Hakim komandada təmizləmələr və həbslər bizi hara aparır? — AÇIQLAMA

21-05-2020, 22:43           
Hakim komandada təmizləmələr və həbslər bizi hara aparır? — AÇIQLAMA
“İyirmi altı ildir nazir işləyən Əbülfəs Qarayevin vəzifədən uzaqlaşdırılması son bir il ərzində prezidentin hakim komandada başladığı kadr islahatlarının məntiqi davamıdır. Mən hesab edirəm ki, bu həbs və işdənçıxarmalar prezidentin çağırışlarına məhəl qoymayaraq, köhnə qaydalarla işləyən digər strukturları, rəhbər şəxsləri, o cümlədən ölkənin bu çətin günlərində yaxasını kənara çəkərək prezidenti meydanda zəif buraxmağa çalışan oliqarxları da əhatə edəcək”.



Demokrat.az bildirir ki, bu fikirləri Mədəniyyət Nazirliyində aparılan həbslərdən sonra nazir Əbülfəs Qarayevin vəzifədən uzaqlaşdırılmasını “Press Klub”a şərh edən tanınmış jurnalist, “Strateq.az” saytının baş redaktoru Elxan Şükürlü bildirdi.


E.Şükürlü qeyd etdi ki, hələ ötən il iyunun 20-də prezident İlham Əliyev qəfildən Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərlərini dəyişəndə gözlənilirdi ki, o, hakim komandada ciddi təmizləmələrə başlayacaq:


“Korrupsiyanın dərin kök atdığı və korrupsiya əlaqələri hesabına güclü oliqarxların, klanların, ailə və tayfa ittifaqlarının formalaşdığı ölkələrdə islahat aparmaq hədsiz çətindir. Hətta tarixi təcrübə göstərir ki, bu islahatı aparmaq istəyən liderlərin həyatı həmişə ciddi təhlükə altına düşür. Çünki əvvəlki imtiyaz və mövqelərinin itirilməsi ilə barışmayanlar ya islahat prosesini sabotaj etməyə girişirlər, ya da gizlicə o liderin əleyhinə ittifaq bağlayır, hətta rəqibləri ilə separat sazişə, sövdələşmələrə gedirlər. İki ilə yaxındır ki, eyni prosesi biz Azərbaycanda da müşahidə edirik. Sürətli islahatlara gedilməsinin hakimiyyətin qalıcılığını təmin etməyin yeganə vasitəsi olduğu bilinsə də, prezidentin çağırışlarına baxmayaraq, hakim komandada illər uzunu yüksək vəzifə tutanlar “köhnə qaydada” yaşamağa və işləməyə davam edir, əvvəlki vərdişlərindən əl götürmür, könüllü geri çəkilmək istəmirdilər. Ona görə də prezident İham Əliyev əvvəlcə ötən ilin 20 iyununda qəfildən iki əsas güc strukturunun – DİN və DTX-nın rəhbərini dəyişdi, hər ikisinə oliqarxiyaya deyil, birbaşa özünə bağlı olan, onun göstərişlərini qüsursuz yerinə yetirə biləcək adamlar gətirdi. Faktdır ki, əvvəllər bu iki qurum prezidentdən daha çox, “köhnə qvardiya”nın xaç atası olan Prezident Administrasiyasının rəhbərinin və şöbə müdirlərinin təsiri altında idi. Ancaq Vilayət Eyvazovun DİN-ə, Əli Nağıyevin də DTX-yə rəhbər gətirilməsi ilə, bir növ, prezident bu iki güc strukturunu “köhnələr”in, xüsusən də Ramiz Mehdiyev-Ramil Usubov xəttinin nəzarətindən çıxararaq, birbaşa özünə bağlamış və islahatların təhlükəsizliyini təmin etmiş oldu. Son bir ildə istər bu iki qurumun özündə hansı islahatların aparıldığı, istərsə də birbaşa prezidentdən gələn göstərişlərin bu qurumlar vasitəsilə yerinə yetirilməsində hansı irəliləyişlərin olduğu göz qabağındadır. Əvvəllər verilən göstərişlər, xüsusən də korupsiyaya qarşı mübarizə tədbirləri bu sayaq icra olunmur, gözdən pərdə asmaq xarakteri daşıyırdı və nəticədə, prezidentlə xalq arasında dərin uçurum əmələ gəlirdi. İndi isə prezidentlə xalq arasındakı o səddlər bir-bir götürülür və nə kimi dəyişikliklərin olduğunu da hamımız yaxşı görürük. Artıq eyni qaydada Baş Prokurorluq da oliqarxiyanın təsirindən çıxarılır və qalır məhkəmə strukturları…


Yəni, dediyim odur ki, fundamental reformalar apara bilməsi üçün güc strukturlarının prezidentin yanında olması çox önəmli idi və bu proses uğurla tamamlanmağa doğru getdiyindən, biz islahatlara mane olan, prezidentin çağırışlarına məhəl qoymayan istənilən vəzifəli şəxsin, oliqarxın bundan sonra hər an cəzalandırılacağını və ya həbsini gözləyə bilərik.”


E.Şükürlünün təxminlərinə görə, prezident İlham Əliyev hakim komandada təmizləmələri davam etdirməklə yanaşı, paralel şəkildə müxalifət qüvvələri ilə də münasibətlərini yaxşılaşdırmaq istiqamətində addım atacaq:

“Çünki əsas çətinlik hələ qarşıdadır. Ölkədə iqtsadi-sosial vəziyyət pisləşməyə doğru gedir. Və həm vurulan və vurulacaq məmurlar, oliqarxiya, həm müxalifət, həm də hakimiyyətdən qisas almağa çalışan bütün narazı qüvvələr bu vəziyyətdən yararlanmağa, istifadə etməyə çalışacaqlar. Hakimiyyətdə qalmaq və ölkənin qarşısında duran əsas problemləri həll edə bilmək üçün islahatlara getməkdən başqa çarəsi olmayan İlham Əliyevlə ölkədə real islahat istəyən müxalifətin təbii ittifaqı yaranacaq. Çünki Əliyev bu müxaifəti öz tərəfinə çəkməzsə, vəziyyət pisləşən zaman onları vurulmuş və vurulacaq “köhnələr” hər hansı formada öz tərəflərinə çəkməyə, onları önə verməyə çalışacaq. Vurulan məmurların çoxu uzun illər bu sistemin parçaları olublar, hansısa informasiyaların daşıyıcılarıdır, özləri ortaya çıxmasalar da, müxtəlif kanallarla müxalif düşərgə ilə təmas yaratmağa can atacaqlar. Oliqarxiya ilə mümkün ittifaqı önləmək üçün prezident müxalifəti öz yanına çəkməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.