Edama məhkum edilmiş casus:ƏFSANƏVİ İRAN GENERALININ QƏTLİNDƏ ONUN İŞTİRAKI NƏDƏN İBARƏT OLUB?

10-06-2020, 18:12           
Edama məhkum edilmiş casus:ƏFSANƏVİ İRAN GENERALININ QƏTLİNDƏ ONUN İŞTİRAKI NƏDƏN İBARƏT OLUB?
İyunun 9-da İran Ali Məhkəməsinin sözçüsü əfsanəvi general Qasım Süleymaninin qətlinin təşkilində CIA (Mərkəzi Kəşfiyyat İdarəsi) və “Mossad”a yardımçı olmuş şəxsin adını açıqlayıb – Seyyid Mahmud Musəvi Məcd. Hətta atasının adı da məlumdur: “fərzənd-e Seyyid Kazem”, yəni Seyyid Kazımın oğlu. Açıqlama xəbər lentlərinə oturan kimi casusun kimliyi ilə bağlı informasiya axtarışları, foto və videoların sosial şəbəkələrdə paylaşımı başlayıb.

Çoxlarına bu iş su içmək kimi asan görünüb və sözün açığı, nəticəni bilə-bilə mən də informasiya axınını daramaqdan yan keçə bilmədim. Halbuki hərbi kəşfiyyat – “Sepah” təmsilçisi olmuş, nə rütbəsi, nə də vəzifəsi məlum olan Seyyid Kasım oğlu Musəvi Məcd haqqında hər hansı məlumatın mövcudluğu əvvəldən şübhəli idi. Odur ki, İslam Respublikasının məhkəmə hakimiyyətinin sözçüsü Qulamhüseyn İsmailinin açıqladığı informasiya ilə kifayətlənmək qalırdı.

İsmailinin sözlərinə görə, ABŞ və İsrailin nəfinə casusluq etmiş şəxs, general Qasim Süleymani də daxil olmaqla, İran silahlı qüvvələrinin “hərəkətləri və mövcud olduğu yerlər” barədə düşmən ölkələrə informasiya sızdırıb. Buna görə də, Musəvi Məcd bu yaxınlarda edam ediləcək, çünki hökm ölkənin Ali Məhkəməsində təsdiqlənib.

“Musəvi həm “Mossad”, həm də CIA üçün ABŞ dolları qarşılığında kəşfiyyat məlumatları toplayıb”, – deyən sözçü məhkəmə prosesinin əvvəlki mərhələlərini açıqlanmayıb və casusluqda ittiham edilən şəxs general Süleymaniyə qarşı sui-qəsd istintaqında adı çəkilən ilk və yeganə şübhəlidir.

Bir vaxtlar İslam Respublikasının mövcud elitasında ikinci ən güclü adamı sayılan əfsanəvi general 2020-ci ilin yanvarında Bağdad beynəlxalq hava limanından yola çıxarkən, ABŞ-ın həyata keçirdiyi hava hücumunda öldürülüb. “Mizanonline” saytı bu tarixə istinadla əslində, edam cəzasına məhkum olunmuş Musəvi Məcdin hələ 2018-ci il oktyabrın 10-da həbs olunduğunu xatırladıb. Bundan əlavə, Mərkəzi Kəşfiyyat İdarəsi və “Mossad”la əlaqədə suçlanan şəxs haqqında hələ 2019-cu il avqustun 25-də ölüm hökmü çıxarılıb.

Brifinqdən bir müddət sonra İranın ədliyyə orqanları da xətanı düzəltməyə çalışıb. Açıqlamada “Qüds” Qüvvələri komandanının qətlində ittiham edilən Musəvi Məcd barədə edam hökmünün Süleymaninin ölümündən 5 ay əvvəl çıxarıldığı qeyd olunub.

Bəzi İran KİV-ləri Musəvinin Qasim Süleymani ilə yaxın əlaqələri və düşmən kəşfiyyat orqanlarına ötürülməsi üçün həyati məlumatlara sahib “Qüds” Qüvvələrinin üzvü olduğunu iddia edib. Lakin bunu təsdiqləyəcək aşkar fakt varmı?

Gizlilik İslam Respublikasının casusluq istintaqında ali şərtdir. Bu cür işlərə baxılması tapşırılan iki paralel qurum – “Sepah”ın Kəşfiyyat Xidməti və Kəşfiyyat Nazirliyi (“Ettelaat”) illərdir bunu nümayiş etdirirlər. Amma ittiham olunan şəxslərin təqsiri hər zaman isbat olunmur. 2010-cu ildə İran nüvə alimlərinə sui-qəsd hadisəsi zamanı (2 nəfər öldürülmüşdü) istintaqdan sonra əvvəlcə edam cəzasına məhkum edilmiş bir neçə şübhəli sonradan sərbəst buraxılıb.

Sosial şəbəkələrdə paylaşılan foto və videolara gəlincə, rəsmi şəkildə nə təsdiq, nə də inkar səslənib.

Paylaşımlara ilk münasibət “Sepah”a yaxınlığı ilə tanınan hərbi reportyor Hüseyn Deliriandan gəlib. “Seyyid Mahmud Musəvi Məcdə aid edilən fotoların təsdiqi yoxdur”, – deyə o, tvit atıb.

“Şəkildə əks olunan şəxs iraqlı və “Haşdi-Şəabi” qüvvələrinin üzvüdür”. Bu qeyd də general Süleymaninin Əbumehdi Mühəndislə birgə fotosuna şərhdə yazılıb. Həmin fotoda arxa plandakı gənc hərbçinin casus olduğu iddia olunub. Amma “Haşdi-Şəabi”nin sözçüsü Mühənd əl-Aqabi şəxsi “Twitter” səhifəsində məlumatı təkzib edib.

Düzü, “Qüds” Qüvvələrinin keçmiş komandanı xarici gizli əməliyyatlara rəhbərlik etsə də, onun harada olduğunu müəyyənləşdirmə xarici kəşfiyyat xidmətləri üçün bəlkə də xüsusi çətinlik törətməyib. Çünki əksər vaxtlar, ilk növbədə, İŞİD-lə mübarizənin ən qızğın dövründə Qasim Süleymani öncə cəhbədə olub.

2017-ci ilin dekabrında isə ABŞ dövlət katibi Mayk Pompeo iranlı generala məktub göndərdiyini bildirmişdi (Süleymani qasidin gətirdiyi məktubu heç açmamışdı da). 2019-cu ildə “Mossad” rəhbəri Koen “Qüds” komandanının fəaliyyətini yaxından izlədiklərini gizlətməmişdi.

Bəs təqaüdçü general, 2003-2008-ci illərdə Ortaq Xüsusi Əməliyyatlar Komandanlığına rəhbərlik etmiş, 2009-2010-cu illərdə Əfqanıstanda ABŞ və NATO qüvvələrinin komandiri vəzifəsini tutmuş Stenli MakKristalın “Foreign Policy”-dəki məqaləsi (22.01.2019) kimi xatirindədir?

“Hərəkət etməmək qərarına gəlmək bəzən ən çətin məsələdir və həmişə doğru deyil.

2007-ci ildə İrandan Şimali İraqa bir sıra nəqliyyat vasitələrinin keçidini seyr edirdim. O vaxt mən dörd il idi ki, ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının (JSOC) rəhbəri vəzifəsini tutur, bölgəni məhv edən terrorizmə sipər çəkir və çətin seçimlər etməyə alışmışdım. Lakin o yanvar gecəsində seçim xüsusilə çətin idi: ABŞ-da CIA və JSOC-un birləşməsinə oxşar olan İranın elit “Qüds” qüvvələrinin rəhbəri Qasim Süleymaninin daxil olduğu konvoya hücum edib-etməmək?

Süleymanini aradan götürmək üçün tutarlı səbəb vardı. O dövrdə İran istehsallı, onun əmri ilə yol kənarlarında yerlşdirilən bombalar bütün İraqda ABŞ əsgərlərini havaya uçurub məhv edirdi. Ancaq hərbi toqquşma və mübahisəli siyasətdən yayınmaq qərarına gəldim: biz, sadəcə, karvana nəzarət etməliyik.

Karvan Ərbilə çatdıqdan sonra Süleymani qaranlıqda gözdə itdi”.

“Qüds” komandanının qətlinin istintaqı da hələlik qaranlıq tunelə bənzəyir. Halbuki icraçı məlumdur, amma şəriklər naməlum.
strateq.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.