Məmmədyarovun DTX-ya müraciətinə deputatlar belə reaksiya verdi

10-06-2020, 11:12           
Məmmədyarovun DTX-ya müraciətinə deputatlar belə reaksiya verdi
Məmmədyarovun DTX-ya müraciətinə deputatlar
Son həftələr xarici işlər naziri Elmar Məmmədyarovun oğluna Nyu-Yorkda 4 milyonluq iki mənzil almasından yazılır. Avropada yaşayan jurnalist Cavanşir Həsənli yazıb ki, nazirin böyük oğlu Emin Məmmədyarov Nyu-Yorkda, Manhettendə ümumi dəyəri 4,2 milyon dollar olan 2 mənzil alıb.

Nyu-York Vergi Departamentindən bildirilib ki, mənzillər Riversayd bulvarı, “Tramp-Pleys”dəki binalarda yerləşir. 2004-cü ildə Tramp strukturları tərəfindən inşa edilmiş bina 21 mərtəbəlidir.

Binada bütün rahatlıqlar, o cümlədən qapalı hovuz, fitnes mərkəzi, sauna və cakuzi, Qudzon çayına baxan damda xüsusi abadlaşdırılmış özəl terras var. Bu, Nyu-Yorkun mərkəzi parkına yaxındır.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva isə Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edildiyini deyib. Onun sözlərinə görə, vətəndaşın şərəf və ləyaqəti ölkəmizdə konstitusiya və digər qanunvericilik aktları ilə qorunur: "Lakin son günlərdə Xarici İşlər Nazirliyinə qarşı bilərəkdən yalan və böhtan kampaniyasının aparıldığını müşahidə edirik. Bu qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə tərəfimizdən Dövlət Təhlükəsizliyi Xidmətinə rəsmi müraciət edilib. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və ləyaqətini ləkələmək hüququ vermir. Şəxsi həyata müdaxilə edərək təhqir və böhtan xarakterli məlumatları yayanlar məsuliyyətə cəlb olunmalıdırlar. Xarici İşlər Nazirliyinin həyata keçirdiyi vəzifələr strateji əhəmiyyətlidir və bilərəkdən bu mühüm dövlət orqanı barədə yalan və qərəzli məlumatların dövriyyəyə buraxılması dövlətin milli maraqlarını ciddi təhdid etməklə yanaşı, müstəqil respublikamızın beynəlxalq nüfuzuna da xələl gətirir.Bu səbəblərdən qarayaxma kampaniyasının araşdırılmasını və Azərbaycan qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlərin görülməsini zəruri hesab edirik".

Nazirin DTX-ya müraciətinin nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq çətindir. Lakin belə iddialar səslənir ki, XİN strukturu əleyhinə məqsədli kampaniya aparılır. Hətta bu məsələlərin arxasında ölkənin beynəlxalq nüfuzuna xələl gətirmək və Qərbdəki erməni dairələrinin maraqlarına uyğun kampaniya aparmaq mülahizələri irəli sürülür. Bu, deyildiyi kimidirmi?

YAP-çı deputat, parlamentin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda dövlətin xarici siyasətini prezident İlham Əliyev müəyyən edir və kifayət qədər də uğurludur. Deputatın sözlərinə görə, bu siyasətin nəticəsində Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuza malikdir. E.Nəsirov hesab edir ki, aparılan uğurlu xarici siyasətdə Xarici İşlər Nazirliyinin də öz payı var. “Amma biz son zamanlarda müşahidə edirik ki, Azərbaycanın beynəlxalq sferada uğurlarını ləkələmək məqsədilə Xarici İşlər Nazirliyi hədəfə alınıb. Hesab edirəm ki, bu şər kampaniyası məqsədyönlü həyata keçirilir. Xüsusən xaricdəki bəzi özünü mühacir sayanlar çirkin kampaniya aparırlar. Təəssüflə demək lazımdır ki, eyni kampaniyanın nüfuzlu Şeyx həzrətlərinin əleyhinə aparılmasının da şahidiyik”,- deyə deputat vurğuladı.

E.Nəsirov bu böhtan kampaniyasına son qoyulmasına və vətəndaşları həmrəy olmağa çağırdı: “Bununla Azərbaycanın beynəlxalq nüfuzunu aşağı endirmək istəyirlər. Qətiyyən yol vermək olmaz. Çünki Xarici İşlər Nazirliyi əleyhinə aparılan kampaniyanın arxasında ölkənin əldə etdiyi uğurlara kölgə salmaq, xətt çəkməkdir. Sözsüz ki, bu nailiyyətlər Ermənistanı, erməni diasporunu və onların əlində alət olan ”5-ci kolon"u narahat edir. Odur ki, hər kəs mövqeyini verməlidir".

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Bəxtiyar Sadıqov isə “Yeni Müsavat”a söylədi ki, əslində Ermənistan-Azərbaycan münaqişəsi dünyada bir sıra həqiqətləri və məkrli niyyətləri də ortaya çıxardı. Onun fikrincə, biz bu illər ərzində beynəlxalq aləmin ikili standartlarını müşahidə etmişik: “Bu günə qədər gedən danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyinə, Qarabağda saxta seçkilərə, qondarma rejimin Qarabağı ayrıca respublika kimi tanıtmaq cəhdlərinə baxmayaraq, bu oyunların içində bir ikili yanaşma görmüşük.

Görmüşük ki, Ermənistanın bu siyasətinə görə beynəlxalq aləm güclü şəkildə onlara təzyiq etmir, işğalçı olduqlarını bərkdən söyləmirlər. Amma görürük ki, anti-Azərbaycan şəbəkələr və onların bir qolu olan “5-ci kolon” həm xaricdə, həm daxildə ölkəmiz əleyhinə fəallıq edirlər. Onlar şər kampaniyası aparır, prosesi müxtəlif istiqamətlərə yönəldirlər. Biz dəfələrlər həm Prezidentə, həm yüksək çinli dövlət məmurlarına qarşı böhtanlar atıldığını, amma yapışmadığını görmüşük. Onlardan biri də indi Məmmədyarov əleyhinə başladılıb".

B.Sadıqov bildirdi ki, bu gün Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlarda xarici işlər naziri Elmar Məmmədyarov iştirak edir: “Xarici İşlər Nazirliyinin fəaliyyəti Prezidentin nəzarəti altında həyata keçirilir və kifayət qədər uğurlu xarici siyasətimiz var. Azərbaycan transmilli layihələrdə iştirak edir, dünyanın bir çox ölkələri ilə geniş əməkdaşlığımız, müqavilələrimiz var. Bu xarici siyasətdəki uğurların, ölkənin artan nüfuzunun qarşısında dolayısı yolla duruş gətirə bilməyən həmin anti-Azərbaycan şəbəkə çirkin kampaniyalar aparır. Bəziləri deyirdilər ki, Elmar Məmmədyarov Azərbaycan dilində yaxşı danışmır. Amma bir jurnalist kimi deyirəm ki, nazir çıxışında fikirlərini dəqiq ifadə edir.

Eyni zamanda beynəlxalq danışıqlarda xarici dil bilmək olduqca vacibdir ki, Məmmədyarovun ingilis dilində də səlis danışdığını görürük. Ona görə də böhtan kampaniyası aparanlar Azərbaycanın artan beynəlxalq nüfuzunun qarşısını ala bilməyəcəklər".
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.