Kod adı dovşan və ya vəzifə səlahiyyətlərini həyata keçirən istənilən dövlət orqanı nümayəndəsinə qarşı kobudluq yolverilməzdir

12-06-2020, 08:39           
Kod adı dovşan  və ya vəzifə səlahiyyətlərini həyata keçirən istənilən dövlət orqanı nümayəndəsinə qarşı kobudluq yolverilməzdir
Kod adı dovşan
Vəzifə səlahiyyətlərini həyata keçirən istənilən dövlət orqanı nümayəndəsinə qarşı kobudluq yolverilməzdir. Birmənalı. Bu, ən azı insanı haqlı ikən haqsız duruma sala bilər. İki gündür qızğın müzakirəsi gedən Yasamal rayonundakı polis-vətəndaş gərginliyində olduğu kimi.
Hələ də dünyanın başına hansı məqsədlə hörüldüyü bəlli olmayan COVİD-19 corabı fonunda baş verən bu olayda çoxluq polisi günahlandırır. Sadə səbəbdən - davranışları professionallıqdan uzaq idi, işlətdiyi böyük güc ona qarşı qanunsuz davranışa yol verənlərin hərəkətinə adekvat deyildi.
Vəzifə səlahiyyətini həyata keçirən şəxsləri zibil yağışına tutmaq nə qədər qanunsuzdursa, onu yatağından yarıçılpaq durğuzub pilləkənlərdə sürümək, vətəndaşı “sən dovşansan, ərin də dovşandı” sözlərilə təhqir etmək, ağır xəstəliyi səbəbilə kimya terapiyası alan şəxsi yaxa-paça edib başına dönə-dönə qapazlar endirmək və ən anlaşılmazı.... bunu çəkib sosial şəbəkələrdə yaymaq birbaşa vəzifəsi asayişi qorumalı olan polisin yol verdiyi qanunsuzluqdur.
Çünki...
“Polis haqqında” Azərbaycan Respublikasını Qanununun V maddəsinin II bəndinə görə, polisin hər hansı şəxslə insan ləyaqətini alçaldan formada rəftar etməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsin şərəf və ləyaqətinin alçaldılmasına əsas vermir. Biz hüquq dövləti yaradırıqsa, məsələyə yalnız və yalnız bu kontekstdən qiymət verilməlidir.
Ortalığı götürən toz-duman fonunda bir məsələ qaranlıq qalır. Polis özünə qarşı niyə kompramat yaradır? Niyə əməliyyat vətəndaşların təqdir etdiyi DTX-nın əməliyyatlarında olduğu kimi ictimaiyyətə səssiz kadrlar kimi deyil, ağır sözlərin aydın eşidildiyi və polisin qanunları tapdaq-tapdaq etdiyini sübut edən görüntü şəklində ötürülür? DİN-ə qarşı kütləvi aqressiyanın yaranmasına xidmət edən bu “zibil əməliyyat”ın ideya müəllifi gerçəkdənmi DİN özüdür? Prezident İlham Əliyev dəfələrlə çıxışlarında sosial şəbəkələrdə gedən müzakirələrdən xəbərdar olduğunu bildirib. Demək, bundan da xəbər tutacaq. Əməliyyat senarisini bu şəkildə yazanlar hansı səbəbdən DİN-i eyni zamanda həm vətəndaşın, həm dövlət başçısının hədəfinə çıxarırlar? Belə təəssürat yaratmaq istəyirlər ki, dövlət 2 gün polisin ümidinə qalanda ortaya belə eybəcər mənzərə çıxır?
COVİD-19 Azərbaycanda da həyatın normal axışını pozandan sonra daxili işlər orqanlarının üzərinə ciddi yük düşüb. İnsafən, indiyə qədər cəmiyyət DİN-in fəaliyyətini bəyənir, yeri gələndə müsbət məqamları ictimailəşdirirdi. Bugünə qədər damda kabab çəkən, domino oynayan, avtomobillərin yük yerində şəhər dəyişmək istəyən, bütünlükdə NK-nın qəbul etdiyi istənilən qaydanı pozan şəxslərə qarşı qanunun tələb etdiyi qaydada addımlar atan daxili işlər orqanları əməkdaşlarına kim güldən ağır söz deyib? Ona görə bu gərginliyin süni yaradılması, cəmiyyətdə qarşıdurmanın artırılması məqsədi daşıdığı versiyası da istisna edilməməlidir.
Məsələyə hüququn hansı qiyməti verəcəyindən asılı olmayaraq arzuolunmaz olay yaşandı. Vətəndaş dövlətdən ölçüsüz güc gördü, bir nəfərin qeyri-professional hərəkətinə görə yüzlərlə insan az qala anti-terror əməliyyatı kimi mütəşəkkil bir polis hücumunun şahidi oldu, minlərlə insanın əsəbləri gərildi, nəticədə hökumətə etimad bir az da sarsıldı.
Gərək idimi? Məğər polis başına zibil atan vətəndaşları tapıb bölməyə dəvət etsəydi, onların getməmək şansı vardı? Çağır, istintaqını apar, qanuni cəsasını ver, efirlərdə ütülü mətnlərlə təbliğatını qur, göstər ki, qanuni tələbə əməl etməməyin axırı necə olur. Yoxsa, “sən də dovşansan, ərin də”?...
Heç şübhəsiz baş verənlər cəmiyyətin depressiv durumunu bir az da artıracaq, yayın bu gəzməli çağında evlərə pərçimlənən insanların əsəbləri lap gəriləcək. Ona görə hökumət “zibil atmaq olmaz” kimi absurd qərarlarına yenidən baxmalıdır. Zibil atandan sonra “bir siqaret də çəkim” deyənlərə 100 manat, qaydanı ikinci dəfə pozanlara qarşı 200 manat cərimə tətbiq etmək, 3 gün içərisində cərimə ödəməyənləri 15 gün inzibati qaydada cəzalandırmaq da çıxış yollarından biri ola bilər. Görün onda biz pandemiyadan çıxana qədər kimsə qadağa edilən zamanda kimsə burnunu bayıra çıxara bilir?
Aygün Muradxanlı
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.