Rusiyada insanları necə izləyib cərimələyirlər? - Hökumət yeni layihəni sınaqdan çıxarır

12-06-2020, 01:07           
Rusiyada insanları necə izləyib cərimələyirlər? - Hökumət yeni layihəni sınaqdan çıxarır
Koronavirus pandemiyası dövründə Rusiyada karantin qaydalarına necə əməl olunduğunu izləmək üçün bir sıra proqramlar işə salınmışdı. İndi ölkə tədricən karantindən çıxır. Ancaq tənqidçilər xəbərdarlıq edirlər ki, minlərlə vətəndaşın şəxsi datası oğurlana, dövlət və digər oyunçular tərəfindən sui-istifadə oluna bilər.

"Azad Avropa" radiosunun əməkdaşı bu məsələni araşdırıb.

Yeddi uşaq anası Marina Xublarovada aprelin sonunda koronavirus simptomları üzə çıxanda o, tibb yardım xidmətinə müraciət edib. Testin cavabı pozitiv çıxıb. Bundan sonra Xublarovaya mesaj gəlib ki, “Sosial Monitorinq” adlı smartfon tətbiqini yükləsin. Hökumət bu tətbiq vasitəsilə evdə qalmaq, koronavirusa görə tətbiq olunmuş digər hərəkət məhdudiyyətlərini izləyir.

Xəstəxanaya gedəndə də cərimə yazılıb

“Bundan sonra cəhənnəm başlandı”, – deyən Xublarova gecə-gündüz hər iki saatdan bir bildirişlər almağa başlayır, ondan evdə olduğunu sübut edən selfi yükləmək tələb olunur. Vəziyyəti pisləşən qadını xəstəxanaya aparırlar, ancaq orada da bildirişlər gəlib. Dörd xəstənin yatdığı palatada o, gecə vaxtı selfi çəkmək üçün işıqları yandırmalı olub.

Mayın 19-da isə Khublarova 8 min rubl (116 dollar) həcmində iki cərimənin ödənməsini tələb edən məktub alıb. Cərimələr evdən çıxmağa və tələb olunan fotonu yerləşdirməməyə görə kəsilib və hər iki pozuntu da aprelin 30-da baş verib – ambulans onu xəstəxanaya aparanda.

Müəllif yazır ki, bu tragikomik əhvalat “Sosial Monitorinq” istifadəçiləri üçün qeyri-adi hal salıymır. Aprelin əvvəlində işə salınan tətbiq şübhəli COVID-19 simptomları olan Moskva sakinlərini izləməyə GPS sistemindən istifadə edir. Bəzən cərimələr yazılır. Hətta bir ildən çox yataq xəstəsi olan professora belə cərimə yazılıb.

“Belə bir təəssürat yaranır ki, hakimiyyət baş verənləri sıravi vətəndaşların hesabına kompensasiya etməyə çalışır”, – daha bir istifadəçi Qriqori Saxarov deyir. Ona üst-üstə 24 min rublluq (350 dollar) cərimə yazılıb, baxmayaraq ki, evdən çıxmadığını söyləyir.

3,1 milyon dollar cərimə yığılıb

Mayın 20-də “Sosial Monitorinq” tətbiqinə nəzarət edən Eduard Lisenko deyib ki, bu tətbiq vasitəsilə 216 milyon rubl (3,1 milyon dollar) cərimə yığılıb. Ertəsi günü “Human Rights Watch” insan haqları təşkilatı hakimiyyəti həmin tətbiqdən istifadəni dayandırmağa çağırıb, bunun istifadəçinin gizliliyini pozduğunu deyib.İyunun 9-dan Moskvada bir sıra məhdudiyyətlər qaldırılıb. Ancaq koronavirus simptomları olanlar üçün sözügedən tətbiqdən istifadə məcburi qalacaq. Tənqidçilərin fikrincə, o digər rəqəmsal alətlərlə birlikdə postpandemiya izləmə aparatı yarana bilər.

Martda Rusiyada epidemiya başlanandan hakimiyyət karantin qaydalarını pozanları aşkarlayıb cərimələmək üçün üztanıma texnologiyasından istifadə edib. Təkcə Moskvada bu məqsədlə 100 min kamera quraşdırılıb. “Saxta xəbərlər”in yayılmasına qarşı yeni qanunlardan isə hökumətin pandemiya iləmübarizəsini tənqid edənlərin cəzalandırılması üçün istifadə olunur.

Rusiya mediasının mayın 29-da yaydığı xəbərəgörə, iyuldan Moskvada “virtual pasportlar”ın sınağı başlanacaq. Onlar kağız şəxsiyyət vəsiqələrini əvəzləyəcək. Virtual pasportlar karantin dövründə bir sıra şəhərlərdə şəxsi və ictimai nəqliyyatdan istifadə edənlər üçün tətbiq olunan rəqəmsal buraxılış vəsiqələrindəki informasiyanı əhatələyəcək.

İnformasiya sızarsa...

Data sızmaları, sistem qəzaları kimi pozuntular toplanan şəxsi informasiyanın üçüncü tərəfdən qoruna bilməyəcəyi sarıdan əndişələrə yol açıb. Axı, bu informasiyalarda pasport detalları, avtomobillərin qeydiyyat nömrəsi, istifadəçilərin ev və iş ünvanları yer alır.

Üstəlik, yeni seçki islahatları elektron və poçtla səsverməyə imkan yaradır. Rəsmilər bu addımın basabasın önlənməsi üçün gərəkdiyini deyirlər. Fəalların fikrincə, hakerlər və kibercinayətkarlar üçün yeni hədəf yaranır.Tənqidçilər deyirlər ki, rəqəmsal texnologiyalar hakimiyyətin hazırladığı daha ambisiyalı alətlər üçün pilot layihələrdir.

“Bu, daha böyük addıma doğru ilk pillədir. Bu alət və qadağaların çoxu pandemiyadan sonra da qüvvədə qala bilər və bu, vətəndaş cəmiyyətini xeyli narahat edir”, – Roskomsvoboda təşkilatından Sarkis Darbinyan deyir. Bu QHT senzuranın monitorinqini aparır və digər təşkilatlarla birlikdə dünya üzrə məhdudlaşdırıcı rəqəmsal texnologiyalardan istifadəni izləyir.

Həm də narahatlıq təkcə nəzarətin genişlənməsi ilə bağlı deyil. Mayın 18-də “Kommersant” qəzeti yazıb ki, minlərlə karantin rejimi pozucularının adları, pasport detalları internetdə dərc olunub.

Darbinyan deyib ki, hökumətin əlində toplanan informasiyanın qara bazara sızması riskləri böyükdür. “Şəxsi datanın qiyməti çox böyükdür”, – o vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.