Starmer Epşteynlə əlaqələri səbəbilə Britaniyanın ABŞ-dakı səfirini geri çağırıb
Bu gün, 10:38

“Baş nazir Xarici İşlər Nazirindən onu səfir kimi geri çağırmağı xahiş edib"
Böyük Britaniyanın Baş naziri Keir Starmer Birləşmiş Krallığın ABŞ-dakı səfiri Piter Mandelsonu ABŞ-da mühakimə olunmuş maliyyəçi Ceffri Epşteynlə əlaqələrə görə istefaya göndərib. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.
Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Stiven Dauti İcmalar Palatasına verdiyi açıqlamada, qərarın Mandelsonun Epşteynə göndərdiyi e-poçtların bu həftə dərc edilməsindən sonra qəbul edildiyini söyləyib.
"Piter Mandelsonun elektron məktublarında olan əlavə məlumat fonunda Baş nazir Xarici İşlər Nazirindən onu səfir kimi geri çağırmağı xahiş edib", - Xarici İşlər Nazirliyindən bildirilib.
“Elektron məktublar göstərir ki, Mandelsonun Epşteyn ilə münasibətlərinin dərinliyi və əhatə dairəsi onun təyin olunduğu zaman məlum olandan əhəmiyyətli dərəcədə fərqlidir”, Xarici İşlər Nazirliyi əlavə edib.
Qeyd edək ki, Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorlar onun 2002-2005-ci illər arasında Manhettendəki evinə ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qız üçün səfər təşkil etdiyinə dair sübutların olduğunu bildiriblər.
Epşteynin dost və tanışları arasında təkcə ABŞ-da deyil, həm də bir çox başqa ölkələrdə çoxlu sayda hazırkı və təqaüddə olan məmurlar, o cümlədən keçmiş dövlət başçıları, böyük biznesmenlər və şou-biznes ulduzları olub. ABŞ-da maliyyəçinin cinayət təqibi 2019-cu il avqustun 10-da həbsxana kamerasında intihar etdikdən sonra dayandırılıb.