Whatsapp istifadəçilərinin məlumatları yenə Google axtarış sisteminə sızdırıldı
12-06-2020, 00:03
Whatsapp messenceri özünün böyük istifadəçi kütləsi ilə məşhurdur. Buna görə də bu messencer adi istifadəçilər ilə yanaşı həmçinin kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssisləri də özünə cəlb edir. Məlum olub ki, Whatsapp-ın da öz sistem boşluqları mövcuddur. Bir neçə müddət bundan öncə verilmiş hesabata əsasən sistem boşluğu sayəsində Whatsapp-ın 100.000-lərlə istifadəçisinin məlumatları internetə sızıb. Bu barədə Slashgear saytı xəbər verib.
İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən Athul Jayaram adlı mütəxəssis aşkar edib ki, Whatsapp-ın funksiyalarından biri kontakt nömrəsinin və hətta göndərilmiş mesajların Google axtarış sisteminin axtarış nəticələrinə sızdırılmasına imkan verir. Məlum olub ki, Click to Chat funksiyası (kontakt siyahısında nömrəsi olmayan şəxs ilə QR şifrənin skanı vasitəsilə mesajlaşmaq) vasitəsilə mesajlaşan zaman ikinci şəxsin məlumatları və bəzi hallarda çat dialoqlarının özləri Google axtarış sistemində keş olunur.
Həmin məlumatlar və dialoqlar isə brauzerin ünvan hissəsində sahibi olduğu şirkət domeni wa.me-də telefon nömrəsi və ya onun prefikisinin yazılması vasitəsilə oxunulur. Mütəxəssis bildirib ki, o, axtarış sistemində ölkə kodunu domen ünvanına birləşdirməklə 300.000-ə yaxın bu cür sızdırılmış məlumat aşkar edib. Onun sözlərinə əsasən Whatsapp rəhbərliyinin bundan məlumatı var. Lakin rəhbərlik bu məsələnin istifadəçilərin təhlükəsizliklərinə zərər yetirəcəyini hesab etmir. Qeyd etmək lazımdır ki, kontakt siyahısında olan nömrələrə sahib şəxslər ilə ünsiyyət zamanı bu cür məlumat sızıntısı baş vermir.