“Cazın səfirləri”: necə oldu ki, ABŞ Dövlət Departamenti cazı sovet təbliğatına qarşı mübarizə vasitəsinə çevirdi

30-05-2020, 22:56           
“Cazın səfirləri”: necə oldu ki, ABŞ Dövlət Departamenti cazı sovet təbliğatına qarşı mübarizə vasitəsinə çevirdi
Bu yaxınlarda BBC telekanalı "Cazdan sonra" filmini nümayiş etdirib. Film "soyuq müharibə" zamanı Amerika və SSRİ-də cazdan və caz musiqiçilərindən təbliğat vasitəsi kimi istifadə edilməsi barədədir. BBC Rus Xidmətinin mədəniyyət məsələləri üzrə müxbiri Aleksandr Kan bunun "o biri tərəfdə" necə baş verməsi haqda yazır.

Amerika təbliğatının "Axilles dabanı"
Hələ 1950-ci illərin əvvəllərində - məlum olanda ki, SSRİ-nin təkcə atom yox, həm də hidrogen bombası var və ideoloji antaqonistlər arasında "isti müharibə" bütün insanlığın məhvinə gətirib çıxarar, ortaya soyuq müharibə çıxmışdı: qlobal ictimai rəydə önə çıxmaq uğrunda.

Məhz bu məqsədlə - Amerikanı bütün dünyada insanlara sevdirmək üçün prezident Eisenhower-in sərəncamıyla Amerika Birləşmiş Ştatlarının İnformasiya Agentliyi yaradılmışdı (USIA).

"Dünyanın bir çox ölkələrində insanlar azadlıq və quldarlıq uğrunda mübarizədə kimin yanında duracaqlarını müəyyənləşdirməyiblər. Bu ölkələr xüsusi əhəmiyyət kəsb edir və biz onları itirsək, strateji regionları və əvəzedilməz resursları da itirmiş olacağıq" - USİA-nın proqram bəyanatında belə yazılırdı. Bir çox dillərdə, qısa dalğalarda yayımlanan "Amerikanın səsi" radiostansiyası da bu proqram çərçivəsində yaradılmışdı.

Ancaq Amerika reallıqlarından olan irqi ayrı-seçkilikdən nə USİA, nə də "Amerikanın səsi" danışırdı. Sovet təbliğatı isə buna xüsusi diqqət ayırır və təkcə SSRİ vətəndaşlarına yox, bütün dünyaya bu haqda məlumat yayırdı.

Hələ 1932-ci ildə sovet rejissoru-multiplikatoru İvan İvanov-Vano Vladimir Mayakovskinin mətnləri əsasında qaradərililərin Amerikadakı çətin həyatı barədə "Ağ və qara" adlı multiplikasiya filmi çəkmiş, bu filmdə afro-amerikalı müğənni-kommunist Paul Robeson-un ifa etdiyi məşhur "Motherless Child" mahnısını səsləndirilmişdi.

"Soyuq müharibə"nin qızğın çağlarında - 1950-ci illərdə ABŞ-dakı irqi ayrı-seçkiliyə istinad edən sovet təbliğatçıları Amerikanın azadlıq təbliğatını daha aktiv şəkildə ifşa etməyə başladılar. O zamankı ABŞ reallığında buna bəhanə verən hadisələr tez-tez baş verirdi.

1955-ci ildə qaradərili yeniyetmə Emmet Till üzərində qurulmuş linç məhkəməsi haqqında sovet təbliğatının durmadan tirajladığı xəbər bütün dünyaya yayılmışdı - Missisipi ştatında yaşayan bu oğlan ağ qadınla sərbəst şəkildə danışdığı üçün öldürülmüş, məhkəmə onun qatillərinə bəraət vermişdi.

Hadisəni danmaq mümkün olmamış və ABŞ-ın beynəlxalq imicinə çox böyük zərər dəymişdi. İrqi ayrı-seçkilik Amerika diplomatiyası və təbliğatının "Axilles dabanı"na çevrilmişdi.

"Caz saatı" və Willis Conover
6 yanvar 1955-ci ildə "Amerikanın səsi" ingilis dilində "Jazz Hour" ("Caz saatı") proqramının yayımına başlayır.

Dövlət Departamenti sosialist düşərgəsi ölkələrində, demək olar ki, tamamilə qadağan edilmiş cazı ("Bu gün caz çalarsan, sabah ölkəni satarsan!", "Saksofondan bıçağa qədər bir addımlıq yol var" - ötən əsrin 40-50-ci illərindəki kosmopolitizmə qarşı mübarizədə sovet təbliğatının şüarları bu şəkildəydi) Amerika dəyərlərini və mədəniyyətini yaymağa kömək edən işlək ideoloji-mədəni silahlardan biri hesab edirdi.

Elə ilk buraxılışından "Caz saatı" verilişinin aparıcısı 35 yaşlı Willis Conover. O, caz musiqisinin bilicisi deyildi, amma həmyaşıdları kimi, Conover də o vaxt Amerikanın bu ən populyar musiqisini böyük məmnuniyyətlə dinləyirdi.

1942-ci ildə hərbi xidmətə yollanan Willis Conover tez-tez Washington yaxınlığındakı ordu klubuna gedərək ordakı bütün caz plastinkalarını dinləyirmiş. Ofisiant qızlardan biri onun caza olan marağından təsirlənir və Conoveri yerli radiostansiyanın meneceri olan əriylə tanış edir.

Xidmət müddəti bitəndən sonra Willis Conover Amerikanın yeganə caz proqramının DJ-yi təyin edilir.

Qafqazın musiqi ləhcələri - Sayat Nova layihəsi

"Amerikanın səsi" radiostansiyasının rəhbərliyi caz proqramı yayımlamaq qərarına gələndə, verilişi aparmaq Conoverə həvalə olunur. Radiostansiyanın ingilis dilindəki prqormalarının bütün aparıcıları kimi, o da bilərəkdən çox ləng və hər sözü çox aydın tələffüz edərək danışır - dünyanın müxtəlif ölkələrində onu başa düşmək çətin olmasın deyə.

Conoverin cazibəli, sehrli bariton səsi və caz musiqisi nümunələrini dinləyicilərə yumşaq, qeyri-israrçı bir tərzə təqdim etməsi öz nəticəsini verir. Dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla caz həvəskarı hər axşam radioqəbuledicilərinin yanını kəsdirib Willis Conover

sayəsində həm yeni, həm də klassik caz bəstələriylə tanış olurlar. Conoverin zaman-zaman studiyaya dəvət etdiyi caz ulduzları onlar öz yaradıcılıqları haqqında danışırlar.

Aparıcı bu verilişlərdə siyasi mövzulara toxunmasa da, caz musiqisinin və Amerika həyatının əsas nüvəsi olan azadlıq ideyası onun bütün verilişlərinin ana xətti olur.

"Caz bütün musiqiçilərin mütləq azadlığına zəmanət verir - qarşılıqlı anlaşma və əməkdaşlıq çərçivəsində azadlığa. Amerikanın əsas ideyası da elə budur" - Conover belə deyirdi.

Louis Armstrong - "Cazın səfirləri" proqramının öncülü
23 may 1956-cı ildə görkəmli truba ifaçısı və müğənni Louis Armstrong və onun "All Stars" ansamblı Akkra şəhərində - o vaxt hələ Britaniya müstəmləkəsi olan, yarım il sonra müstəqil Qana respublikasına çevriləcək Qızıl Sahilin paytaxtında 100 minlik auditoriya qarşısında çıxış edirlər.

Bu, Armstrong-un Afrikada ilk konsertiydi. Şöhrətinin və kökləri elə bura - Afrikaya bağlı olan Amerika musiqisinin uzaq qitəyə gəlib çıxması onu təəccübləndirir.

Bütün ölkənin sevimlisinə çevrilmiş, amerikalıların sevərək Satchmo adlandırdığı bu saf qəlbli və mehriban müğənninin Washington-dakı çıxışı da diqqət cəlb edir.

Şəhərin ən proqressiv siyasətçiləri anlamağa başlayırlar ki, caz keçmiş imperiyaların müstəmləkələrində ağılları və ürəkləri fəth etmək uğrunda mübarizənin ən güclü silahı ola bilər. Və onu dünyaya ancaq radio dalğaları vasitələrilə yaymaq kifayət deyil.

Ancaq bu konsertlərin dövlət tərəfindən maliyyələşdirilməsi üçün "Amerikanın səsi"nə ayrılan vəsaitdən qat-qat çox pul lazımıydı.

Qaradərili konqresmenin "liberal antikommunizmi"
Bir çoxu irqçi Cənubdan olan, xeyli konservativ baxışlı şəxslərdən ibarət Amerika Konqresi bu şəxslərin ikinci dərəcəli hesab etdiyi adamlara - onların ifa etdiyi "yüngül" caz musiqisinə vəsait ayırmağa hazır deyildi.

Yalnız bircə adam - Amerika tarixində ilk qaradərili konqresmen (New York ştatı) Adam Clayton Powell bu buzu sındırmağı bacarır. O, nəinki Konqresdə irqi problemləri müzakirəyə çıxarmaqdan qorxmurdu, üstəlik, bütün Amerikada olduğu kimi, Konqres hovuzunun da kənarına vurulmuş "Yalnız ağlar üçün" lövhəsinə məhəl qoymadan nümayişkaranə şəkildə orda üzürdü.

Bütün təhsilli afroamerikalılar kimi, Powell də cazı çox sevir, Duke Ellington-la dostluq edirdi. Həyat yoldaşı Hazel Scott da caz müğənnisi, həmçinin pianoçu və aktrisaydı; əri kimi, irqi problemləri o da tez-tez dilə gətirirdi.

Powell və Scott-un simasında New York siyasətiylə şou-biznesinin gücü birləşmişdi.

Powell yeni yaranan "üçüncü dünya" ölkələrini Amerikanın yanına çəkmək zərurətini ilk dərk edən Amerika siyasətçisiydi. Prezident Eisenhower-in və dövlət katibi John Foster Dulles-in-in etirazlarına baxmayaraq o, müstəqil şəkildə, jurnalist akkreditasiyası əldə edərək 1955-ci ildə 28 Asiya və Afrika ölkəsinin qatıldığı, "Qoşulmayanlar hərəkatı"nın əsasını qoyan Bandunq konfransına getmiş, rəsmi Washington-un narahatlığına rəğmən orda Amerikanı tənqid yox, müdafiə etmişdi.

"Ölkəmizdəki irqi azlıqların köməyi sayəsində biz kommunizmin təsirlərinə qarşı Asiya və Afrika ölkələriylə etibarlı əlaqələr qura bilərik" - öz siyasətini "liberal antikommunizm" adlandıran Powell səfərinin məqsədini belə izah etmişdi.

"Сool war" əvəzinə "cold war"
Powell Washington-a qayıdanda Konqresdə həmkarları onu ayağa qalxaraq alqışlayırlar. Konqresmen hiss edir ki, çoxdankı arzusunu reallaşdırmaq üçün əlverişli məqam yetişib - artıq afroamerika musiqisi vasitəsilə "üçüncü ölkələrin" vətəndaşlarında Amerikaya rəğbət oyada və ölkəsinin beynəlxalq imicini yaxşılaşdıra bilər.

Powell prezident Eisenhower-i və Dövlət Departamenitinin məmurlarını da buna inandıra bilir və günlərin birində Konqresin pilləkənlərində dayanaraq "Cazın səfirləri" proqramının yaradıldığını, nəhayət ki, elan edə bilir. Powell-in yanında, özünün dediyi kimi, "gözəl dostu" - məşhur truba ifaçısı Dizzy Gillespie vardı.

Əlində yuxarı qatlanmış trubasını tutan Gillespie deyir: "Bu mənim silahımdır. Soyuq müharibəni biz sərin müharibəyə çevirəcəyik". Onun dediyi "cool" sözü həmin dövrdə artıq təkcə "sərin" yox, həm çox məşhur "cool jazz" tərzini, həm də "müasir, dəbli, dikbaş" mənasını verirdi.

"Belə bir mədəni missiyada Amerika Birləşmiş Ştatlarını təmsil edən ilk musiqiçi olmaq mənimçün böyük şərəfiydi. İdeya xoşuma gəlirdi, ancaq mən həmin səfərlərdə ABŞ-ın irqçi siyasətinə görə üzr istəmək və ya ona haqq qazandırmaq fikrində deyildim" -sonrakı illərdə qələmə aldığı avtobioqrafiyasında Gillespie belə yazacaqdı.

Şən musiqi niyə bizi pis işlər görməyə vadar edir?

Onun ağlardan və qaradərililərdən ibarət ansamblı Türkiyə, Suriya, İran və Pakistanda çıxış edir. Türkiyədə olanda xəbər tuturlar ki, Amerika əleyhdarı olan yunanlı gənclərin ABŞ-ın Yunanıstan paytaxtındakı səfirliyinə hücum ediblər. Gillespie-ni təcili ora göndərirlər, bir gün əvvəl anti-Amerika şüarları qışqırıb səfirliyin binasını daşa basan tələbələrin də olduğu universitetdə amerikalı cazmenin çıxışı alqışlarla qarşılanır.

Üsyankar Armstrong
Bundan ruhlanan USİA məmurları cazın "ağır çəkili" ulduzundan - Louis Armstrong-dan istifadə etmək qərarına gəlirlər. Həm də daha əvvəl Qızıl Sahildə (gələcək Qanada) onun çox uğurlu konsertləri olmuşdu.

1950-ci illərin ortalarında - Elvis Presley ortaya çıxana qədər Armstrong bütün dünyanın tanıdığı ən məşhur amerikalıydı. Onun Avropadakı konsertləri elə böyük uğurla keçmişdi ki, USİA proqramıyla hər hansı əlaqəsi olmadan "Columbia Records" şürkəti həmin konsertlərin lent yazısını "Ambassador Satch" ("Səfir Satch") adlandırmışdı.

"New York Times" qəzeti birinci səhifədə dərc olunan məqaləsində daha uzağa getmiş, "Birləşmiş Ştatların gizli səs silahı var - caz" deyə yazmışdı.

Hədsiz xeyirxahlığına rəğmən Armstrong heç də sözəbaxan marionetka deyildi. Hələ Akkradakı məşhur konserti zamanı, Qananın gələcək (ilk) prezidentinin yanında o, Fats Waller klassik "Black and Blue" mahnısını oxumuşdu:

"I'm white inside, but that don't help my case/'Cause I can't hide what is in my face/My only sin is in my skin/What did I do to be so black and blue?"

("Mən daxilən ağam, amma nə olsun? Üzümü gizlədə bilmirəm /Yeganə günahım - mənim dərimdir /Nə günah işlətmişəm, nə üçün mən belə qara, belə kədərliyəm?")

Buna baxmayaraq 1956-cı ilin sonunda "Cazın səfirləri" proqramının növbəti iştirakçısı Armstrong seçilir; məlum olur ki, onu əsas ideoloji düşmənin yanına - Sovet İttifaqına göndərirlər. Müğənninin meneceri və USİA arasında danışıqlar sonrakı ilin birinci yarısı boyu davam edir - Amerikada növbəti irqi qarşıdurma dalğası başlayana qədər.

Həmin ilin sentyabr ayında Arkansas ştatının Little Rock şəhərində yaşayan, valideynləri tərəfindən ağlar üçün məktəbə yazdırılan 9 afroamerikalı uşağı dərsə buraxmırlar - irqçi kütlə onların qarşısını kəsir. Ştatın qubernatoru Orval Faubus və polis də irqçiləri müdafiə edir.

Prezident Eisenhower federal qoşunu qaradəriləlirin müdafiəsinə göndərməkdən imtina edir. Münaqişə və ardınca başlamış qalmaqal həm Amerika, həm də dünya mətbuatında işıqlandırılır.

Jurnalistlərə müsahibəsində Armstrong da buna münasibət bildirir: "Little Rock-da baş verənlər konstitusiyaya ziddir. Məndən Rusiyada bu haqda soruşsalar, elə belə də deyəcəm". O, prezidenti ikiüzli riyakar, qubernatoru isə "savadsız pislik" adlandırır və əlavə edir: "Hökumət cəhənnəmə vasil ola bilər!"

Bununla da Armstrong-un SSRİ-yə qastrolu barədə danışıqlar dayandırılır. "Cazın səfirləri" proqramına təhlükə yaranır.

Little Rock konfliktindən heç bir ay belə keçməmiş ABŞ-ın imicinə daha böyük zərbə dəyir, bütün dünyada "sputnik" olayı kimi bilinən hadisə baş verir - 4 oktaybr 1957-ci ildə SSRİ kosmosa Yerin ilk süni peykini göndərir.

Amerika incəsənətinin ən nüfuzlu və hörmətli nümayəndələrindən biri, Little Rock və sputnik hadisələrindən eyni dərəcədə sarsılmış qaradərili musiqiçi və bəstəkar Duke Ellington "The Race for Space" adlı məqalə dərc etdirir. İngilis dilində iki cür məna verən "race" sözünə görə bu başlığı həm "Kosmos uğrunda yarış", həm də "İrq kosmos tərəfdarıdır" kimi başa düşmək olardı.

"Bir çox başqa zəncilər kimi, mən ürəkdən inanıram ki, dərinin rəngindən, milli mənsubiyyətdən və digər bu kimi şeylərdən qaynaqlanan irqi konfliktlər Birləşmiş Ştatları Yerə bağlı vəziyyətdə saxlayır. Bizim irqi problemləri həll edə bilməməyimizdən istifadə edən ruslarsa irəli gedirlər" - Ellington belə yazırdı.

Armstrong-un proqramda iştirakdan imtinası Dövlət Departamentini çətin vəziyyətə salır, ancaq "Cazın səfirləri"nə artıq xeyli əmək və vəsait sərf edilmişdi - maliyyə vəsaitindən daha çox ideoloji yöndə, imic məsələsində ciddi səylər göstərlmişdi.

Caz müasir Amerikanın proqressiv, modern musiqisi kimi təqdim olunurdu və SSRİ bununla ayaqlaşmaq iqtidarında deyildi. Proqramın tərəfdarları deyirdilər ki, Little Rockda-kına bənzər olaylara rəğmən ölkədə irqi münasibətlər yaxşılaşmağa doğru gedir və "Cazın səfirləri" ideyasından imtina etmək bu mədəniyyət duelində - gözlənilmədən soyuq müharibənin kritik seqmentinə çevrilmiş bu çəkişmədə məğlubiyyətin etirafı demək olar.

Brubeck və Armstrong-un diplomatiyası
Həmin dövrdə Willis Conover-in proqramları sayəsində yetişmiş və o vaxta qədər, demək olar ki, gizli fəaliyyət göstərmiş Şərqi Avropa caz musiqiçiləri mədəniyyət sahəsində Stalinin ölümündən sonra başlamış yumşalmanı hiss edib fəallaşırlar. Polşada, SSRİ-də və sosialist düşərgənin digər ölkələrində caz ansamblları yaranır, caz klubları açılır. SSRİ-də ilk belə klub olan "D-58" 1958-ci ildə Leninqradda yaranmışdı.

Həmin ili fevral ayında bərpa edilmiş "Cazın səfirləri" proqramı artıq Yaxın Şərq və Afrika ölkələrindən başqa, ilk dəfə bir kommunizm ölkəsini - Polşanı da əhatə edir. Bu dəfə pianoçu və bəstəkar Dave Brubeck səfir təyin edilir. Onun da ağlardan-qaralardan ibarət kvarteti vardı və qarşısında Little Rock hadisələri və Armstrong-un imtinası nəticəsində açılmış "yaraları" sağaltmaq kimi ciddi vəzifə dururdu.

Türkiyədə Brubeck və onun saksofonçusu Paul Desmond Qərb musiqisi üçün yeni olan ritm strukturlarıyla qarşılaşırlar, bir il sonrasa bu strukturlar üzərində qurulmuş, caz üçün inqilabi xarakter daşıyan "Time out" albomunu ərsəyə gətirirlər.

Polşada isə onlar Brubeck-in sevimli bəstəkarı Chopin-in doğulduğu kəndi ziyarət edirlər. Qastrolun yekun konsertində kvartet ehtiramlı həyəcan içində donub qalmış tamaşaçılara Brubeck-in yeni bəstələdiyi və Chopin-ə ithaf etdiyi "Dziekuje" (polyakca - "sağ olun") kompozisiyasını ifa edir.

"Bu, adi tur deyildi. Biz ora insanlarla ünsiyyətdə olmağa getdiyimizi bilirdik, öz missiyamızı çox gözəl dərk edirdik" - həmin səfərdə atasını müşayət etmiş Darius Brubeck illər sonra belə demişdi.

Zamanla Little Rock hadisəsinin yaraları sağalmağa başlayır və 1960-cı ildə Dövlət Departamenti Armstrong-u dilə tutaraq onu ay yarım ərzində 14 Afrika ölkəsində çıxış etməyə razı salır.

Armstrong Konqoya hərbi çevrilişin ən qızğın günlərində gedib çıxır - müstəqillik dövrünün ilk baş naziri Patris Lumumba həbs olunmuş, mineral resurslarla zəngin ölkəyə nəzarəti ələ keçirmək uğrunda vətəndaş müharibəsi başlamışdı.

Sol yönümlü siyasətçi olan və SSRİ tərəfindən dəstəklənən Lumumbanın hakimiyyətdən kənarlaşdırılması, deyilənlərə görə, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) dəstəyilə baş tutmuşdu.

ABŞ-ın az qala rəsmi nümayəndəsi statusunda olan Armstrong ağıllı davranaraq baş verənlərə siyasi münasibət bildirmir, ancaq ən təəccüblüsü bu olur ki, onun ölkədə olduğu müddət ərzində qarşıdurma dayanır. Siyasi baxışlarından asılı olmayaraq hər kəs Konqonun əsas stadionunda çıxış edən amerikalı cazmenə eyni dərəcədə heyranıydı. Onda Armstrong müharibəni durdurmaq kimi böyük bir işin öhdəsindən gəlmişdi.

"Bu, incəlik və zəriflik səviyyəsi ən yüksək həddə olan diplomatik missiyaydı. Bu missiyanın öhdəsindən kim daha yaxşı gələ bilərdi - John Foster Dulles, yoxsa Satchmo?" - "New Yorker" jurnalı hadisəyə bu ritorik-sarkastik sualla münasibət bildirmişdi.

Afrika turu həm Armstrong-un özü, həm də Dövlət departamenti üçün son dərəcə uğurla başa çatır - Amerikanı təmsil edən bu saf qəlbli və mehriban adamı bütün qitədə həyəcan dolu heyranlıqla qarşılamışdılar.

Ancaq Satchmo-nun gəlişi Lumumbanı qaçılmaz sonluqdan xilas edə bilmir, 1961-ci ilin yanvar ayında onu öldürürlər. Bu gün bir çox tarixçi hesab edir ki, Konqoda Armstrong özü də fərqində olmadan diqqəti MKİ-nin fəaliyyətindən yayındırmaqla məşğul olmuş ola bilərdi.

Benny Goodman - SSRİ-dəki "səfir"
Kennedy prezident seçiləndən sonra (1961) Amerikanın beynəlxalq imicini yüksəltmək məsələsi yenidən gündəmə gəlir. Doğrudur, "soyuq müharibənin" konfrantasiyası olduğu kimi qalmaqdaydı (Kuba böhranı, Berlin divarı), ancaq dinc yanaşı yaşamaq və mədəniyyət sahəsində mübadilələr getdikcə daha çox ön plana çıxırdı. Ona görə də Little Rock qalmaqalına görə baş tutmamış plan - SSRİ-yə "caz səfiri" göndərmək ideyası yenidən aktuallaşır. Bu dəfəki namizəd artıq Armstrong deyildi.

1962-ci ilin yayında Nikita Xruşşov 30-cu illərdə Amerika cazının ulduzu olmuş, "svinqin kralı" Benny Goodman in və onun ağ-qara orkestrinin SSRİ-nin altı şəhərinə iki aylıq qastrol səfərinin planını təsdiqləyir.

Hər iki tərəfdə bu tura böyük maraq vardı. SSRİ-dəki yumşalma siyasəti Amerika mədəniyyətinə qarşı dözümsüzlüyü də aradan qaldırmışdı. Sovet musiqiçiləri və caz həvəskaraları bu qastrolu bütün musiqi növlərinin legetimlişməsi əlaməti kimi qəbul edirdilər. ABŞ isə qastrolu Amerika dəyərlərini və Amerika həyat tərzini sovet insanlarının şüuruna yeritmək vasitəsi olaraq görürdü.

Goodman və orkestri Leninqrad, Moskva, Tbilisi, Soçi və Kiyevdə konsertlər verir.

Ancaq həmin günlərdə gərginlik də vardı. Konsulluq əməkdaşları amerikalıları sovet adamlarıyla sıx ünsiyyətdən çəkindirirdilər, milisionerlərdən və DTX əməkdaşlarından ibarət "divarsa" sovet cazmenlərinin öz həmkarlarıyla görüşməsinə imkan vermirdi.

Ancaq Leninqraddakı konsertlərin birindən sonra, gecə yarısı universitetin zalında gizli şəkildə ortaq bir konsert təşkil etmək mümkün olur.

"Biz heç cür inana bilmirdik ki, bu başqa planetin insanları bizim torpağa eniblər" -leninqradlı cazmen Gennadi Qolşteyn sonralar o günləri belə xatırlayacaqdı.

Benny Goodmanın konsertlərindən birinə Xruşşov da gedir və hətta onunla görüşür də.

"Mənə cazı sevmədiyini dedi - nə bizimkini, nə də onlarınkını. Onunçün caz sadəcə "bum-bum-bum"dan ibarətdir" - cazmen ölkəsinə qayıdandan sonra jurnalistlərə verdiyi müsahibədə belə deyir. Ancaq bunun elə bir əhəmiyyəti yoxuydu, çünki dəmir pərdə qırılmışdı.

"Вражеские голоса". Прошлое, настоящее и будущее

Ellington-un kədərli missiyası
Ancaq Amerikada irqi qarşıdurma səngimək bilmir. 1963-cü ilin aprel ayında cənub ştatı Alabamada insan haqları uğrunda mübarizə aparanların dinc aksiyasını polis qəddarlıqla dağıdır.

Vəziyyətin uzun müddət belə davam edə bilməyəcəyini dərk edən prezident Kennedy bəyan edir ki, irqçilərə bölücülük və diskriminasiyaya qarşı iyun ayında Konqresə xüsusi qanun layihəsi şəkildə təqdim olunmuş sərt tədbirlər tətbiq ediləcək.

O vaxta qədər hökumətlə əməkdaşlıqdan imtina edən "cazın patriarxı" Duke Ellington "Cazın səfirləri" proqramında iştiraka məhz bundan sonra razılıq verir və 1963-cü ilin sentyabrında Yaxın Şərqə və Hindistana USİA-nın maliyyələşdirdiyi qastrol səfərinə yola düşür.

Prezident Kennedy-nin Dallasda öldürülməsi (23 noyabr) xəbərini o və musiqiçiləri elə həmin qastrol zamanı (Livanda) olarkən eşidirlər. Orkestri müşayiət edən USİA əməkdaşının sözlərinə görə, "bayrağı dəstəkləmək üçün" Duke qastrolu davam etdirməyə hazır olub, ancaq rəsmi Washington fərqli qərar verib.

"Amerika səfirlərinin bu möhtəşəm orkestri öz şəfaverici , sakitləşdirici və hətta kədərli-matəmli rolunu ifa etməli olduğu və bunu bacaracağı halda, geri qaytarılıb. Bu, kədərli ironiyadır. Onları ora göndərənlər musiqiçiləri bu rolda qəbul etməyiblər, onlara boş əyləncə kimi baxıblar. Bu fürsət, bu möhtəşəm fürsət əldən verilib" - caz tarixçisi Robert Omil belə deyir.

Duke-la bağlı bu kədərli epizod "Cazın səfirləri" dövlət proqramının sonunu gətirib.

"O proqramı təşkil edən Washington məmurlarının nə düşünmələrindən asılı olmayaraq Dizzi Gillespie, Louis Armstrong və Duke Ellington üçün həmin qastrollar Amerika mədəniyyəti və Amerika həyat tərzinin üstünlüyünü nümayiş etdirmək fürsəti deyildi. Onlar cazın insanları birləşdirə bildiyini göstərmək istəyirdilər. Sübut etmək istəyirdilər ki, dövlətlərarası maneələrə baxmayaraq insanlar bir olub tamam fərqli səviyyədə diplomatiya nümunəsi göstərə bilərlər" - bu isə amerikalı tarixçi Robin Kelley-nin sözləridir.

Джаз: от любви до отвращения - один шаг

"Cazın səfirləri" səfirlik rezidensiyalarında
"Cazın səfirləri" haqda BBC-nin hazırladığı film burda bitir, ancaq tarixçənin davamı da var - mənə onun şahidi və iştirakçısı olmaq nəsib olub.

Soyuq müharibənin bitməsi və 60-cı illərdə mədəni əlaqələrin genişlənməsi sayəsində cazın dünya miqyasında təbliğatında Amerika hökumətinin iştirakı sanki artıq öz aktuallığını itirmişdi.

Nadir hallarda - 5-10 ildən bir də olsa, amerikalı cazmenlər SSRİ-yə gəlirdilər: necə ki, 1967-ci ildə Charles Lloyd-un kvarteti, 1971-ci ildə Duke Ellingtonun orkestri, 1979-cu ildə görkəmli blüz sənətçisi B.B.King gəlmişdilər.

Ancaq 1980-ci illərin əvvəllərindən etibarən yeni "şaxtalar" başladı. Nisbi yumşalma və Brejnev dövrünün mülayimliyi, kosmosa birgə "Soyuz-Apollon" uçuşları keşmişdə qaldı. 1979-cu ilin dekabrında sovet qoşunlarının Əfqanıstana girməsi və bununla əlaqədar Qərb dövlətlərinin Moskvadakı Olimpiya Oyunlarını boykot etməsi, Polşadakı "Həmrəylik" hərəkatının sıxışdırılması, 1983-cü ilin sentyabrında içində bir neçə yüz dinc əhali olan Cənubi Koreya təyyarəsinin SSRİ ərazisində vurulması - bəlkə də bütün bunlar yaxın gələcəkdə müharibənin qaçılmaz olacağından xəbər vermirdi, ancaq gərginliyin yüksək həddə çatdığı göz qabağındaydı.

Siyasi əlaqələr ciddi şəkildə zəifləmiş, ABŞ mədəni əlaqələrə üstünlük verməyə başlamışdı. Bu işin təşkilinə, o cümlədən, amerikalı cazmenlərin SSRİ səfərlərinə Dövlət Departamenti yenə pul ayırırdı.

Ancaq o açıq siyasi konfrantasiya dövründə klassik qastrollardan, rəsmi konsert salonlarında çıxışlardan söhbət gedə bilməzdi. Sovet hökumətiylə hər hansı ünsiyyətdən və danışıqlardan uzaq duran amerikalılar öz musiqiçilərinə öz ərazilərində - demək olar ki, şəxsi-qapalı səviyyədə konsertlər təşkil edirdilər: Moskvada səfirin "Spaso-Haus"dakı rezidensiyasında, bizdə - Leninqradda isə baş konsulun Qrodno döngəsindəki rezidensiyasında.

Rezidensiyalardakı ev atmosferinə nə rok musiqiçiləri, nə də simfonik orkestrlər dəvət olunurdu. Ən ideal forma kamera cazıydı. Əslində, bu toplantıları konsert adlandırmaq olmazdı. Evdə musiqi ifa etmək, sovet və amerikalı cazmenlərin birlikdə dostluq cemiylə yekunlaşan maraqlı söhbətlər etmək - həmin tədbirlərin formatı bundan ibarətiydi.

İngilis dilini yaxşı bilməyim və andeqraund mühitlə çoxsaylı əlaqələrimin olması məni tezliklə konsulluq əməkdaşlarının "öz adamına" və bu gizli, amma nüfuzlu qəbullara dəvətlilər siyahısını hazırlayan az qala ən əsas şəxsə çevirdi. Nüfuzdan başqa, o qəbullar həm də həyəcanlı adrenalin "iynələrinin" əsəbləri qıdıqladığı yeriydi. Rezidensiyanın binasına daxil olmaq üçün qapıda dayanan milisionerə pasportunu göstərməliydin, yəni ora getdiyini hakimiyyətə bəlli etməliydin. Təkcə elə bu məqamda ona meydan oxumaq, cəsarət, hətta risk də vardı və əfsanəvi cazmeni canlı olaraq görmək üçün belə bu riski gözə alanlar çox olmurdu. Sovet idarələrində az-çox ciddi işi olan adamların çoxu istəmədən də olsa, dəvəti rədd edir, "şərdən uzaq dururdu".

Mədəniyyətdəki andeqraundun "süpürgəçilərindən və gözətçilərindən" fərli olaraq mənim itirəcək nəyimsə vardı, müəllim işləyirdim, buna baxmayaraq çox sərbəst davranırdım.

Belə konsertlər tez-tez olmurdu. Çoxbilmiş Dövlət Departamentinin Willis Conoveri - onillər boyu bir çoxumuza cazın qapılarını açmış o ən qalın məxməri baritonun sahibini də yanlarına qoşub göndərdiyi pianoçu Chick Corea ilə vibrafonçu Gary Burton-un dueti xüsusilə yadımda qalıb.

Mənim dostum - pianoçu Sergey Kurexin konsulluqdakı bu möhtəşəm qəbula cavab olaraq öz evində cavab qonaqlığı vermək qərarına gəlmişdi. O, şəhərin, demək olar ki, lap kənarında - Ulyanka deyilən rayonda, darısqal "xruşşovka"da yaşayırdı. Vəziyyətlə bağlı xəbərdarlıq etdiyi anası və bacısı kasıb və durğun sovet məişətinin imkan verdiyi dərəcədə layiqli süfrə açmışdılar, biz isə qonaqları qarşılayıb o uzaq periferiyaya aparmaq üçün mərkəzə getmişdik.

Görüş yerimiz Puşkinin "İncəsənət" meydanındakı heykəlinin yanıydı. Məşhur caz tənqidçisi və tarixçisi Vladimir Feyertaq da bizimləydi. Qışıydı, hava da artıq kifayət qədər qaralmışdı. Üçümüz də meydanda dayanıb qonaqları gətirəcək diplomatik xidmət maşınını gözləyirdik.

Maşın gəldi və biz əyləşib yerimizdən tərpənən kimi meydanda dayanmış qara "Volqa" arxamıza düşüb uzun müddət bizi izlədi. Amerikalılar da daxil olmaqla, hamımız özümüzü agentlər haqqında filmin personajları kimi hiss edirdik. Sonra sürücümüzün məharəti sayəsindəmi, yoxsa yolun uzunluğundan bezdikləri üçünmü, nədirsə, "Volqa" geri qaldı və həmin axşamın geri qalan hissəsi macərasız ötüşdü.

Amerikaya ilk dəfə getdiyim 1988-ci ildə mən Conover-lə artıq Washington-da, onun "Amerikanın səsi" radiostansiyasındakı studiyasında görüşdüm. Dəyişməz məxməri səsiylə və "Caz saatı"nın ənənəvi girişi olan "Take the A Train" mahnısıyla verilişə başlamasına birbaşa orda qulaq asdım.

1996-cı ildə Conover vəfat etdi.

"Kommunizm və demokratiya gücləri arasındakı uzun mübarizədə Willis Conover və onun caz proqramı bütöv bir bombardmançılar eskadronundan daha effektliydi" - o vaxt "New York Times" qəzetində dərc olunmuş nekroloqda belə yazılmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.