“Çünki valideynlər hadisələri nə qədər vahimə və həyəcanla qəbul etsələr, bu hal uşaqlara da birbaşa təsir göstərəcək” - psixoloq
21-05-2020, 10:03
Karantin rejiminin özü ilə bərabər gətirdiyi problemlərdən biri də uşaq bağçalarının fəaliyyətinin dayanmasıdır. Bəzi sahələrdə karantin rejiminin yumşalması, iş yerlərinin açılması valideynləri çətin vəziyyətə salsa da, başqa tərəfdən bağça həyat tərzinə, öz həmyaşıdlarına öyrəşən balacalar də ev şəraitində sıxılır. Bağçaya gedə bilməmək, dostlardan ayrı qalmaq uşaqlara necə təsir edir? Bağçaların fəaliyyəti bərpa edildikdən sonra uşaqları təkrar bağça həyatına alışdırmaq problemi yarana bilərmi?
Lent.az -ın mövzu ilə bağlı suallarını “NARINC” Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova cavablandırıb.
Onun sözlərinə görə, koronavirus pandemiyası səbəbilə tətbiq olunan sosial izolyasiya tədbirləri boyüklərin psixoloji durumuna, adaptasiyasına çətinlik yaratdığı kimi, uşaqların da psixoloji durumuna təsirsiz ötüşmür: “Əvvəəlcə hər şey çox gözəl idi. Uşaqlar "bağça və məktəblər bağlandı" deyib böyük bir sevinc içərisində idilər. Ancaq zaman keçdikcə, tədbirlər uzandıqca uşaqlarda aqressiyanın, kaprizlərin, ağlama, əsəb böhranının artdığının şahidi oluruq.
Çünki bizdə olduğu kimi, uşaqlarda da sosiallaşmağa böyük ehtiyac var. Ustəlik, sosiallaşma, yəni yaşıdları ilə vaxt keçirmək uşaqların psixi, nitq, zəka, motorik, duyğusal inkişafında əvəzsiz rol oynayır. İlk günlərdə sevinən, hətta hər gün bağçaya ağlaya-ağlaya gedən uşaqların belə artıq bağçadakı dostları, müəllimələri üçün darıxdığını görürürk. Uşaqların ana və ata ilə oynadığı oyunlar heç vaxt öz yaşıdları ilə oynadıqları kimi olmur. Yaşıdları ilə oyun daha əyləncəli, daha çılğın olur, daxildəki bütün enerjilərini boşalda bilirlər. Uşaqların həyatında əyləncə əskikliyi yaşanır. Hazırda bu yaş dövründə olan uşaqlarda yaşıdları ilə kəşf edərək öyrənmək ehtiyacının yaratdığı boşluq get-gedə artmaqdadır”.
Psixoloq bildirib ki, bütün bunlarla yanaşı, ailə daxilində də gündəlik rejimin dəyişməsi uşaqların psixi, nitq və digər bacarıqlarının inkişafına mənfi təsir göstərməklə bərabər bir sıra psixoloji narahatlıqların - həyəcan təşviş pozuntuları, itirmə qorxusu, davranış pozuntuları, uşaq depressiyaları və başqa problemlərin yaranmasına təkan verə bilər.
Valideynlər nə etməlidirlər?
N.Rüstəmova bildirib ki, valideynlər ilk növbədə uşaqların bağçada alışdığı gündəlik rejim qaydalarını evdə də yaratmağa çalışmalıdırlar: “Məsələn, yemək, yatmaq, oyun saatlarını hər gün tənzimlənmiş qrafik üzrə həyata keçirsinlər. Oyun saatlarını bir neçə saat daha artırmaq lazımdır. Bu, uşağın bağçaya gedib gələrkən, yaşıdları ilə aktiv oyunlar oynayarkən sərf etdiyi enerjisini evdə də əvəzləyə bilməsi üçün zəruridir.
Ara-sıra yoldaşları ilə onlayn ünsiyyət qurmağa şərait yarada bilərlər. Bu onların həyəcan və təşvişinin, depressiv əhval-ruhiyyəsinin yaxşılaşmasına müsbət təsir edəcək.
Yuxu rejimi də ən diqqət edilməli olan nüanslardandır. Çünki yuxu rejiminin pozulması, hətta adi zamanlarda belə istər fizioloji, istərsə də psixoloji narahatlıqların yaranmasına gətirib çıxara bilir”.
N.Rüstəmova daha bir vacib məqama da toxunub. Bildirib ki, valideynlər özləri də gündəm olan hadisələrə reaksiya vermə tərzlərini tənzimləməlidirlər: “Çünki valideynlər hadisələri nə qədər vahimə və həyəcanla qəbul etsələr, bu hal uşaqlara da birbaşa təsir göstərəcək”.
Uzun müddət bağçadan ayrı qalan uşaqlarda bağçaya adaptasiya probleminin yaranaıb-yaranmayacağına gəlincə, psixoloq bunun qaçılmaz olduğunu vurğulayıb: “Əlbəttə, bu qaçılmaz bir problem olacaq. Çünki evdəki rahatlığa alışan uşaq bağçadakı qayda-qanuna tabe olmaqda çətinlik yaşayacaq. Uzun müddət evdə öz ailəsiylə birlikdə zaman keçirdiyindən analarla uşaqlar arasında simbioz bağlılıq yarana bilər. Bu da uşağın anadan ayrılıb bağçaya getmək istəməməsinə gətirib çıxara bilər. O baxımdan bağçaların fəaliyyəti bərpa olunduqdan sonra uşaqların bir müddət adaptasiya çətinliyi yaşaması gözləniləndir”.