəqəm elə 90 faizdə də qalıb. Neftin qiymətinin dünya bazarlarında kəskin düşməsi Azərbaycan manatını bu gün təzyiq altında saxlayıb. Vətəndaş illik pulunu 10 faizlə banka yatırıbsa, əlbəttə ki, depozitini geri çəkib istənilən valyutaya çevirərək, dayanıqlı valyutada saxlamağa üstünlük verir. Vətəndaşların banklara, yaxud hansısa biznesə pul yatırmalarından çəkinməsi qənaətcillik paradoksudur. Bazar iqtisadiyyatında vətəndaş hər hansısa bir qənaətcillik paradoksu ilə geri çəkilirsə, bazar iştirakçısı olmursa, artıq çox təhlükəli bir mühitin formalaşması deməkdir. Banklardan vəsaitlərin geri çəkilməsi əmanətlərin azalması, onlarda inamsızlığın formalaşması, bununla da devalvasiya ehtimalının yaranması ilə ilə bağlıdır”.

Ekspert qeyd edib ki, proses belə davam edərsə, yaxın gələcəkdə daha bir neçə bankın bağlanacağı gözlənilir:

“Azərbaycanda kifayət qədər banklar var ki, onların ziyanlarla üzləşməsi və ən yaxşı halda birləşməsi mümkündür. Ola bilər ki, bəzi banklar hətta müflisləşmə elan edib lisenziyalarını geri çəksinlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.