"DSX-da yalnız generallar, yüksək rütbəli şəxslər xidmət etmir, orada həm də..."
16-05-2020, 10:26
Məlum olduğu kimi, Dövlət Təhlükəsizlik Xidməti (DTX) Dövlət Sərhəd Xidmətində (DSX) əməliyyat keçirərək qanun pozuntusuna yol verən bir sıra zabitləri həbs edib.
Müharibə şəraitində olan, torpaqlarının 20%-i işğal edilən bir ölkənin güc orqanlarında aparılan bu cür “təmizləmələr” əslində, düşmənə qarşı daha ciddi səfərbər olmaq, daxildəki neqativlərdən qurtulmaq, “böyük savaş”a rüşvətxor, korrupsioner məmurları neytrallaşdıraraq hazırlaşmaq baxımından da mühüm addım kimi dəyərləndirilə bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov qanun pozuntularına qarşı barışmaz münasibətin vacib olduğunu bildirdi:
“Qanun pozuntusunun hansı sahədə, hansı istiqamətdə baş verməsindən asılı olmayaraq, onlara göz yummaq olmaz. Bu siyasət heç vaxt özünü doğrultmur. Əksinə, şəffaflığın bərqərar olması üçün qanun pozuntularına qarşı barışmaz olmaq lazımdır.
Polis, DSX və digər güc orqanları qapalı strukturlar sayılır. Orada ictimai nəzarət qismən nəyisə dəyişə bilər. DTX-nın DSX-da keçirilən əməliyyatla bağlı yaydığı məlumat cəmiyyətdə düzgün qiymətləndirilməlidir.
Nəyisə ört-basdır etmək, görməzdən gəlmək neqativ halların geniş yayılmasına səbəb ola bilər. DSX elə bir sahədir ki, orada həssas məqamlar çoxdur. Ona görə də burada məsələnin spesifikasını nəzərə almaqla elə etmək lazımdır ki, ortada narahatlıq doğuran məqamlar olmasın. DSX-da yalnız generallar, yüksək rütbəli şəxslər xidmət etmir. Orada həm də sadə ailələrin övladları da xidmət edir. Onlar yüksək çinli zabitlərin tabeliyində fəaliyyət göstərirlər. Təbii ki, orada xidmət edən generallar, zabitlər öz davranışları ilə tabeçiliyindəki şəxslərə nümunə olmalıdırlar. Odur ki, DTX-nın DSX-da qanunu pozan şəxsləri ifşa etməsi müsbət haldır.
Müharibə apardığımız Ermənistanın güc strukturlarına nəzər salanda, görürük ki, orada biabırçılıqlar baş verir. Ermənistanda güc oranlarında neqativ hallar kütləvidir. Böyük hərc-mərcilik var və bu, normaya çevrilib.
Azərbaycanda isə vəziyyət qənaətbəxşdir. Bu məsələdə prinsipial olmaq lazımdır. Əgər biz buna nail oluruqsa, buna ancaq sevinmək lazımdır”.