“Heyvan saxlamayanlar da it-pişik alıb, karantin günlərində gəzdirməyə çıxacaqlar” – Karantindən “qaçış” yolu

12-06-2020, 08:14           
“Heyvan saxlamayanlar da it-pişik alıb, karantin günlərində gəzdirməyə çıxacaqlar” – Karantindən “qaçış” yolu
14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək bir sıra şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejimində vətəndaşlara ev heyvanlarını gəzdirmək üçün icazə verilib. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov iti gün ərzində gəzdirməyin zəruri olduğunu və vətəndaşların bu icazədən sui-istifadə etmədən, qısa müddət ərzində itlərini gəzdirə biləcəklərini deyib. Eyni zamanda, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov da vətəndaşların itini zəruri halda evdən çıxara biləcəyini və sərt karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarın icrası ilə bağlı bütün lazımı tədbirləri görəcəklərini söyləyib.

Buna baxmayaraq, ev heyvanlarını gəzdirməklə bağlı icazə cəmiyyətdə birmənalı qarşılanmadı. İcazə xəbərindən sonra sosial media hesabından it almaq, itlərindən birini satmaq, istəyən olsa, pul qarşılığında müvəqqəti kiməsə verə biləcəyi ilə bağlı yarı ciddi-yarı zarafat fikirlər yayılmağa başladı.

AYNA bununla bağlı sosial şəbəkə istifadəçilərinə “Sərt karantin günlərində ev heyvanlarının gəzdirilməsinə icazəyə münasibətiniz necədir? Sizcə, budəfəki sərt karantin günlərinin mənzərəsi necə olacaq?” sualını ünvanlayıb. Beləliklə:

Tərxan Paşazadə: “Mən o qədər də itsevər deyiləm. Amma itsevərlər üçün imkanım olsaydı, "Rent a Dog" xidmətini təşkil edərdim”.

Gülşən Şərif: “Qərarı dəstəkləyirəm. Çünki ev heyvanlarının da təbii ehtiyacları olur. Ev heyvanını həyətində saxlayan üçün bu vəziyyət o qədər problemli olmur. Amma bina evində yaşayanlar üçün daha çətindir. Eyni zamanda, ev heyvanı, xüsusən də it, pişik gün ərzində bir neçə saat açıq havada gəzdirilməlidir ki, hərəkətsizlik sağlamlıqlarına ziyan vurmasın. Düşünürəm ki, sərt karantin dönəmində ev heyvanları ilə bağlı verilən qərar heyvansevərləri sevindirdiyi kimi, əksər insanlarda heyvanlara qarşı sevgi də yaradacaq. Əslində, heyvansevərlərin çox olması müsbət haldır. Çünki heyvana sevgisi olan insanlarda mərhəmət hissi yüksək olur. İnsanlığın ölməməsi üçün bu hissə ehtiyac var. Həm də əsəb və stresin pik səviyyədə olduğu indiki zamanda heyvan saxlamaq mənəvi rahatlıq yaşadır. Ümumilikdə, sərt karantin rejiminin tərəfdarı deyiləm. Çünki virusa qarşı vaksin tapılmayana qədər qadağalarla yaşamaq psixoloji cəhətdən insanı çökdürür. Həkim ekspertlərin dediyinə görə, virusla eyni cəmiyyətdə yaşamağa məcburuq və vəziyyətə adaptasiya olunmalıyıq. Bu halda sərt karantinin effektiv olacağını düşünmürəm. Tam əksinə insanlar daha əsəbi olublar”.

Bənövşə Əsgərova: “Bu qədər sərt qadağalardan sonra, bu qərarı eşidəndə bir az gülməli gəldi. Nəzərə alaq ki, yoluxma və ölüm sayı artmaqdadır”.

Gülər Seymurqızı: “Məncə, heyvansevərlər üçün əlverişli qərardır. Yəqin ki, küçədəki sahibsiz heyvanları tutub gəzdirmək adı ilə evdən çıxanlar da olacaq. Belə olsa, küçədə sahibsiz heyvan qalmaz. Ehtimal var ki, budəfəki cəza tədbirlərindən sonra insanlar çölə çıxmasın”.

Nigar Əlfəcin: “Ətrafımda çox gənc var. Koronavirus qalıb bir kənarda, artıq mənəvi çöküş yaşayırıq. Uzun müddətdir, gün ərzində düz-əməlli Günəş işığı ala bilmirik. Yollar bağlıdır, həftəsonu da sərt karantin rejiminə görə istirahət günümüzü evdə keçirmək məcburiyyətində qalırıq. Heyvanlar da canlıdır, biz insanlar sıxıldığımız, depressiya keçirdiyimiz kimi onlar üçün də bu vəziyyət çətinlik yaradıb. Bu baxımdan icazəni müsbət qiymətləndirirəm”.

Kənan Novruzov: “Mən ev heyvanı saxlamıram, bundan sonra da saxlamaq fikrim yoxdur. Çünki bu, mənə görə çox əziyyətli işdir. Heyvanalara qarşı aqressiv münaibətdə deyiləm, onların da təmiz havaya, qidaya ehtiyacı var. Humanizmlə yanaşdıqda qərarı müsbət qiymətləndirmək mümkündür. İt gəzdirməyə icazə it saxlayanların da evdən çıxması üçün icazə deməkdir. Bu qərardan sonra it saxlayanların sayının artması istisna deyil. Sosial izolyasiyanın əleyhinə deyiləm, hər halda verilən qərarlar da elə olmalıdır ki, insanlar özlərini idarə olunan obraz kimi hiss etməsinlər. Bir az sərbəstlik olmalıdır. Zor gücünə yox, şüurlu şəkildə inandırmaq lazımdır ki, küçəyə ehtiyac olmadıqda çıxmaq olmaz. Alternativ təqdim etmək laızmdır ki, aqressiya artmasın. Hiss olunur ki, artıq insanlar daha incik, tez əsəbiləşən olublar. Bu, belə davam etsə, insanların psixiologiysında öz mənfi təsirini daha çox göstərəcək”.

Xalid Əbdülbağıyev: “Əla qərardır. Bu gündən heyvan saxlamayanlar da it-pişik alıb karantin günlərində gəzdirməyə çıxacaqlar”.

Rasim Zeynal: “Düşünürəm ki, bunun üçün də icazə forması müəyyənləşsə, yaxşı olar. Əvvəlki kimi SMS-lə icazə alıb müəyyən vaxt ərzində çıxmağa icazə verilsə və güclü nəzarət olsa, yaxşıdır”.

Aycan Məmmədzadə: “Yaxşı qərardır. Düşünürəm, heyvansevərlərin sayı çoxalacaq”.

Əşrəf Fəxri Mehdiyev: “Qərara münasibətim müsbətdir. Bir şərtlə ki, heyvanların ağızlığının taxılmasına nəzarət olunsun”.

Razim Əhmədov: “İnsanlara qadağa olan bir şeyin heyvanalara da qadağa olunmasını düşünürəm. Onlar da canlıdır və heyvanların canı üçün təhlükə olacaq hər bir məqam sahibi tərəfindən diqqət mərkəzində saxlanılmalıdır. İnsanlar özləri qədər ev heyvanlarını da qorumağa borcludur”.


Ləman Nəbiyeva: "Mənim fikrimcə, hər insan öz ətrafında güvəndiyi ərazilərdə heyvanlarını gəzdirməlidir. Güvənli ərazi dedikdə öz həyətlərini nəzərdə tuturam. Əgər bu, mümkün deyilsə, məncə, etməsinlər. Çünki ev heyvanı tək başına gəzəcək deyil. Onun yanında sahibi də olmalıdır. Əgər insanların çölə çıxmalarını istəmirlərsə, bu qərar, məncə, bir az məntiqsizdir. Bunlardan əlavə, sadəcə insanların sağlamlığının yox, heyvanlarınkı da düşünülməlidir. Onlar bu qərarla heyvanların sağlamlığının qorunduğunu zənn edirlər. Amma dolayısı ilə düşünsək, bunun məntiqli qərar olmadığını başa düşərik".


Müəllif: Aləmdə Nəsib












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.