Xəzəri talayan brakonyerlərə şərait yaradanların əməlləri ifşa edildi - TƏFƏRRÜAT

14-05-2020, 10:14           
Xəzəri talayan brakonyerlərə şərait yaradanların əməlləri ifşa edildi - TƏFƏRRÜAT
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Bu barədə DTX-nın rəsmi saytı məlumat yayıb. Açıqlamada bildirilib ki, hazırda araşdırmalar davam etdirilir, ictimaiyyətə əlavə məlumat veriləcək.

“BakuPost”un əldə etdiyi məlumata görə, əməliyyat zamanı Lənkəran, Neftçala və Xaçmaz rayonlarının sahil mühafizə idarələrinin rəisləri saxlanılıb. Hazırda idarələrin əməkdaşları və balıqçılıqla məşğul olan şəxslərin dindirildiyi bildirilir.

Baş Prokurorluq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı keçirilən əməliyyata münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Musavat.com-a verdiyi məlumata görə, DSX-nin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməlləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

O qeyd edib ki, cinayət işinin detalları barədə əlavə məlumat veriləcək.

Musavat.com-un əldə etdiyi məlumata görə, əməliyyat zamanı Xəzərdə qanunsuz olaraq balıq ovu həyata keçirən, dənizi kortəbii şəkildə talayan, bioresursları məhv edən brakonyerlər və onları himayə edən vəzifəli şəxslər ifşa edilib.

Nəzərə çatdıraq ki, uzun illərdir brakonyerlər ilin istənilən fəslində - hətta sənaye üsulu ilə balıq ovu etmək rəsmi şəkildə qadağan olunduğu zamanlarda da Xəzər dənizində qanunsuz ov həyata keçiriblər. Bunu təsdiqləyən videoçəkilişlər mütəmadi şəkildə sosial şəbəkələrdə yerləşdirilib və müvafiq orqanlara təqdim edilib.

Son illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, habelə Su polisinin keçirdiyi mütəmadi reyslər zamanı xeyli sayda qanunsuz ov edən şəxslər cəzalandırılıb. Lakin buna baxmayaraq, brakonyerlər müəyyən şəxslərin himayəçiliyi ilə Xəzəri talamaqda, balıqların kökünü kəsməkdə davam ediblər. Hətta həvəskar balıqçılar, təbiətsevərlər, eko-müfəttişlər qanunsuz ov edənlərin əməllərinin qarşısını almaq istəyən zaman onlar açıq şəkildə kimlərəsə arxayın olduqlarını, “haqqını” verib işlərini gördüklərini dilə gətiriblər və bu kimi faktlar videoçəkilişlərdə də əks olunub. Heç şübhəsiz ki, təhlükəsizlik orqanları özləri də onları izləyərək, çəkilişlər həyata keçiriblər.

Vəziyyət o həddə çatmışdı ki, təbiətsevərlər, həvəskar balıqçılar bu məsələlərə dair dövlət rəhbərliyinə müraciət ünvanlayaraq, Xəzəri talayanların qarşısının alınması üçün kömək istəmişdilər. Nəhayət, ölkə boyunca və bütün müxtəlif strukturlarda cinayətkar şəbəkələrə qarşı əməliyyatlar keçirən Dövlət Təhlükəsizlik Xidməti bu problemin də həllinə qərar verdi. Bu, minlərlə təbiətsevərin alqışına səbəb olan məsələ olmaqla yanaşı, Xəzər canlılarının qorunması, balıq sənayesinin inkişafı üçün olduqca mühüm addımdır.

Məhz brakonyerlərin və onların havadarlarının qanunsuz əməllərinin nəticəsi idi ki, Xəzər sahillərini, Kürün deltasını qanunsuz torlar zəbt etmişdi, balıqlar ilbəil azalmışdı. Xəzərin İran, Türkmənistan, Dağıstan sahillərində balıq bol olduğu halda, Azərbaycan sahillərində qəhətə çəkilməsinin əsas səbəbkarı məhz brakonyerlər və onların vəzifəli havadarlarıdır.

Bu sahədə baş verən cinayət əməllərində söhbət dövriyyəsi hər il yüz milyonlarla manat olan qanunsuz ovdan, habelə Azərbaycanın təbiətinə, Xəzərə vurulan böyük ekoloji ziyandan gedir.

Təbiətsevərlər hesab edir ki, DTX-nın başlatdığı bu prosesdən sonra müvafiq qurumlar habelə bölgələrdə - Şəmkir su anbarında, Kür, Araz sahili bölgələrdə, habelə Şirvan kanalında, müəyyən vəzifəli şəxslərə arxalanaraq, qanunsuz balıq ovu edən, torlarla, elektrik cərəyanı ilə su canlılarının kökünü kəsən şəxsləri və onlara himayədarlıq edənləri də vaxtaşırı cəzalandırmalı, bu məsələni daim diqqətdə saxlamalıdır.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.