Kiçilən iqtisadiyyat və Dünya Bankının proqnozu: Hansı daha realdır? - TƏHLİL

10-06-2020, 18:08           
Kiçilən iqtisadiyyat və Dünya Bankının proqnozu:
Bu il Azərbaycan iqtisadiyyatının yeni növ koronavirus pandemiyası fonunda 2,6% azalacağı gözlənilir.

Bu barədə Dünya Bankının "Global Economic Prospects: Europe and Central Asia" adlı hesabatının iyun buraxılışında bildirilib. Hesabatda qeyd olunur ki, 2021-ci ildə ölkədə ÜDM istehsalı 2,2% artacaq. Neft qiymətlərinin sabitləşəcəyini gözləyən bank, bu səbəbdən ölkədə iqtisadi aktivliyin 2021-ci ildə artacağını proqnozlaşdırır.

Hesabata görə, koronavirus pandemiyası Azərbaycanda büdcə xərclərinin səhiyyəyə yönələn vəsaitlərin artmasına, vergi ödəyiciləri üçün vergi ödəmələrində təxirə salınmanın təmin olunmasına və əhalinin sosial müdafiəsi tədbirlərinin genişlənməsinə görə artacaq. Bundan əlavə, Dünya Bankının gözləntilərinə görə, neft qiymətlərinin kəskin azalmasından sonra Azərbaycanda bərpa olunan enerji mənbələrinə strateji investisiya planlarını genişləndiriləcək.

Qeyd edək ki, bankın bundan əvvəlki proqnozuna əsasən, 2020-ci ildə Azərbaycanda ÜDM 0,2% azalacağı, 2021-ci ildə isə 2,2% artacağı gözlənilirdi.

Dövlət Statistika Komitəsinin məlumatına görə, apreldə istehsal edilən ümumi daxili məhsulun (ÜDM) həcmi 4 milyard 79,4 milyon manat olub. Bu mart ayı ilə müqayisədə 29%, yanvar və fevral ayları ilə müqayisədə isə 33-37% azdır.

Belə olan halda, artıq aylardır ki, ölkədə iqtisadi aktivliyin azaldığı, eyni zamanda ölkənin əsas ixrac məhsulu olan neft qiymətlərinin düşdüyü bir zamanda Dünya Bankının proqnozları nə qədər realdır?

İqtisadçı Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, Dünya Bankının Azərbaycanla bağlı proqnozu may ayına qədər olan göstəricilərə hesablanıb:

“Orada neftin qiymətinin yaxın vaxtlarda ən azı 40-45 dollar koridoruna yerləşməsi amili də yer alır. Dünya Bankının bir çox ölkələrlə bağlı rəqəmlərdə də pozitiv yanaşmanın şahidi oluruq. Azərbaycanda iqtisadiyyatın daha dərin azalma ehtimalı daha çoxdur. Təəssüf ki, ölkədə statistik rəqəmlərin vaxtlı-vaxtında açıqlanmaması ilə yanaşı, onların dürüstlüyü də şübhə yaradır. Statistika Komitəsinin açıqladığı rəqəmlərlə reallıq arasında əksər hallarda ciddi fərq olur. Hətta Prezident səviyyəsində belə Azərbaycanda statistikanın doğru- dürüst aparılmaması ilə bağlı iradlar səslənib. Əgər Statistika Komitəsi və ya digər dövlət qurumları vaxtında doğru rəqəmlər açıqlasaydı, biz mütəxəssislər olaraq ÜDM parametrlərini hesablaya bilərdik və real vəziyyətin hansı səviyyədə olduğunu açıqlaya bilərdik”.

İqtisadçı bildirib ki, Azərbaycanın prioritet sahələrinin vəziyyətinə nəzər saldıqda, enerji daşıyıcıları sahəsində qiymətlərin enməsi və hasilatın azaldılmasının ciddi təsirləri görünür:

“Məlum olduğu kimi, Azərbaycan hasilatın azaldılması ilə bağlı öhdəlik götürüb. Hasilatın gündəlik 160 min barel azalması da ÜDM-in formalaşmasına ciddi olaraq mənfi təsirlərini göstərir. Turizm sahəsi prioritet elan olunmuşdu, demək olar ki, tamamilə dayanıb. Martın ortalarından sərhədlər bağlandı və bu sahə dayandı. ÜDM-in formalaşmasında xüsusi rol oynayan digər sahə xidmət sahəsi idi. Kafelər, restoranlar, əyləncə mərkəzləri, qeyri-ərzaq məhsularının ticarət mərkəzləri iki aya yaxın bir müddətdə fəaliyyət göstərməyib, indi isə demək olar karantin rejimi ilə bağlı olaraq işləri səngiyir. Ona görə də ölkədə ÜDM-in daha çox azalması gözləniləndir. İndiki reallıqda iqtisadiyyatda ən azı Dünya Bankının açıqladığı rəqəmdən iki dəfə artıq – təqribən 5 faiz civarında azalma daha realdır”.

Dünya Bankının neftin qiyməti ilə bağlı gözləntilərinə gəlincə, Natiq Cəfərli hesab edir ki, qurumun hesablamaları daha nikbin proqnozlara hesablanıb:

“Dünya Bankı neft hasil edən ölkələrin bu ilin üçüncü rübündə daha yaxşı nəticə göstərə biləcəyini neftin qiymətinin yüksələcəyi ilə bağlayıb. Amma “Moody's” və "S&P" kimi nüfuzlu reytinq şirkətlərinin neftin qitməti ilə bağlı proqnozları ilə Dünya Bankının proqnozları arasında 8-10 dollara qədər fərq var. Həmin şirkətlər bu il üçün orta qiyməti 35 dollardan hesablayır. Dünya Bankı isə qiymətlərin daha yüksək olacağını proqnozlaşdırır”.

İqtisadçı deyib ki, hazırda neft qiymətləri ilə bağlı proqnoz vermək çox çətindir:

“Çünki iqtisadi amillərdən daha çox süni amillər qiymətin formalaşmasında rol oynayır. Hasilatın azaldılması ilə bağlı açıqlamalar, geosiyasi bəyanatlar bazara təsiri edir. Bununla yanaşı, fundamental iqtisadi məsələlərə baxdıqda da görürük ki, neft istehsalı ilə istehlakı arasında ciddi fərq var. Dünya üzrə istehlakın azalmasına baxmayaraq, istehsal hələ də çoxdur. Gündəlik çıxarılan neftin hələ də 10-15 milyon bareli anbarlara yığılır. Dünyada gün ərazində 90 milyon barel civarında neft istehsal olunur, amma istehlak təqribən 75-80 milyon bareldir. Doğrudur, aprel və may aylarına nisbətən istehlak nisbətən artıb, amma dünya iqtisadiyyatının açılma templərinə baxdıqda, neft qiymətlərinin iqtisadi səbəblərə görə artacağını düşünmürəm. Amma süni şəkildə, bazara müxtəlif təsirlər vasitəsilə ilin sonuna qədər qiymətin 40-45 dollara qədər artması ehtimalı da var”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.